KUBOK GECƏSİ: Yarımfinal yolunda möcüzəni hansı oyundan gözləyək?

20 Dekabr 2016 12:00 Köşə 746
KUBOK GECƏSİ: Yarımfinal yolunda möcüzəni hansı oyundan gözləyək?

Ölkə futbolunda ilin son nöqtəsini ölkə kuboku uğrunda klubların mübarizəsinin 1/4 final oyunları qoyacaq. Bugünlərdə dünyasını dəyişmiş müstəqil Azərbaycan futbolunun ilk beynəlxalq dərəcəli hakimlərindən olmuş Xalid Ağayevin xatirəsinin bir dəqiqəlik sükutla anıldığı görüşlərdən ən qəribəsi çempionluğa iddialı "Qəbələ"nin matçında baş verdi.

"Zaqatala"nı penaltilər seriyası ilə keçən şimallılar bu dəfə az qala elitanın autsayderi ilə oyunda büdrəyəcəkdi. Lakin AZAL-la çempionat oyunundan fərqli olaraq, bu dəfə hər şey sakit axarla başa çatdı. Cavab görüşləri ərəfəsində möcüzəni də bu oyunda gözləyirik. Çünki ölkə çempionatında ilk qələbəsini qazanmış AZAL, yəqin ki, fasiləyə bir az yüksək ovqatla getməyə çalışacaq.

Əvəzində "Neftçi" mövsümə liderlərin libasında başlaya bilməyən və iddiasının kölgəsində qalmış "Zirə"ni mat etdi. Bu oyunlarda "İnter"in hətta yaralı vəziyyətdə belə "Kəpəz"dən üstün olmasını nümayiş etdirməsi də kuboekun bu mərhələsinin qəribəlikləri sırasında yer ala bilər. Çünki mövsümdə uğursuzluqları bir-birinə calayan "Kəpəz", əslində elə "Zirə"nin özü də kuboku bir şans kimi dəyərləndirməlidir. Lakin hər iki klub yaradıcı oyundan çox uzaqdı.

"Kəpəz" heç vəchlə standartlaşdırdığı tərzdən kənara çıxa bilmir. Bunun üçün gəncəlilərin son cəhdi doğma cavab görüşündə ola bilər. Axı, komandanın fasilədə böyük dəyişikliklərə də əl atması real görünmür. "Zirə" isə yenə "Neftçi"nin adının kölgəsində qaldığını zənn edərək, özünü yandırdı. Bu dəfə komandanın xilası üçün cavab görüşündə mini-möcüzə yaşanmalıdır. Ona görə "mini" deyirik ki, indiki vəziyyətində "Neftçi"dən dhər cür oyun gözləməyə dəyər.

“Qarabağ” Azərbaycan kubokundakı qələbə seriyasını 9-a çatdırıb. 1/4 finalın ilk oyununda “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri 2 ilə yaxındı bütün kubok görüşlərindən qalib ayrılır. 2014/15 mövsümünün yarımfinal mərhələsinin cavab oyununda “Simurq”la qolsuz heç-heçə edən “Qarabağ” o vaxtdan rəqiblərinə rəhm etmir. Həmin il finalda “Neftçi”ni 3:1 hesabı ilə yenən əyalət klubu ötən mövsüm daha 6 qələbəni sıralayıb.

Cari mövsümdə “Sumqayıt”dan öncə “Səbail”i 5 qola qonaq edən ağdamlılar seriyasını 9-a çatdırıb. Bununla da “Qarabağ” ölkə kuboku tarixində 2-ci göstəriciyə şərik olub. “Ağ-göylər”ədək “Neftçi” də eyni nailiyyətə imza atıb. “Ağ-qaralar” kimi 9 oyunluq qələbə seriyasına imza atan Qurbanovun yetirmələri Sumqayıtdakı cavab matçında bu nəticəni də arxada qoya bilər.

“Sumqayıt” isə yeni antirekorda imza atıb. “Gənclik şəhəri” təmsilçisi Azərbaycan kuboku tarixində özünün ən ağır məğlubiyyətini alıb. Qapısından 6 cavabsız top buraxan sumqayıtlılar indiyədək bu yarışda belə biabır olmamışdı. Komandanın kubokdakı ən ağır məğlubiyyəti 3 top fərqi ilə qeydə alınmışdı. İki dəfə bu nəticəyə üzülən “Sumqayıt” həmin antirekordların cəmi – 6 top fərqilə darmadağına məruz qalıb. Komandanın bunaqədərki ən ağır məğlubiyyətləri də “Qarabağ”la görüşlərə təsadüf etmişdi. 2011/12 mövsümündə 0:3, 2015/16-da isə 1:4 hesabına məyus olan sumqayıtlılar indi həmin yenilgilərə şükür edəcək vəziyyətlə üzləşib.

Sabah yarımfinalçılar bəlli olacaq. İlk yarımfinalçı “Kəpəz” – “İnter” matçında bəlli olacaq. Ardınca “Qarabağ”la “Sumqayıt”ın duelinin qalibi müəyyənləşəcək. “CBC Sport” televiziya kanalı ilə canlı yayımlanan AZAL – “Qəbələ” görüşdə 3-cü yarımfinalçının adına aydınlıq gələcək. 2016-cı ilin son matçı isə “Neftçi” və “Zirə” arasında olacaq.

13:00. “Kəpəz” – “İnter”
Gəncə şəhər stadionu

15:00. “Sumqayıt” – “Qarabağ”
Sumqayıt. Şəhər stadionu

16:00. AZAL – “Qəbələ”
“AZAL Arena”

17:00. “Neftçi” – “Zirə”
8-ci km qəsəbə stadionu

Ölkə futbolunun aqibəti üçün bu çox vacib məqamdı. Çünki bununla faktiki olaraq avrokuboklar uğrunda yarışın da taleyi həllini tapacaq. Əvvəllər bu görüşlər mart ayında başlayırdı. Buna görə də yarışın sirri-sehri qorunurdu. Bu dəfə isə baltanı lap dibindən vuraraq, bütün intriqa yaxınlarda tam söndürüləcək. Bəlkə bu qitəmiqyaslı yarışlarda yer alacağını indidən müəyyən edən komandalar üçün müsbət məqam da oldu. Axı, onlar bundan istifadə edərək, qış fasiləsində heyətini gücləndirə bilərlər.

1/4 final
a. “Zirə” (Bakı) – “Neftçi” (Bakı) 0:3 (Conas Pesalli, 44, 58-pen., 63-pen.).
b. “Qarabağ” (Ağdam) – “Sumqayıt” 6:0 (Riçard Almeyda, 25-pen., Dino Ndlovu, 34-pen., Coşqun Diniyev, 40, Mahir Mədətov, 64, 78, Namiq Ələsgərov, 67).
c. “İnter” (Bakı) – “Kəpəz” (Gəncə) 2:0 (Rauf Əliyev, 58, Nizami Hacıyev, 61).
d. “Qəbələ” – AZAL (Bakı) 2:1 (Filip Ozobiç, 61, Ruslan Qurbanov, 74//Mirzağa Hüseynpur, 37).

1/2 final
30 mart/5 aprel 2017-ci il
I. Qalib–a – Qalib–b
II. Qalib–c – Qalib–d

Final
5 may 2017-ci il

BATI YAR

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer