Elxan Məmmədov və futbol adamları

6 Noyabr 2019 20:30 Köşə 1 581
Elxan Məmmədov və futbol adamları

Hər nə qədər əndrabadi hadisələr desən, Azərbaycan futbolunda baş verir. Böyük ümidlərlə Region Liqasında klub yaradan 1-ci turdan sonra istefa verir, AFFA-da 7-dən 77-yə hamını tənqid edən, Nobel prospekti, 57f-ə bomba qoymağa hazır olan adamlar qəfildən çönüb olurlar federasiya aşiqləri və sair və ilaxır.

Əslində bütün bunları görəndən sonra Elxan Məmmədova hörmətim birə-beş artır. Yaxşı deyiblər, hər millət öz hakimiyyətinə layiqdir. İndi Azərbaycan futbol ictimaiyyəti də buna artıqlaması ilə layiqdir.

Tez-tez belə fikirlər səslənir ki, AFFA-da futbol adamları, bu idman növünü bilənlər işləməlidir. Kimdir futbol adamları? Tərcümeyi-halını yaza bilməyən İsgəndər Cavadov, fırıldaqçılıq üstündə "yatıb çıxan" Maşallah Əhmədov, yoxsa işi olanda federasiya rəsmilərinin ünvanına tərif yağdırıb, indi müxalifətçiyə çevirilən Nazim Süleymanov?

Vaxtilə federasiya prezidenti olmaq istəyən Cavadova başa saldılar ki, bu, sənlik deyil, çəkil kənara, aylıq maaşını al. Elxan müəllimin yanında aradabir xarici ölkələrə gedərsən, "Altun Saray"da yubley keçirməyə, kitabını çapdan çıxarmağa da kömək edərik. Lazımdır sənə, AFFA? İndi İsgəndər Cavadov ancaq Kosovo kimi oyunlardan əvvəl yuxarıdan gələn sifarişdən sonra müsahibə verir ki, "biz mütləq bu oyunu udmalıyıq".

Vallah, məni qınamayın Elxan Məmmədov çox ağıllı adamdır. Futbol veteranlarını necə "sındırmaq" lazımdır, ondan gözəl bilən yoxdur. Rəhmətlik Elçibəy deyirdi ki, "tankın qabağında əyilməyən cəbhəçilər rüşvətin qabağında əyildilər". İndi də futbolun fiziki yükləmələri qarşısında davam gətirən veteranlar 1000-1500 manata görə hansı havaya desən, "oynayırlar". Hələ içərilərində ən intellektualı, ən ağıllısı Vaqif Sadıqov - başını salıb aşağı, sakitcə işini görür. İşi nədir? Heç nə, arada aşağı yaş qruplarında fərqlənən komandaları mükafatlandırmaq, Region Liqasının püşkatma mərasimlərinə qatılmaq, 3 aydan bir Yurçeviç-Obradiviçlə şəkil çəkdirib AFFA-nın saytında paylaşmaq. Əvəzində millinin bütün səfər oyunlarına gedir, ezamiyyət pulu alır, hələ Məşqçilər Komitəsinin sədri kimi 1500 maaşı da var.

Hərdən yadıma AFFA yanında Media Komitəsi düşür. Baş katib onda kənardan medianın rəzil durumuna necə baxıb gülürdüsə, indi də eyni istehza ilə veteranları izləyir. Elxan Məmmədov Yunis Hüseynovu, Mahir Şükürovu özlərindən də yaxşı tanıyır. Bernart Lipperti "asıb-kəsən" Hüseynov indi onun əlinin altında işləyir və bu gün-sabah "futbolumuzun parlaq inkişafına dair" daşdan keçən müsahibələr də verəcək.

Hələ eqosu ilə yerə-göyə sığmayan Mahir Şükürov. Sportinfo.az-a son müsahibəsində keçmiş müdafiəçi "gözünü yumub-ağzını açmışdı". O gün eşidirik ki, gedib oturub baş katibin elçi daşının üstündə. Artıq ilk dividendi var: Yunanıstana - 17 yaşlıların Avropa çempionatının seçmə mərhələ oyunlarına gedəcək, bir-iki günə iş də verərlər. Halbuki həmin Şükürov AFFA-da oturanların əksəriyyətinin 1000-1500 manata görə şərəfini satdığını deyirdi. Adama deyən lazım, bəs indi sənin etdiyinin adı nədir?

Hə, bayaq Media Komitəsi barədə danışırdım axı. AFFA-nın ideyası, pul onların büdcəsindən gəlsə də, pis deyildi, mətbuat əlavə 3-5 manat qazanmaq imkanı əldə etmişdi. Amma MK daxilində parçalanmalar, istefalar sonda təşkilatın ləğvi ilə nəticələndi. Sanki Elxan Məmmədov kənardan baxıb deyirdi "pulunuzu vermişəm, təşkilatınız var, gedin, bir-birinizi qırın". Həqiqətən də "qırdılar" bir-birlərini. Axırı nə oldu? Səfərə az getməsindən gileylənənlərin xarici pasportunu indi toz basıb, MK-nı tənqid edənlər də AFFA ilə gizli sövdələşməyə gedib.

Əgər AFFA- Elxan Məmmədov erasına bu veteranlarla, bu futbol adamları ilə son qoymaq istəyirsinizsə, onda ürəyinizi buz kimi saxlayın, yaxın vaxtlarda çətin o günü görək. Necə deyərlər, gəl sənə təsəlli verim: darıxma, düzəlməyəcək!

CAVİD

Xəbər Lenti