Rövnəq Abdullayev AFFA-dan nə vaxt istefa verəcək?

28 Oktyabr 2019 12:42 Köşə 6 159
Rövnəq Abdullayev AFFA-dan nə vaxt istefa verəcək?

Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bir sıra mühüm məqamlara toxundu. Ölkə başçısı, faktiki olaraq yeni islahatlar dalğasının anonsunu verdi. Aydın oldu ki, Prezident müasir təhsil və dünyagörüşlü, həmçinin, daha çevik kadrlarla işləməyə üstünlük verəcək. Lakin görünən odur ki, Prezidentin apardığı islahatlar dalğasına mane olmaq istəyənlər var.

Təbii, Prezidentin siyasi iradəsi alqışlanmalı və dəstəklənməlidir. Amma bu islahatlar təkcə iqtisadi, sosial, təhsil, səhiyyə sistemində yox, idman sahəsində də aparılmalıdır. Xüsusən də futbol təsərrüfatında. Futbol olduqca populyar idman növüdür. Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Bakıda keçirdiyi oyunlarda Slovakiya və Macarıstana məğlub olduqdan sonra sosial şəbəkələrdə vətəndaşlar böyük narazılıqlarını bildirdilər. Bəzi hallarda isə bu narazılıq AFFA-ya, onun rəhbərliyinə yox, dövlət ünvanlanırdı.

Əslində AFFA qeyri-hökumət təşkilatıdır, FİFA və UEFA-nın qanunları ilə idarə olunur. Dövlətin AFFA-nın işinə müdaxiləsinə yol verilmir.

Sadəcə, Azərbaycan dövləti futbolun inkişafı üçün AFFA-ya hər il maliyyə yardımı edir. Özü də yetərincə böyük məbləğdə. Ancaq buna baxmayaraq, Azərbaycanda futbolun durumu hətta kasıb Ermənistandan da bərbad vəziyyətdədir. Yığma komandanın bütün yaş qrupları Avropada aşkar autsayderdir. Əsas yığma tarixin biabırçı dönəmini yaşayır. Bölgələrdə futbol tamamilə məhv edilib. Uşaq futbolu acınacaqlı durumdadır. Azərbaycan son 10 ildə Avropanın ortabab klubunda da oynaya biləcək bircə futbolçu yetişdirməyib. Bu qədər maliyyə vəsaiti müqabilində belə durumun yaranması bərbad, qeyri-peşəkar idarəçiliyin nəticəsidir.

Azərbaycanın futbol təsərrüfatı çirkli vəsaitin “yuyulduğu” məkana çevrilib. "Kölgə iqtisadiyyatı"nın bir “xora”sı da Azərbaycanın futbol təsərrüfatında inkişaf edib. İkili mühasibatlıq, vergidən yayınmaq üçün atlan ağlasığmaz addımlar futbol təsərrüfatında milyonların “yuyulması"na hesablanıb.

Təbii, belə məqamda diqqət AFFA prezidentinin üzərinə cəmlənir. Rövnəq Abdullayev harada varsa, orda yeyinti, vergidən yayınma şübhəsi var. Bu yaxınlarda Lerikdəki ”Relax” istirahət mərkəzində baş verənləri xatırlayaq. Bu istirahət mərkəzi Rövnəq Abdullayevə məxsusdur. Elə orda vergi əməkdaşlarını döyənlər də yəqin ki, Abdullayevə arxayın idilər.

Futbol təsərrüfatında da vergidənyayınma adi haldır. Aylıq məvacibi 15 min manat olan futbolçu 300 manatın vergisini ancaq ödəyir.

Bir sözlə, futbol təsərrüfatına rəhbərlik edənlər, nəinki, Prezidentin apardığı islahatları dəstəkləyir, əksinə, buna qarşı çıxırlar. Amma cənab Prezident bununla bağlı da fikrini bildirib. Vurğulayıb ki, islahatlara qarşı çıxanlar, islahatlarla ayaqlaşmayanlar getməlidirlər.

Futbol ictimaiyyəti də səbirsizliklə o anı – Rövnəq Abdullayevin istefa verəcəyi anı gözləyir. Rövnəq Abdullayev, AFFA prezidenti postundan nə vaxt istefa verəcəksiniz? Sizin istefanız ölkədə aparılan islahatlara ən yaxşı dəstək olardı.

Natiq Muxtarlı

Xəbər Lenti