Niyə bu günə düşdük?

20 Noyabr 22:00 Köşə 718
Niyə bu günə düşdük?

Bu yazıya Azərbaycan milli komandasının hansı ağır vəziyyətə salınmasını real faktlarla əks etdirən ürəkağrıdıcı statistika ilə başlayıram. Dünən başa çatan Avro-2020-nin seçmə mərhələsində milli komandamız yığdığı xal sayına görə (1 xal) UEFA üzvü olan 55 ölkə arasında 53-cü, yəni ən pis nəticələrdən birini göstərib!

Hətta çeçələ barmağı boyda futbolu olmayan ölkələr – Lixtenşteyn, Lüksemburq, Farer adaları, Malta kimi komandalar belə bizdən çox xal yığıblar. İtaliyaya 1:9 hesablı məğlubiyyətə görə iki gündür lağ etdiyimiz düşmən Ermənistan belə bizdən 10 dəfə çox xal toplayıb. Seçmə mərhələni 8 xalla başa vuran Gürcüstanın isə Millətlər Liqası yolu ilə Avro-2020-nin final mərhələsinə düşmək şansı var.

Amma belə olmamalıydı. Ona görə olmamalıydı ki, futbolumuzun həmin Ermənistandan da, Gürcüstandan və ümumiyyətlə, bir çox ölkədən də irəlidə olması, uğurları üçün konkret addım atılmışdı. 2005-ci ilin əvvəllərində Azərbaycan dövləti bütün ölkə boyu futbolu, o cümlədən də milli komandaları inkişaf etdirmək məqsədi ilə ciddi iradə ortaya qoymuşdu. “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” adlı nəhəng bir sənəd qəbul olunmuşdu. Proqramın əhatə etdiyi 10 il müddətində isə dövlət necə lazımdırsa maddi və texniki dəstəyini vermişdi.

Amma başda AFFA olmaqla bu proqramın icraçıları futbolumuzu irəli aparmaq əvəzinə, geri qaytardılar. Ona görə də biz bu gün 24 il əvvəl, 1995-ci ildəki (Avro-96-nın seçmə mərhələsi) kimi 1 xal yığmaqla ən pis nəticəni təkrarladıq. O proqram ciddiyyətlə icra olunsaydı, icraçılar ciblərini yox, futbolu düşünsəydi, bunun hansı müsbət nəticələrə gətirib çıxaracağını təxmin etmək çətin deyil. Dövlət Proqramının bitdiyi 2015-ci ildən bu yana milli komandalarımızda neçə-neçə güclü gənc futbolçu oynayardı. Hansı ki, indi millimizi irəli aparardılar. Amma elələri demək olar, yoxdur...

Səbəb?

Bu məqamlara diqqət edin. Çünki futboldan, futbolun inkişafından danışanda dövlətin qəbul etdiyi bu mükəmməl proqrama, başqa sözlə, inkişafın anayasasına ümumiyyətlə, fikir verilmir. Bu isə birbaşa AFFA-nın maraqlarına uyğun gəlir.

Çünki Dövlət Proqramında federasiyanın qarşısında Azərbaycan futbolunun gələcəyini müəyyən edən, amma AFFA-nın tələb olunanın 10 faizi səviyyəsində icra etmədiyi strateji vəzifə qoyulub. Orada qeyd olunur ki, bütün ölkə boyu uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsi inkişaf etdirilməli, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəbləri, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzləri yaradılmalıdır. Bu, uşaq və gənclər futbolunun inkişafı baxımından mühüm bir bənddir. Amma təəccüblüdür ki, bu mərkəzlər, internat məktəbləri yaradılmayıb.

Elə isə bu məqsədlə dövlətin büdcəsindən ayrılan külli miqdarda vəsait hara və nəyə xərclənib? Başqa bir sual doğuran ciddi narahatedici məqam da var. AFFA Dövlət Proqramının qüvvədə olduğu müddətdə aşağı yaş qrupları üzrə mili komandalara Dağıstandan, Türkiyədən, Almaniyadan, Ukraynadan, Rusiyadan və sair. ölkələrdən onlarla legioner futbolçu gətirib. Özü də Azərbaycana heç bir qan bağlılığı olmayanları. Sonradan isə bu futbolçuların əksəriyyəti yararsız kadr olduqları üçün milli komandalara dəvət edilməyib. Onlar millidə olduqları müddətdə bəlkə də neçə-neçə yerli uşaqlarımızın karyerasına nə qədər zərbə dəyib. O yeniyetmə legionerlərin bizim futbolumuza da, büdcəmizə də ziyanı olacaqdısa, AFFA-nın belə anormal addımına nə zərurət olub? Nəhayət, o pullar niyə Azərbaycanın bölgələrində öz istedadlı uşaqlarımızın tapılıb üzə çıxarılmasına, akademiyaların tikintisinə sərf olunmayıb?

Dövlət proqramının son 7 ilini icra edən federasiyanın hazırkı rəhbərliyi futbolçu yetişməməsinə görə məsuliyyəti klubların üzərinə atır. Doğrudur, klubun məsuliyyət payı AFFA-dan az deyil. Amma hər bir klubun müstəqil siyasəti var. Uşaq futboluna necə baxmaq onların artıq mənəvi, vicdan, nəhayət, peşəkarlıq borcudur. Dövlət Proqramında isə AFFA-nın hüquqi məsuliyyəti var. Çünki təkcə uşaq futboluna görə ona azı on milyonlarla manat pul ayrılıb. Bəs hanı bu qədər pulun müqabilində AFFA-nın Azərbaycana bəxş etdiyi cəmi bir futbolçu? Varsa, Məmmədov bunu açıqlayacaq. Əgər təbii ki, tapa bilsə...

Allah Azərbaycan futboluna rəhmət eləsin!

Aydın Bağırov (qol.az)

Xəbər Lenti