Sevinin ki, sizin Rövnəq Abdullayeviniz yoxdur

23 Oktyabr 2019 14:12 Köşə 1 524
Sevinin ki, sizin Rövnəq Abdullayeviniz yoxdur

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Macarıstan və Qazaxıstanın yer aldığı qrupu ilk pillədə tamamlayan Gürcüstanın U-19 yığmasının baş məşqçisi Ramaz Svanadze uğuru belə xarakterizə edir:

"Hər şey federasiyanın futbola yanaşmasından asılıdır. Demək olar ki, bütün regionlarda futbol akademiyaları tikilib. Orada gənc futbolçularla yaxşı və düzgün iş aparılır. Onlar akademiyada qalır, oxuyurlar. Və bütün bunlar tam ödənişsizdir”.

Fikir verdiniz, Svanadze nə özünü, nə də futbolçularını tərifləyir. Federasiyanın yanaşmasından danışır. Svanadze Azərbaycan futbolunun durumu haqda danışmaq istəməyib. Səbəbini mən bilirəm.

Deyəcəyəm. Amma əvvəlcə onu deyim ki, Ramaz düz deyir, federasiyanın işə yanaşması düzgün olmayacaqsa, nə futbolçu futbolçu olacaq, nə də məşqçi məşqçi. Necə ki, bu Ramaz Svanadze Azərbaycanda işləyib ("İnter"), amma nə uğur qazanıb, nə də bir futbolçu yetişdirib. Həmyerlisi Tsxadadze ilə birgə ancaq ciblərini doldurmaqla məşğul olublar. Nöşün? Ona görə ki, Azərbaycan Futbol Federasiyasının işə yanaşması məhz belə olub: Bizə futbol və futbolçu lazım deyil. Bizə məşqçi də gərək deyil. Bizə cibi doldurmaq üçün daha çox pul “yumaq” vacibdir.

Bu prinsipə əməl edənlər daim AFFA ilə əməkdaşlıq ediblər. Almanlar bunu bacarıblar, qazanıblar. Gürcülər bunu bacarıblar, qazanıblar. İndi Svanadze bizim futbol haqda nə desin? Deyib də yazıq. Deyib ki, uğurun açarı federasiyanın işə yanaşmasındadır. Məsələn, Gürcüstanda federasiya ölkənin bütün bölgələrində futbol akademiyaları açıb. Bizim federasiya da Berlində. Necədir?

Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvilidir. 1977-ci ildə anadan olan Kobiaşvili futbol karyerasına “Rustavi” komandasında başlayıb. O, sonradan Tbilisinin “Dinamo”, Vladiqafqazın “Alaniya”, Almaniyanın “Frayburq”, “Şalke” və “Herta” komandalarında çıxış edib.

Futbol təsərrüfatına belə prezident başçılıq edirsə, o ölkədə futbola peşəkar yanaşma olar. Peşəkar yanaşma olan yerdə isə futbolçu da yetişər. Bizim federasiyanın da prezidenti Rövnəq Abdullayevdir. Düz 11 ildir ki, AFFA-ya başçılıq edir. “ Neftçi”yə rəhbərlik etdiyi illəri də üstünə gəlsəm, 15 il edər. Amma bu müddətdə ona “feyr-pley”lə “pley-off”un fərqini başa sala bilməmişik.

Bizdə belə prezident var ey, Svanadze müəllim. Sizə baxmayın, sizdə futbola veteranlar rəhbərlik edirlər. Onlar futbolun problemlərini də bilirlər, həlli yollarını da. Bizdə isə veteranlar sürücü Oqtay Abdullayevin güngörməz yerindən öpmək üçün onun qapısının ağzında növbəyə durublar.

Nədir, nədir, Oqtay Abdullayev vasitəsi ilə AFFA-dan 100 manat təqaüd alacaqlar. Bir neçəsi də AFFA-da oturub. Elxan Məmmədovun yanında. Guya hansısa komitənin üzvüdürlər. Guya Azərbaycanda futbolun inkişafı üçün çalışırlar.

Səninlə söhbətdə başqa söz deyirlər, görürsən ki, futbolumuzun problemlərini bilirlər. Amma mətbuata açıqlama verəndə Rövnəq Abdullayev, Elxan Məmmədov kimi danışırlar. Sizdə belə veteranlar yoxdur ey.

Hə, belə-belə işlər var ey, Svanadze müəllim. Sevinin ki, sizin Rövnəq Abdullayeviniz də yoxdur. Oğul ona deyərəm ki, Rövnəq Abdullayev kimi federasiya prezidentləri olaydı, uğur qazanaydılar.

Ölmüşdü Xankişi... Svanadze müəllim, biz hələ Rövnəq Abdullayevə “feyr-pley”lə “pley-off”un fərqini öyrətməyə çalışırıq, qalmışdı futbola peşəkar yanaşmanı öyrədək. Sevinin, sevinin ki...

Natiq Muxtarlı

Xəbər Lenti