"Neftçi"nin dəyərini ayaqlar altına atanlar

11 Noyabr 2019 18:27 Köşə 1 235
"Neftçi"nin dəyərini ayaqlar altına atanlar

"Neftçi" Premyer Liqanın 11-ci turunu məğlub başa vurdu. Ardıcıl 4 qələbə və "Qarabağ"la heç-heçədən sonra yaxaları "Keşlə"nin əlində qaldı.

Mənim üçün bu, qeyri-adi hadisə olmadı. Roberto Bordinlə rəhbərlik arasında "münaqişə ocağı" nə vaxt birdəfəlik sön(dürül)əcək, onda da "Neftçi" rahat nəfəs alacaq, bu kimi "sürpriz"lərlə tez-tez üzləşməyəcək.

Daha bir xoşagəlməz hadisə 61-ci dəqiqədə yaşanandır. Rəhman Hacıyev əvəzlənərkən baş məşqçinin qərarına etiraz etdi. 26 yaşlı yarımmüdafiəçi meydandan o yana ayaq basan kimi formasını əynindən çıxararaq əsəbi şəkildə yerə çırpdı.

Türklər demiş,bu nə ya? Rəhmanın hərəkətini görən kimi 13 il əvvəlki olay yadıma düşdü. Onda "Neftçi"nin baş məşqçisi Ağasəlim Mircavadov idi, zənnim məni aldatmırsa, komanda "Tofiq Bəhramov"da "MKT-Araz"la üz-üzə gəlirdi. İkinci hissənin gedişində əvəzlənməsinə etiraz edən Elşən Qəmbərov formasını hirslə yerə tulladı …

Ertəsi gün bir aylıq maaşını kəsib, özünü də klubdan birdəfəlik xaric etdilər. İstədiyi üzr belə, Elşənin dadına yetişmədi, müqaviləsini birtərəfli ləğv edib, yola saldılar.

Bu cür nümunələri çox saymaq olar. Özünə dəyər verən klubların ata biləcəyi yeganə addım budur elə. "Beşiktaş" yönətimi azarkeşlərinin sevimlisi Paskal Numanın üstündən xətt çəkmişdi, xatirinizdə olar. O səbəbdən ki, fransalı İstanbul derbisində "Fənərbaxça"ya qol vurandan sonra əlini şortun içinə salmışdı.

"Neftçi"nin prezidenti Kamran Quliyev nə edir bəs? "Qəbələ"də oynadığı vaxt cinsiyyət orqanını baş hakimin simas\nda millətə göstərən Stiven Monroza "ağ-qara" formanı geyindirir. Paltardəyişmə otağında ona ayıb yerini nişan verən Kirill Petrovla müqaviləni uzadır.

Rəhmanın da komandadan uzaqlaşdırılacağına inanmıram. Uzaqbaşı, şortu özündən böyük futbolçunu cərimələyəcəklər, bitəcək məsələ.

Sözündə və əməlində əxlaq normalarını gözləməyən legionerlərə yerini göstərməyə özündə cürət tapmayan prezidenti, idman direktoru Ceyhun Sultanov olan klubun futbolçusu formasını da yerə çırpar, o yana da keçər! Necə ki, Rəhman çəkinmədən etdi.

Göstərdi ki, nə "Neftçi"nin başında dayananlar, nə də bu forma onun üçün dəyərlidir. Bu formanın dəyərini, keçmişini, qiymətini bilən heç bir futbolçu o qələti eləməz.

Gör, indi bunlar ölkənin ən yaşlı klubunu nə vəziyyətə salıblar ki, rəhmankimilər utanıb-qızarmadan, heç kimi saya salmadan formanı yerə çırpır, üstündən keçir.

Quliyevlə Sultanov "Neftçi"yə dəyər vermir, legionerlər elə, Hacıyev də belə hərəkət edir.

Yoxdur da o rəhbərlik "Neftçi"də. İndikilər sadəcə, maketdir, iradəsi özlərindən asılı olmayan aciz icraçılardır.

Xəzər Hikmət

Xəbər Lenti