Dövrənin lap əvvəlində qış arzuları - "burulğan çempionat"

25 Oktyabr 2019 19:50 Köşə 899
Dövrənin lap əvvəlində qış arzuları  - "burulğan çempionat"

Premyer Liqada ikinci dövrə ötən həftəsonu start götürdü. Birinci dövrə hadisələr burulğanında o qədər qarışıq, qeyri-sabit və ümumən o qədər ağır keçdi ki, elə bil, bir çempionatlıq yol keçilib.

Ümumi mənzərəyə baxanda, bir komandanın - zirvədə qərar tutmuş "Qarabağ"ın sabitqədəm oyunu var. Bu da bəlkə zəruri təsadüfdəndir ki, çempionun tarixdə ilk dəfə avrokubuok uğuruna – qruplan çıxmağa sevinmək şansı yaranıb və milli səviyyədə rəqiblərdən yaranmış xal fərqi bir proloq, bir fürsətdir.

Lakin ikinci dövrə başlayar-başlamaz, tam rahatlaşmış, arxayınlaşmış "Qarabağ" mövsümün autsayderliyinə potensial namizəd olan "Qəbələ" ilə görüşdə iki xal itirdi. Əlbəttə, dəyişən və ya dəyişdirən böyük hadisə baş vermədi - komanda zirvədə məğrurcasına tək dayanıb.

Belə müəmmalı durumları olmasa, yəqin ki, bu məqamdan ona aşağı salmağa cürəti çatan olmayacaq. Bir sözlə, "Qarabağ" bu mövsüm özü-özü ilə yarışmaq fürsəti əldə edib. Yekunda çempion olsa da, olmasa da, səbəbkarı özü olacaq.

İndi onun ikinci yerlə fərqi 8 xaldır, başqa sözlə, üç qələbəyə bərabər məsafədədir. Yeri gəlmişkən, ikinci yerlə sonuncunu da elə bir o qədər, yəni 8 xal ayırır. Lakin xal fərqi eyni olsa da, xarakteri fərqlidir. Bu da məhz sabitliklə bağlıdır. Qalan 7 klubun hər biri biri o birinə badalaq vura-vura 8 xallıq fərqi tam əridə bilər.

Qurban Qurbanov yalnız bu barədə düşünməklə kifayətlənməməlidir. O, yeni il hazırlığına başlamağa gecikməməlidir. Düşərgəni tərk etməli olan futbolçular var. Əsasən də legionerlər.

Simeon Slavçev, Miçel, Vaqner da Silva, Maqaye Qeye, Dani Kintana artıq "Qarabağ"a "ayaq uydurmur". Bu kimi əcnəbilərlə Azərbaycan çempionatında uğur əldə etmək mümkündür, necə ki, edir.

Lakin məqsəd Avropa Liqasında qrupdan çıxmaq və 2020-də daha cddi təsir bağışlamaqdırsa, adları çəkilən futbolçular bir-birinin ardınca yola salınmalı, onları kimlərin əvəzləyəcəyi qarşıdakı 1-2 ay içində dəqiqləşməlidir.

Su da bir qabda çox qalanda istər-istəməz iylənir. Qurbanov transfer bazarında ultraehtiyatlı davranmaqla, klubun sponsorlarına ziyandan qorumağı fikirləşir.

Fəqət, dənizə baş vurmaq istəyən mütləq şalvarının balağını ləpədöyəndə islatmalıdır. O, hər bir halda riskə getməlidir. Çün yeni gələn legioner kəsilməmiş qarpızdır, əvvəldən dəqiqliyi ilə bilmək olmur ki, içi qırmızıdır, yoxsa ağ.

Xəzər Hikmət

Xəbər Lenti