Çirkli adam

23 Noyabr 2019 14:00 Köşə 2 012
Çirkli adam

Adam rəsmən başını itirib. 12 ildir tanıyram, hələ belə narahat, nigaran, hiddətli, qəzəbli görməmişdim. Saman çöpündən yapışana oxşayır indi.
Çox qəzəblidir. Təlaş içindədir. Çırpınır, vurnuxur. Sanki nələrdənsə duyuq düşüb, həmişəki soyuqqanlığından əsər-əlamət qalmayıb. Altıncı hissinin ona nə deyib-demədiyini bilmirəm, hiss edirəm ki, "qoltuğunu" itirmək qorxusu yuxusunu ərşə çəkib.

Elxan Məmmədov hər dəfə danışan deyil. Fəqət bu gün danışır və danışdıqca, üz-gözünü bulaşdırır, ətraf dünyanın nifrətini qazanır.
Ondan, fəaliyyətindən narazı qalmayanmı var? Ağlı başında olan, futbolumuzun rəzil mənzərəsini müşahidə edən kim varsa, hamısı bir ağızdan deyir, düşünür və əmindir ki, günahkar AFFA-nın baş katibidir.

Tənqidi yaratmırlar, Elxan Məmmədov! Tənqidə əsası siz verirsiz, bildiz? Bunu çox yaxşı bilirsiz, əslində. İzah etməyə gərək yox. Sadəcə, üzünə üz tutmusuz indi, qırmızı-qırmızı danışmağa, yalanlar uydurmağa məcbursuz. Ölkəni, dövləti aldatmaqla vəzifənizi qorumaq istəyirsiz. Və bu hiss sizdə o qədər güclüdür ki.. Dəhşət yəni!

Görün, nə deyir:
“AFFA-dan narazılıqlar aydındır. Bir qrup insanlardan - adi azarkeşlərdən narazılıq gəlir. Əvvəlki illərdə mən də sıravi azarkeş kimi nəticə tələb edirdim. Lakin düzgün tənqid edən, düzgün yazan peşəkar jurnalistlər var. Peşəkar veteranların, keçmiş futbolçuların da narazılıqlarını anlayırıq, sağlam tənqidi qəbul edirik. Tənqidlər, hətta təhqirlər də var. Bunu kimlər yaradır? Dırnaqarası jurnalistlər, dırnaqarası peşəkarlar, futbolun yanında olan bəzi insanlar. Mən, AFFA rəhbərliyi, bəzi əməkdaşlarımız kimlərisə qane etmir. Çünki bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur. Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm. Bu, gülməli iddiadır”.

Hansı çirkin işlərdən danışır, bilmək olmur. Özü boğazadək çirkaba bulaşmış Elxan Məmmədov "qara məni basınca, qoy, qaranı mən basım" həmləsi edir və son nəfəsdə də ayaqda qalmağa can atır. Futbolun anasını ağladan, axırına çıxan, bu sektoru "dədə malı" hesab edən AFFA-nın baş katibi başa düşmür, yaxud başa düşmək istəmir ki, Azərbaycan nəvaxtsa dünya və Avropa çempionatına vəsiqə qazana bilər. Buna tək maneə onun özü, yaratmaz idarəçiliyi və sərişətsiz kadrlarıdır.

Millilər, klub futbolu, ölkə reytinqi, uşaq futbolu - bütün sahələr üzrə geriləmə sürətli hal alıb. Problemləri sadalamağa vaxt çatmaz. Hara baxırsan, narazılıq eşidirsən, şikayət dinləyirsən, haqsızlıq görürsən. Elxan Məmmədov, dövlət futbola daha hansı dəstəyi verməli, köməyi etməlidir ki, biz də sizin hanıssa uğurlu fəaliyyətini görək? Dövlət son 11 ildə top oyununa bəlkə də 1 milyard manatdan çox vəsait ayırıb, heç olmasa, 1/100-i qədər qarşılıq vermirsizmi? Baş katib olduğunuz illər ərzində 20-dan çox klub dağılıb, neçə-neçə rayon futbolsuz qalıb, akademiyalar bağlanıb - budur, təmiz işiniz? Hansı layihəniz uğur gətirib? Heç biri. Əvəzində milyonlarla manat vəsait küçələrə səpələnib. Ağzınızı mikrafona dirəyib, naməlum istiqamətə daş atırsz, "çirkli işlərin qarşısını alırıq" deyirsiz. 12 ildir AFFA-nı almısız ələ, bir doğru-dürüst, futbolu irəli aparan çalışmanızı qoyun ortaya - varmı eləsi?

Çox "peşəkar, peşəkar" deyirsiz. Bəli, mən sizi peşəkar sayıram. İnsanların gözünün içinə baxa-baxa yalan uyütməkdə, kül üfürməkdə, sudan quru çıxmaqda, səhvlərinizi başqalarının üstünə atmaqda, əlqərəz, belə-belə işlərdə sizin tay-bərabəriniz yoxdur. Qaldı ki "peşəkar" adlandırdığınız jurnalistlərə, Slovakiyada verdiyiniz "müsahibə" sərsəmləmənin son həddidir! Normal jurnalist sizə o cür suallar verməz, verə bilməz. Həmin şəxs kimdisə, yüz faiz başqa peşə sahibidir. Məsələn, ən qədim peşənin. Sizə belələri lazımdır. Daha doğrusunu siz bilərsiz. Axı, elələri ilə çox oturub-durursuz və getdikcə onlara oxşamağa, onların yolunu getməyə başlamısız.

İlkin Vaqifoğlu

Xəbər Lenti