Baş, yoxsa BOŞ katib?

20 Noyabr 2019 21:35 Köşə 1 461
Baş, yoxsa BOŞ katib?

Bayaqdan bu müsahibə-brifinqi azı 10 dəfə oxumuşam və yenə oxumaq istəyirəm. İnana bilmirəm, dəhşət məni bürüyür, tüklərim biz-biz olur. Ki, doğrudanmı, həmin sözləri işlədən zat Elxan Məmmədovdur.

Ondan nə desən çıxardı, daha bu qədəri yox… Açığı, yenə təəccübləndirdi. Gör, abır-həya adamdan nə qədər uzaq getməlidir ki, ünvanına yönələn tənqidləri təhqir adlandırasan, hətta inciyəsən, "xətrimizə dəyirlər" deyəsən!

Milli antirekordunu təkrarlayıb, Avropa çempionatının seçmə mərhələsini 1 xalla başa vurub. Azərbaycan futbolunu 24 il geriyə atdığınız üçün sizə "sağ ol" deməliyik, Elxan Məmmədov? Bəlkə təşəkkürnamə-zad almaq keçimr könlünüzdən, deyin, bilək.

Dövlətin futbola göstərdiyi bu qədər diqqətin, qayğının qarşılığında nələr etmək olmazdı ki? Siz nə etdiz bəs? Dövlət ötən illər ərzində bu sahəyə yüz milyonlarla vəsait ayırıb, futbolun inkişafına hər cür şərait yaradıb - qarşılığında vur-tut 1 xal?

Baş katib bu bərbad göstəriciyə görə utanc hissi keçirmir. Çün görürəm, bu hiss ona tamamilə yaddır. Demə, ortababların olduğu qrupda 1 xal toplamaq hörmətli zata - Elxan Məmmədova müsbət nəticə kimi görünür və hesab edir ki, mətbuat, ictimaiyyət gecə-gündüz şəninə nəğmələr bəstələməli, haqqında əfsanələr dolaşmalıdır.

Narahat olmayın, baş katib! Barənizdə kifayət qədər "əfsanələr" dolaşır və futbolla yaxından-uzaqdan maraqlanan hər kəs millinin düşdüyü bu biabırçı vəziyyətin günahını sizdən başqasında görmür. Siz Azərbaycan futbolunun keçmiş günahlarsız, indi çıxmısız qarşısına. Neyləyək, hərdən xətrinizə dəyməli oluruq, bizi bağışlayın. Siz ki Azərbaycanda futbolun "anasını ağlatmağı" qarşınıza məqsəd qoymusuz, bacarmadığınız işin qulpundan yapışmısız, biz də gərək həmişəki kimi sözün düzünü söyləyək. Bunu necə istəyirsizsə, elə də başa düşün.

Deyir ki, nəbadə Nikola Yurçeviçi qovasız, çünki təzəsini axtarmaq çox vaxt alacaq və növbəti seçmə mərhələyə yaxşı hazırlaşa bilməyəcəyik. Hansı çətin qrupdan danışırsız, Elxan Məmmədov? Uzağa getmirəm, cəmi 2 il əvvəl 10 xal topladığımız qrupa baxın: Almaniya Xorvatiyadan zəif idi, yoxsa Şimali İrlandiya Uelsden? Yoxsa, Çexiya Slovakiyadan? Yoxsa, Norveç Macarıstandan? Razıyam qrupumuzda, altıncı komanda - ən zəif reytinqli yox idi. Guya San Marino və ya Cəbəllütariqdən 6 xal alsaydıq belə (halbuki bu da böyük şübhə doğurur), nə olacaqdı ki? Fakt odur ki, "cırtanlar"ı kənara qoyanda bir təsadufi, hədiyyə xala nail olmuşuq.

Həqiqət adəti üzrə acı dadır. Siz 10 milyonluq xalqı futbola görə dünyaya biabır etməkdən utanmırsız, xəcalət keçirmirsiz, hələ bir inciyirsiz də? Nə əsasla? Bu 1 xal Azərbaycana təhqir deyil? Deməyindən çıxan nəticə budur ki, Azərbaycan xalqını təhqir etmək olar, onu isə yox. Bir də ki, kim sizi təhqir edib, Elxan Məmmədov? Sosial şəbəkələri nəzərdə tutursuz? Təəssüf, o indiyədək o qədər yalan danışmısız ki, artıq hafizəniz də korlanıb. Onda mən yadınıza salım: təqribən 1 il qabaq demişdiz ki, sosial şəbəkələrdə yazılan şərhlər, statuslar məni maraqlandırmır. Elə isə niyə indi əldən-ayaqdan gedirsiz,pis olursuz? Bir nəfər kordu, iki nəfər kordu - hamı kordur?

İlkin Vaqifoğlu

Xəbər Lenti