Kimdir o alçaq?

18 Noyabr 2019 16:41 Köşə 1 950
Kimdir o alçaq?

Böyük ehtimalla, Slovakiyaya da məğlub olacağıq. Və yığmamız 1 xalla qrup sonuncusu olacaq.

Son dəfə belə göstərici, gərək ki, 24 il əvvəl, 1994/1995-ci il mövsümündə, AVRO-96-nın seçmə mərhələsində qeydə alınıb. Özü də yığmamız həmin vaxt ev oyunlarını Trabzonda keçirirdi.

24 ildən sonra eyni nəticə. Ya da eyni biabırçılıq. Buna “sıfırdan başlamaq” variantı da demək olar. Yaxşı taktikadır. Görürsən ki, heç nə alınmır, yığmanın nəticəsini ən aşağı həddə qədər endirirsən. Sonra isə başlayırsan yavaş-yavaş “artırmağa”. “Artırdıqca”da, “ bax, inkişaf var” deyirsən.

Etiraf edək ki, yığmanın göstəricisini “sıfır həddinə” salmaq o qədər də asan iş deyil. Bunun üçün böyük “bacarıq” lazımdır. Dəhşətli dərəcədə “istedadlı dələduz” olmalısan ki, bu alçaqlığa enə biləsən.

Əsas yığma qalsın bir tərəfə, Yunanıstana biabırçı hesabla (1:6) məğlub olan Azərbaycanın 17 yaşlı futbolçuları Rövnəq Abdullayevin dəstəsi AFFA-nı ələ keçirəndə cəmisi 6 yaşda idilər. Bəs bu zalım uşaqları bu müddətdə nə işlə məşğul olublar?

Gəncə futbolunun ağsaqqalı Mehman Allahverdiyev də kiməsə möhkəm qəzəblənib. Yerli mütəxəssislərdən biri deyib ki, Yurçeviçə vaxt vermək lazımdır. Mehman müəllim də deyib ki, ay alçaq, bəs yığmanın baş məşqçisi Qurban Qurbanov olanda niyə demirdin bu sözləri?

Mehman müəllimin “alçaq” adlandırdığı o yerli “mütəxəssis”in kim olduğunu bilmirəm. Amma onu bilirəm ki, futbolumuzda yeganə alçaq o deyil.

Yığmanı “sıfır həddinə” çatdıran hansı alçaqdır, Mehman müəllim? Milyonlarla manat vəsaitin başına daş salıb, oynatmağa hətta 17 yaşlı futbolçu da tapa bilməyən kimdir? Kimdir o alçaq, Mehman müəllim?

Lixtenşteynin 21 yaşlılardan ibarət həvəskarlarına qalib gəlməklə təsəlli tapan, əvəzində klubları meydana 21 yaşlı futbolçu buraxmağa vadar edən alçaq kimdir, Mehman müəllim? Birdir, ikidir, üçdür? Çoxdurlar ey, lap çox.

Natiq Muxtarlı

Xəbər Lenti