“Xeyriyyəçi” “Qarabağ”, nikbin Qurbanov

8 Noyabr 2019 12:15 Köşə 1 495
“Xeyriyyəçi” “Qarabağ”, nikbin Qurbanov

Azərbaycan çempionatının bir dövrü vardı, oliqarx klub rəhbərləri neftdən gələn vəsaiti sağa-sola xərcləyirdilər. Guya peşəkar klub yaradırdılar. Hələ, arada-bərədə bir-para jurnalistlərə də pul paylayırdılar, özlərinin “xeyriyyəçi” imicini yaradırdılar.

“Qarabağ” eynən o “xeyriyyəçi” klub prezidentlərinə bənzəyir. APOEL-lə qarşılaşmalarda yaratdığı qol vəziyyətlərini sağa-sola səpdi. Aqibət eynidir. O “xeyriyyəçi” prezidentlərin klubları yoxa çıxdı, “Qarabağ” da qrupda qaldı.
***
Baxmayaraq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olduqca nikbindir. Hətta o qədər nikbindir ki, APOEL-ə sürpriz etmək, onları təəccübləndirmək üçün “Araz Abdullayev variantı”ndan yararlandı. Bəli, belə nikbinliyə həsəd aparmaq olar. Amma nikbinliklə ağız şirin olmur axı. Heç APOEL-i də Araz Abdullayevlə təəccübləndirmək də olmadı. Necə də olsa, bələd idilər “avtoş”un qabında olanlara. Nikbinlik yaxşı şeydir, amma arada ağız şirin olsa, Qurban müəllim.
***
Onu da bilirəm ki, həşəmətli xalqımız yenə də asıb-kəsəcək “Qarabağ” qrupdan çıxsaydı, yığmamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanardı” deyəcək. Amma “Qarabağ” yenə də qrupda qalacaq. Deməli, xalqımızın da arzusu ürəyində. “Qarabağ” yığmanı Avropa çempionatının final mərhələsinə buraxmadı. AFFA prezidenti Rövnəq Abdullayevin atalıq, baş katib Elxan Məmmədovun qardaşlıq qayğısını puç etdi “Qarabağ”. Ayıb olsun.
***
Hə, onu da deyim ki, kiprlilərin əsas məqsədi yaxın illərdə Çempionlar Liqasında iki komanda ilə təmsil olunmaqdır. Bizim də əsas amalımız çempionatımızda komandaların sayını ikicə ədəd artırmaq. Nikbin olaq, alınar inşallah.

Necə ki, Qurban müəllim nikbindir. Deyir ki, hələ heç nə itirilməyib, sona qədər mübarizə aparacağıq. Yəni “Sevilya”ya qalib gələcəyik, “Düdelanj” da APOEL-dən xal alacaq. Bağışlayın, Qurban müəllim, mən bu qədər nikbin ola bilmirəm.

Yeri gəlmişkən, bilmirsiniz, “Qarabağ”la oyundan sonra kiprlilərin Rövnəq Abdullayevi mətbuata açıqlama verərək “bu, bizim qələbəmizdir” deməyib?

Natiq Muxtarlı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"