Biz kimik, məclis onun məclisidir

25 Oktyabr 2019 10:52 Köşə 1 974
Biz kimik, məclis onun məclisidir

"Qarabağ" APOEL-lə oyunda heç-heçə edərək qrupdakı mövcud status-kvonu saxlasa da, ev sahibi üstünlüyünü əldən verdi. Növbəti matçı kiprlilərlə səfərdə keçirəcəyimizi nəzərə alsaq, qrupdakı hazırkı vəziyyət heç də ürəkaçan görünmür.

Cari mövsüm ikinci dəfə üz-üzə gələn (bundan öncəki Çempionlar Liqasının lll turu çərçivəsində) baş məşqçilərin duelində (hər ikisi Bakıda baş tutub) Qurban Qurbanov yenə Tomas Dolla bata bilmədi.

Xatırlayırsınızsa, Çempionlar Liqasının lll təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə qələbə qazanmış, bundan sonra Nikosiya təmsilçisi baş məşqçisini dəyişmişdi. Elə həmin yeni məşqçi ilk oyunundaca Qurbanova necə deyərlər, "futbol dərsi" keçərək Bakıdan "pley-off bileti" ilə qayıtmışdı.

Düşünmək olardı ki, sözügedən oyundan sonra rəqib, onun baş məşqçisi haqqında məlumatlı olan "Qarabağ" meydanda daha rahat, daha sərbəst olacaq.

Ancaq qarşılaşmadan sonra mətbuat konfransında Qurbanovun da dediyi kimi Doll yenə onu təəccübləndirə bildi. Bakıdakı ilk oyunda komanda "dördlü" müdafiə sistemi ilə oynamışdısa, dünən meydanda "beşli" arxa xətt vardı.

Əslində oyundan dərhal sonra fikrimdə yaranan, Qurban Qurbanova vermək istədiyim sual da bu yöndə idi... Amma deyir sən saydığını say, gör "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov nə sayır?!

Bir neçə gün əvvəl klubun reklam siyasəti və əsas sponsoru haqqında yazım görünür lazımi yerlərə lap zamanında çatıb. Hətta o qədər təsirli olub ki, bütün peşəkarlıq prinsiplərinə tüpürülməsinə qədər gətirib çıxarıb.

Oyunsonrası mətbuat konfransında Qurbanovun açıqlamaları bitən kimi dərhal əlimi qaldırıb, sual vermək istədiyimi bildirdim. Amma üzündəki ironik təbəssümlə düz gözlərimin içinə baxan İbrahimov heç cür sualımı səsləndirməyə imkan yaratmadı. Hər dəfə sözü digər həmkarıma ötürdükcə özündənrazı tərzdə üzümə baxan Nurlan müəllim sanki bununla "bax, mən adamdan belə heyif alıram" deyirdi.

Əlbəttə ki, o konfransda mənə söz verilməyəcəyini gec də olsa, anladım və artıq üçüncü cəhddən sonra sual verməyə heç təşəbbüs də etmədim. Külli-ixtiyar sahibi elə istəyirsə, elə olsun. Şairin də dediyi kimi, "biz kimik, məclis onun məclisidir?!" Amma "Qarabağ" rəhbərliyi, məşqçi heyəti, klub rəsmiləri və futbolçularının sidq ürəklə inandıqları Allaha şükr olsun ki, sözümüzü deməyə tribunamız, səsimizi çatdırmağa imkanımız hələ var. Bilmirəm, bu yazını Qurbanov görəcəkmi? Həyatdır, əgər görsə, elə bu yazı vasitəsilə ötən gün mətbuat konfransında səsləndirmək istədiyim sualı verim, bəlkə nə vaxtsa cavab alaram.

Sual: "Hörmətli Qurban müəllim. Kiprdə keçiriləcək cavab oyunu iki komanda arasında bu mövsüm dördüncü, iki məşqçi arasında isə üçüncü qarşılaşma olacaq. Geridə qalan hər iki oyunda Doll sizə sözün əsl mənasında sürpriz edərək başağrı olmağı bacardı. Birində Çempionlar Liqasından kənarlaşdırdı, ikincidə evində bir xala şükür eləmək vəziyyətinə gətirdi. Artıq demək olar ki, bütün kartlar açılıb."Qarabağ"ın indiki durumunda, kartların açıq oynanılması fonunda, siz səfərdə rəqibi nə ilə təəccübləndirməyi düşünürsünüz?

Cavabını elə Nurlan İbrahimov vasitəsilə yollayarsınız.

Zaur XUDİYEV

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”