Taciklərdən utanın!

1 Noyabr 2019 16:30 Köşə 2 123
Taciklərdən utanın!

Sərlövhə ilə "Utanmasan, oynamağa nə var ki" misalı bir-birini təkzib etsə də, bu gün dünya futbolunun real mənzərəsi də AÇ-2020-nin 4 oyunununa ev sahibliyi edəcək Azərbaycan futbolundakı reallıqla tərs-mütənasibdir.

Hazırda Braziliyada 17 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi keçirilir. AFFA-da kreslo tutanların vecinə olmasa da, deyim, mundialın əsas mərhələsində Solomon adaları, Anqola, Haiti, Tacikistan (!) kimi "acından ölən", sözün hər mənasında (futbol xaric) bizdən geri qalan ölkələr iştirak edirlər. Qrupda 2 oyuna 2 qələbə ilə növbəti mərhələyə vaxtından əvvəl vəsiqə qazanan Anqolanın yalnız adını çəkirəm. Xəcalət tərini özünüz axıdın!

Tacikistan e, a kişi, Tacikistan...Qrupda Kameruna qalib gələrək 3 xal qazanmış Tacikistanı deyirəm, Vüqar əfəndi. Ey, "küləklərin qənimi", "yağışın düşməni", "hidrometereoloqların sevimlisi", sənin futboluna xərclənən pulların 1\10-ni taciklər ancaq yuxularında görürlər. Utanırsız, heç olmasa?

Olmayan futbolumuzun "anasını mələr qoyan" "marketoloq" Elxan "myallim", taciklərdən utanın, barı!

Son 1 ayda aşağı yaş qruplarından tutmuş əsas milli komandaya qədər (qadın yığmalar daxil) - seçmə mərhələ oyunlarında sayını itirmişik, qapılarımızı rəqiblərin üzünə taybatay açmısız, təxminən 30 top keçiriblər - Normal bir rəqibin qapısına isə qol vura bilməmişik (U-17-nin San Marinoya 2:0 qalib gəlməsi nümunə ola bilməz). Amma Tacikistanın 17 yaşlı futbolçuları Latın Amerikasında keçirilən dünyanın bir nömrəli yarışının qrup mərhələsində çıxış edir.

Sizə əsas millilər çərçivəsində bizə daha yaxın olan Gürcüstan və bədnam Ermənistanın oynadığı futbolu, cari seçmə mərhələdə neçə xal topladıqlarını misal çəkməyə ehtiyac duymuram. Bilirəm, içinizdə utanırsız. Çox hörmətli AFFA rəhbərliyi, sözün həqiqi mənasında biabırçı nəticələrə, geridə qalan fəaliyyətsizliyinizə baxıb daxildə qızarmağınız normaldır. Amma abırla, həya ilə.

Ən azından "acından ölən" Solomon adaları, Haiti, Tacikistan kimi ölkələrin aşağı yaş qrupları üzrə millilərinin nəticələrinə baxıb utanmalısız! Ki, görün, futbol harada-hansı ölkələrdə necə və nə cür inkişaf edir, milyonlar xərclənən Azərbaycanda isə 11 normal futbolçu yetişdirib meydana buraxa bilmirsiz.

Elvin Əhəd

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!