Küncə sıxılan "Qarabağ"

8 Noyabr 2019 11:33 Köşə 1 547
Küncə sıxılan "Qarabağ"

"Qarabağ"ı Nikosiyada bu cür təsəvvür etmirdim. Açığı, komanda son vaxtlar məndə bədbin fikir formalaşdırmışdı. "Səbail"i son dəqiqələrdə gələn qolla birtəhər udan, "Neftçi"nin əlindən güclə qurtulan "Qarabağ"ın Kipr səfərindən sərfəli nəticəylə dönəcəyinə bədgüman idim. İstər Qurban Qurbanovun şəxsi, istərsə də ayrı-ayrılıqda bir çox futbolçunun performansı narahatverici idi.

3 qol gözləmirdim. Bu aralar rəqib qapılarına yol tapmaqda çətinlik çəkən "Qarabağ"ın hesabı açması kimi, fasiləyədək qapısında qol görməməsinə təəccübləndim.
"Qarabağ" künclə başladı, künclə qurtardı. "Qarabağ"ı "yıxan" hər iki künc zərbəsi fərdi səhvlərin nəticəsində gəldi. Öncə Araz Abdullayev, ardınca Riçard Almeyda bu səviyyəli oyunlar üçün yararsız olduqlarını sübuta yetirdilər. Tək deyillər – Maqaye Qeyeni onların gözünə qatmasam, haqsızlıq etmiş olaram. Qurban Qurbanov bu hücumçunu bəyənərkən, fikri harda olub, ümumiyyətlə, özündə olubmu, bilmirəm. İçən və çəkən də deyil ki, deyim, bəlkə ruh halı başqa olub. Yəqin yuxulu olub. Ya da ki, Mahir Əmrəlinin ehtiyatında qalmağa başqa namizəd tapmayıb.

Tərslikdən Mahirin növbəti zədə xəbəri bu səfərdən öncəyə təsadüf etdi və baş məşqçinin heyətlə bağlı beynindəki düşüncələri qarışdırdı. Üstəlik, bir gün ayağını, bir gün belini tutan Dani Kintananın oyunun əvvəlində sıradan çıxması "Qarabağ"ı "adrenalindən məhrum etdi"

.
Dani "sabitlik adası"nın qonağıdır. Gec gəlib, tez gedir. Oynayırsa, nəsə edir. Keçən dəfə Bakıda etdiyi kimi. APOEL-in Bakıdan 3 xalla ayrılmamasına qatqısı böyük oldu. İspaniyalı yarımmüdafiəçi dünən, heç olmasa, 50-60 dəqiqə meydanda qala bilsəydi, "Qarabağ" 2-3 top fərqiylə işi bitirəcəkdi.

İstək futbolda heç də həmişə, xüsusən də 6 xallıq oyunlarda, qələbəni dartıb gətirmir. Bu cür qarşılaşmalarda ələ düşən fürsəti dəyərləndirməlisən, fasiləyədək hesab arasındakı fərqi açmalısan, maksimum dərəcədə səhvdən qaçmağa çalışmalısan. "Qarabağ" ötən axşam hər şey etdi, ancaq, həm də heç nə etmədi, edə bilmədi. Tablodakı "0"ların yerini erkən dəyişdirdi, epizodları yaxaladı, Vid səddini Çin səddi bilib, ovcunun içindəki 3 xalı havaya pərvazlandırdı. Oyun əslində, 55-ci dəqiqədə çıxmışdı əldən. "Qarabağ" 2-3 oyuna yetəcək qədər qol fürsətini bu dəqiqələr içində sağa-sola xərcləməklə, "öz ayaqlarını bir-birinə ilişdirdi".

Avropa Liqasında çıxış edirsənsə və məqsədin qrupdan çıxmaqdısa, bəxti günahlandırmamalısan, məğlubiyyətin günahını bəxtsizlikdə görməməlisən. Qurbanov Danini əvəzləmiş Qeyeni yalnız matçın sonunda kənara almaqla çox gecikdi. Qeyeni hələ fasilədə duş almağa göndərməliydi. Ampluası hücumçu olan fransalı ilk hissənin axırında Zubirin ötürməsini qapıya istiqamətləndirə bilməmişdisə, ondan sonra meydanda qalmamalıydı. Qurbanov qətiyyət yox, yersiz səbr nümayiş etdirdi, yanlışa yol verdi, bununla. Lazımı anda lazımı qərarı verməkdə niyə gecikdi? Yenə bilmirəm. Zira, birinci dəfə deyil bu. Bütün hallarda dəqiq olan budur ki, Qeye "Qarabağ"a böyük "yamaq"dır. Mahir ondan betər, o da Mahirdən betər! Qurbanov "dişsiz" və məsuliyyətsiz bu 2 hücumçuyla qrupdan çıxmaq istəyirsə…

Şans az da olsa, yenə qalmaqdadır. "Qarabağ" son 3 ayda 4 dəfə APOEL-lə üz-üzə gəldi, qapısında 7 qol gördü, onun da 5-i standart vəziyyətdən. Dünən yaxşı oyunu nəticəyə bağlaya bilməyən "Qarabağ"ın işi bəxtə-xudaya qalıb artıq. İki-üç yanlış futbolçu seçimi, görün, vəziyyəti haradan-hara gətirdi. Künc zərbələri zamanı APOEL-ə "əsir düşən" "Qarabağ" indi özü bir küncə "sıxılıb".

İlkin Vaqifoğlu

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı