Monopolist Elxan Məmmədova yeni iş təklifi - ATMACA

1 Noyabr 2019 12:01 Köşə 1 688
Monopolist Elxan Məmmədova yeni iş təklifi - ATMACA

Ölkənin "futbol mətbəx"inə az-çox bələd olanlar təsdiqləyə bilər ki, bu bazarın bir "darğası" var. O da ki, çox hörmətli Elxan Məmmədovdur. 2007-ci iyulundan AFFA-nın baş katib postunu zəbt edən və Səyyad Aranın "matah" adlandırdığı bu zat artıq qeyri-rəsmi milyonçudur.

Vaxtilə "Natəvan" Ticarət Mərkəzində parfumeriya satışına nəzarət edən E.Məmmədov ötən 12 il ərzində böyük biznesmenə, hətta monopolistə çevrilib. Əlahəzrət baş katib futbola aid bütün sahələrə "əl qoyub". Tamahı o qədər güclüdür ki…

Adamın daha nəyi yoxdu ki… Boy sırasına düzülən klubları, şirkətləri, otelləri, mənzilləri… Saymaq istəsək, 3 gün, 3 gecə bizə kifayət etməz. Şübhə yoxdur ki, hörmətli baş katib bu qədər pulu dədəsi evindən gətirməyib və ya dədəsi evində qazanmayıb. Nə qazanıb, futboldan qazanıb. Futbolun bir gözünü kor, bir qulağını kar, əlini şiksət edə-edə. O, bunu bacarır. Böyük ustalıqla, fəndgirliklə, üzə gülə-gülə, gözə kül üfürə-üfürə. Nəyi var, "maskalanıb".

Elxan Məmmədov marketoloqdur. İdman geyimlərinin təhcizatıyla məşğul olan şirkət qurub. Bütü yaş qrupları üzrə milli komandaların və AFFA-ya yaxın klubların səfər tədarükünü görən şirkət də həmçinin. Onun qeyri-rəsmi olaraq idarə etdiyi daha bir biznes obyekti "Aqrosport"dur. Hansı ki, bu şirkət əksər stadionların meydançalarının dəyişdirilməsi və yenilənməsini həyata keçirib, keçirir. İnsafən qeyd etməliyik ki, baş katibin idarəçiliyini Fərman Əlizadəyə tapşırdığı "Aqrosport" üzərinə götürdüyü işlərin öhdəsindən heç də pis gəlmir. Tenderləri "birnəfəsə" udsalar belə, keyfiyyətə müəyyən qədər diqqət yetirirlər.

İndi biz bütün bunlara görə Elxan Məmmədova "sağ ol" deyib, ona bir səmərəli təklif vermək istəyirik. Və inanırıq ki, daşdan pul çıxarmaq üzrə ixtisaslaşan və yaxşıca təcrübə toplayan hörmətli baş katib bu təklifimizi qulaqardına vurmayacaq, əksinə, dəyərləndirəcək. Nədir bu təklif, açıqlayaq.

Bəllidir ki, Azərbaycan çempionatı azarkeş sarıdan ciddi korluq çəkir. Nə Premyer Liqaya maraq var, nə də Region Liqasına. "Aqrosport"un meydançasına "əl gəzdirdiyi" stadionların demək olar hamısının tribunaları boş qalıb. Fanat ayağı dəyməyən bu yerlərdən uçulub-dağılanları da var, miskin görkəm alanları da.

Təklifimiz budur ki, Elxan Məmmədov yeni bir şirkət yaratsın. Sırf təmir-tikinti aparan. Yaxşı pul var inşaatda. 10 manatlıq smeta tutursan, sonra o pulun yarısını daşa, quma, sementə xərcləyirsən, yarısın da qoyursan cibə. Nə dil bilir, nə dodaq. Nə qədər otla əlləşmək, süni ilə təbii qazon arasında var-gəl eləmək olar axı?

Bəlkə düz demirik, Elxan Məmmədov? Futboldan başınız çıxmasa da, puldan pul çıxarmağın yollarını sizin kimi bilən azdır bu sahədə. Necə ki, bir başqası ideyanı həyata keçirmək fikrinə düşməyib, siz cəld tərpənin bir az. Həyatın işini bilmək olmaz. Sultan Süleymana qalmayan dünyadır, o kresloya çox da bel bağlamayın.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”