Kaş bu gün, bu dəmdə...

7 Noyabr 2019 11:13 Köşə 905
Kaş bu gün, bu dəmdə...

Bu axşam "Qarabağ" tarixinin ən vacib oyunlarından birinə çıxır. Qurban Qurbanovun komandası qrupdan çıxmaq üçün nəyin bahasına olursa-olsun, Kiprdə uduzmamalıdır. Düzdür, Tomas Doll APOEL-in sükanı arxasına keçəndən Azərbaycan çempionu hələ ki, bu komandanı məğlub edə bilməyib. Çempionlar Liqasında "Qarabağ" rəqib meydanında qələbə qazansa da, Bakıda məhz yeni təyin olunmuş Doll dueli öz xeyrinə dəyişə bildi. İki həftə əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda isə "Qarabağ" üstün tərəf olsa da, müdafiədəki səhvlərə görə APOEL xalla döndü - 2:2.

Bu gün həm də Qurban Qurbanov taktiki baxımdan almaniyalı həmkarından geri qalmadığını sübut etməlidir. Hələ ki bu iki məşqçinin duelində Doll öndədir. Əslində turnir cədvəli baxımından "Qarabağ"ın müəyyən üstünlüyü var. Komandamız Kipr təmsilçisini 3 xal qabaqlayır, ona görə də Ağdam klubu səfərdə rahat heç-heçəyə oynaya bilər. Aydın məsələdir ki, ilk dəqiqələrdən APOEL-in güclü təzyiqi olacaq, kiprlilər erkən qol vurmaq üçün irəli atılacaqlar. Amma bu həm də Qurbanovun komandasına əks-hücumlar imkanı yaradacaq. Heyət və ustalıq səviyyəsi baxımından komandalar bir-birindən ciddi şəkildə fərqlənmir. Belə məqamda məşqçi işi və liderlərin fərdi bacarığı ön səhnəyə çıxır. "Qarabağ"da Xayme Romero zədədən sonra tam hazır olmadığından start heyətində meydana çıxmayacaq, amma oyuna sonradan qoşulacağı da istisna edilmir. Zədəli Mahir Emreli isə ümumiyyətlə, bir müddət oynamayacaq.

Kiprdə matça ciddi marağın olmaması Azərbaycan çempionunun xeyirinə işləyə bilər. Bir var 20 min çılğın azarkeş qarşısında oynayasan, bir də var stadiona cəmi 5-6 min adam gələ. Neçə gündür Kipr mətbuatı, APOEL rəsmiləri bununla bağlı təbliğat aparsalar da, stadionun böyük hissəsinin boş qalacağı gözlənilir. Belə gedişlə, axırda heç 6500 yunan bayrağına yiyə duran tapılmayacaq.

Dünən məyusedici məqamlardan biri də Qurbanovun Kiprdə mətbuat konfransının baş tutmaması oldu. Yerli jurnalistlər brifinqə gəlmədiklərindən tədbir ləğv edildi. Təəssüf ki, hazırda Azərbaycan mediası öz nümayəndələrini ölkə xaricinə göndərmək iqtidarında deyil. Nəinki yazılı və elektron KİV, bunu heç televiziyalar belə, reallaşdıra bilmirlər. Amma könül istərdi ki, bu dəmdə Nikosiyada olsun. Çünki axşam bizi həqiqətən maraqlı döyüş gözləyir. Belə şansı əldən vermək çox təsirlidir.

ELNUR

Xəbər Lenti