Oqtay Abdullayev, Pantiçə cavab ver!

12 Noyabr 2019 16:43 Köşə 1 205
Oqtay Abdullayev, Pantiçə cavab ver!

"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç vardı ey, xatırlayırsınız? Cəmi bir mövsüm işlədi Azərbaycanda və əli ətəyindən uzun getdi buradan.

Amma belə görünür ki, Pantiç “Bakı”da uğursuz olsa da, Azərbaycan çempionatını hələ də izləyir. Serb mütəxəssis Azərbaycan çempionatını belə xarakterizə edib: "Orada çempionatın səviyyəsi çox aşağıdır. Mən o vaxt işləyəndə yüksək liqada 10 komanda var idi. İndi isə cəmi 8 klub qalıb ki, bu da çox azdır. O dövrdə güclü legionerlər oynayırdı, indi demək olar, heç biri qalmayıb. Həm də çempionatda rəqabət yoxdur. "Qarabağ" digərlərindən bir neçə dəfə güclüdür. Mövsümün əvvəlində artıq inamla demək olur ki, "Qarabağ" çempion olacaq. Rəqabət olmayanda inkişaf da getmir. Hətta "Neftçi" belə, liderin qarşısını ala bilmir".

İnsafən, Pantiç Azərbaycan çempionatını əsl peşəkar mütəxəssis kimi xarakterizə edib ki, belə xarakteristikanı, məsələn, Məşqçilər Komitəsində oturan yerli mütəxəssislər heç vaxt edə bilməzlər. Heç Oqtay Abdullayev, onun veteranları da bunu bacarmazlar.

Amma bu adamlar mütləq Pantiçə cavab verməlidirlər. Çünki bu serb onların Rövnəq Abdullayevinin, Elxan Məmmədovunun "bostanına daş atıb". Məşqçilər Komitəsində təmsil olunanlar, Oqtay Abdullayevin veteranlar yığnağına toplaşanlar nəyi də bacarmasalar, AFFA prezidentini, baş katibi cani-dildən müdafiə etməyə həmişə hazırdırlar axı. Pantiçə mütləq cavab verilməlidir. Yoxsa Rövnəq Abdullayevin atalıq, Elxan Məmmədovun qardaşlıq qayğısına kölgə düşər.

Cavab verib nə desinlər? Məsələn, Oqtay Abdullayev veteranlar yığnağında olan, yaxşı yaltaqlanmağı bacaran 2-3 üzvünə göstəriş verir, onlar da Elxan Məmmədovun 500 manatlıq zurnalistlərinə belə deyirlər: “Pantiç Azərbaycanın çörəyini yeyib. Burda xeyli pul aldı, amma “Bakı”da uğur qazana bilmədi. Komandanı pis günə qoydu. Ayıb olsun ona, çörək yediyi qaba tüpürür. Alə, get hoppan ey, serbin biri serb. Yəqin ki, ağzında şirə qalıb, yenə də Azərbaycana qayıtmaq istəyir. Day xeyri yoxdur, indi özümüz qəpik-quruşu tapmaq üçün yaltaqlanmaqdan min dəfə qabıq dəyişirik”.

Elxan Məmmədovun 500 manatlıq zurnalistləri də serbə cavab verməlidirlər. Özü də rus dilində. Nöşün ki, Pantiç AFFA-nın bostanına daşı Rusiya mətbuatında atıb.

Bəs nə, bu, Elxan Məmmədovun göstərişi ilə “Qarabağ”ı “vurmaq” deyil ey. O iş üçün 50 manatlıqdır onlar. Baş katib 50 manat da versə, hərəsi əlinə bir kəsək götürüb “Qarabağ”a tərəf atacaq. “Qəhrəmanlıq” burada göstərilməlidir. Göstərilməlidir ki, 500 manatlıq olmağa layiqdirlər. Oqtay Abdullayev də sübut etməlidir ki, ildə veteranlar yığnağı üçün 250 min manatı havayı almır, təkcə kəllə qəndlə çay vermir, lazım gəlsə, serbə də cavab verir. Ey, Oqtay Abdullayev, serbə cavab ver, 500 manatlıq zurnalistlər də hazırdır, səni gözləyirlər.

Natiq Muxtarlı

Xəbər Lenti