Ramin Musayev, siz Allah, tez-tez danışın!

4 Noyabr 2019 12:34 Köşə 1 057
Ramin Musayev, siz Allah, tez-tez danışın!

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycanın futbolunun duzu, yumorudur. Sizi əmin edirəm, Ramin Musayev olmasa, futbolumuz elə Elxan Məmmədov kimi olar – qaradinməz, adamayovuşmaz, bədniyabət.

Yenə də hərdən-birdən Ramin Musayev danışıb, rəng qatır bu rəngsiz futbol təsərrüfatına. Çoxdan idi ki, danışmırdı, yaman darıxdırıcı idi. Allah ömür versin, danışıb, dodaqlarımızı qaçırtdı yenə də. Özümə söz vermişdim ki, Rövnəq Abdullayev dura-dura Ramin Musayevdən yazmayacağam. Amma indi yazmaya da bilmirəm. Nöşün ki, istəyirəm, sizin də eyniniz açılsın.

Müxtəsər, Ramin müəllim Azərbaycan kubokunda iştirakdan imtina edən komandaların qərarını belə əsaslandırıb: "Əgər birinci divizion komandası avrokuboklarda oynayan, Premyer Liqada çıxış edən klublarla qarşılaşacaq və uğur qazana bilməyəcəksə, onun ora gəlməyinin nə mənası var?”

Ramin müəllimin bu açıqlamasını oxuyandan sonra “kül təpənizə almanlar, başınıza daş düşsün, ingilislər, ağlınıza keçə yamayım, ispanlar, türklər...” (yox, türklər qardaşdırlar, onlarla işi yox) deməkdən başqa əlacım qalmır.

Sən demə, “Real”, “Barselona” “Bavariya”, “Liverpul”la kubok mübarizəsinə qoşulan aşağı dəstə komandalarının rəhbərləri axmağın təki imişlər. Gör, bu zalım uşaqları indiyə qədər nə qədər vəsaitin başına daş salıblar ey.

Hələ o psixoloji durumu demirəm. Hansı psixoloji durumu? Ramin müəllimin dediyini deyirəm də. Deyib ki, aşağı dəstə komandaları gedib kubokda böyük hesabla məğlub olandan sonra psixoloji durumları ağırlaşır, 3-4 gün özlərinə gələ bilmirlər.

Vay dədə, vay. Gör ey, gör, “Bavariya”ya, “Real”a, “Barselona”ya böyük hesabla məğlub olan aşağı liqa təmsilçiləri bu illər ərzində nələr çəkiblər ey. Bundesliqanın, La Liqanın, Premyer Liqanın rəhbərlərində heç insaf yoxmuş ki. Bəs, belə insafsızlara oralarda necə vəzifə etibar edirlər? Onların psixoloji durumu yoxlanılmır, vəzifəyə göndəriləndə?

Vallah, billah, bizim futbol təsərrüfatına rəhbərlik edənlərin insafları var, adamları yoxdur. Adamları olsaydı, indi burda nə gəzirdilər, İngiltərə, Almaniya, İspaniya, lap bədəbəddə Fransa futboluna rəhbərlik edərdilər. İnsafın olanacan, adamın olsa yaxşıdır.

Ramin müəllim, siz Allah, arada-bərədə görünün, danışın. Bəlkə almanların, ingilislərin, ispanların diqqətini cəlb etdiniz. Bizim də üzümüzə təbəssüm qonar arada-bərədə. Bax, siz danışmasanız, görünməsəniz, ispanların, almanların, ingilislərin diqqətini Elxan Məmmədov çəkər ha. Allah iraq etsin!

Natiq Muxtarlı

Xəbər Lenti