Elxan Məmmədov necə “matah” olub?

20 Noyabr 2019 17:46 Köşə 1 639
Elxan Məmmədov necə “matah” olub?

Səyyad Aran “Futbol+”ə verdiyi müsahibədə belə demişdi : “Elxan Məmmədov kimdir, nə matahdır ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Bəli, çox maraqlı və həm də qəliz sualdır. Nöşün ki, bu sualın cavabı da bir o qədər qəliz olmalıdır. Elxan Məmmədov 12 ildir ki, Azərbaycan futboluna pərçim edilib. Sözün bütün mənalarında pərçim edilib. Bu adam futbol ictimaiyyətinə qətiyyən tanış deyildi. Onun haradan peyda olduğu, kimin vasitəsilə futbol təsərrüfatına gətirildiyi barədə müxtəlif versiyalar səslənib.

Futbola tamamilə yad olan bu adamın futbol savadı barədə də əfsanələr dolaşıb zaman-zaman. Deyilənlərə görə, Elxan Məmmədov futbola yenicə pərçim edilən vaxt oyunun 90 dəqiqə - 2 hissədən ibarət olduğunu da bilmirmiş. İşə təzə başlayanda hansısa qarşılaşmanın ilk hissəsindən sonra yanındakılara “evə getmirik?” sualını verib. Ustufca başa salıblar ki, hələ ikinci hissə də var.

Hə, bəs necə oldu ki, futbolu bu cür “bilən” birisi futbol təsərrüfatında hamını barmağına doladı, “matah” oldu? Bu sirri çözmək qəlizdir. Amma təklif edirəm ki, onun keçdiyi məktəbə nəzər salaq.

Elxan Məmmədovun atası Səlhab Məmmədov rəssamdır. Azərbaycanın Xalq rəssamı adını alıb, “Şöhrət” ordeni ilə təltif edilib.
Ancaq rəssamlar arasında Səlhab Məmmədovu “şəkilçəkən” adlandırırlar. Yəni onu rəssam hesab etmirlər. Hətta ortabab rəssamlıq istedadının olmadığını bildirilər. Amma nə sirdirsə, təpədən-dırnağa qədər istedadlı olan rəssamların almadığı titulları Səlhab Məmmədov alıb. Özü də çox asanlıqla, hamıdan əvvəl. Rəssamlar arasında bu adam haqqında o qədər söz-söhbət eşitmək olar ki... Futbol təsərrüfatına bələd olanlar bu söz-söhbəti eşidən kimi, dərhal Elxan Məmmədovu xatırlamalıdır. Eyni yanaşma tərzi, eyni davranış. Xalqa, ictimaiyyətə, işlədiyi təsərrüfatdakı mütəxəssislərə qarşı.

Azərbaycanın məşhur rəssamlarından birinə belə bir sual verdim: “Səlhab Məmmədov necə rəssamdır?”

Görünür futbolla maraqlanırdı ki, mənə belə cavab verdi: “Elxan Məmmədov necə baş katibdirsə, elə”.

Necə deyərlər, Səlhab Məmmədov – adi bir şəkilçəkən, rəssamlar arasında necə “matah” olubsa, Elxan Məmmədov – adi bir marketoloq da futbol təsərrüfatında eləcə “matah” olub? Bax, Elxan Məmmədovun necə “matah” olmasının bir sirrini də bu bağlılıqda-əlaqədə axtarmaq lazım.

Natiq Muxtarlı

Xəbər Lenti