Vanesyanda olan abır bunlarda olsaydı...

22 Noyabr 2019 15:09 Köşə 1 137
Vanesyanda olan abır bunlarda olsaydı...

Ermənistan yığması Avro-2020-nin seçmə mərhələsində 10 xal topladı. Azərbaycan yığmasının topladığından düz 10 dəfə çox.

Amma Ermənistan Futbol Federasiyasının rəhbəri Artur Vanesyan seçmə mərhələ başa çatan kimi istefa verdi. Nöşün ki, Ermənistan yığması səfərdə İtaliyaya 1:9 hesabı ilə məğlub olmuşdu.

Vanesyan istefa qərarını belə şərh edib: “Kimsə bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürməli idi. İstefa verdim və İcraiyyə Komitəsi də bunu qəbul etdi”.

Erməni olanda nə olar, abırı, həyası və şərəfi olan adama xas addım atıb Vanesyan. Və bu addımı ilə “mən öz xalqıma hörmət edirəm, həm də özümə hörmət edirəm” deyib.

Azərbaycan yığması tarixinin ən böyük biabırçılığını yaşayıb. AFFA prezidenti Rövnəq Abdullayev yoxdur, ilim-ilim itib. Onu sonuncu dəfə “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazananda görüblər. Çıxıb demişdi ki, (ya da AFFA-nın mətbuat xidmətinin rəhbəri onun adından yazmışdı) bu, bizim uğurumuzdur.

Yığmanın biabırçılığından sonra tapa bilmirlər Rövnəq müəllimi. AFFA-nın mətbuat xidmətinin rəhbəri də onun adından yazmağa söz tapa bilmir. AFFA-nın baş katibi Elxan Məmmədov isə danışıb. Amma Vanesyan kimi yox. Qırmızı-qırmızı danışıb, özünü təzyiqə məruz qalmış dissident kimi qələmə verib, ictimaiyyəti, mətbuatı ittiham edib.

O erməni, bunlar da bizimkilər. Erməni özünə və xalqına hörmət etdiyini istefası ilə sübut edib. Bu da xalqa nifrət etdiklərini bəlli edib açıqlaması ilə.

Kaş Vanesyanda olan abır, həya, şərəf və özünəhörmət hissindən bir çimdik də bunlarda olaydı. Onda Azərbaycanda da futbol olardı. Mütləq olardı.

Natiq Muxtarlı

Xəbər Lenti