Rəşad Sadıqovun "mirası" ortalıqda qalıb

16 Oktyabr 2019 10:47 Köşə 2 073
Rəşad Sadıqovun "mirası" ortalıqda qalıb

Düzəlməsi gərəkən çox şey var - bilirik.

Çatışmazlıqlar başdan aşır - görürük.

Biri var, mini yox - xəbərdarıq.

Söylənilənlərin heç biri yenilik deyil. Kim edəcək bəs? O adamın həqiqətən Milan Obrodoviç olmadığı dəqiqdir.

"Paz"ın yekəsinə keçmişik. Nikola Yurçeviçdən çəkdiyimiz az idi, bir serbdən "köhnə nağılları" təkrar-təkrar eşitmək əzabı da varıymış qismətimizdə.

Hazırkı gənclər yığmasının özəyini Rəşad Sadıqov qurub. Pislərin içindən ən yaxşılarını seçib. Demək olar ki, hamısı öz klublarının heyətində Premyer Liqada çıxış edir. Bu uşaqların bədbəxtliyi ondadır ki, başlarında Obrodoviç dayanıb.

Mən o məşqçini heç vaxt qəbul etmərəm, hansı ki, futbolçularının yanında hörmət-izzət qazana bilməyib. Serbiyalını puldan savayı nəsə maraqlandırsaydı, elə Gürcüstanla oyundan sonra istefa ərizəsini yazardı.

Əgər futbolçu paltardəyişmə otağında baş məşqçinin üzünə qayıdır və bozarırsa, onda səhv tutursa, o da dinməz-söyləməz başını aşağı salıb otağı tərk edirsə, daha başqa sözə ehtiyac yoxdur.

25-30 nəfərlik kollektivin gözü qarşısında "sınan" Obrodoviçin indən belə nələrisə düzəldəcəyinə inanmaq sadəlövhlükdür.

U-21-nin heyəti var, oyunu, dəsti-xətti yox. Obrodoviç öyrəşib gah "hədiyyə"dən, gah bəxtin gətirməməsindən şikayətlənməyə. Deməyə başqa sözü yoxdu axı.

Deməyəcək ki, komandanı hazırlaya bilməyib, taktikanı "yedirtməyə" savadı çatmayıb, kənar şəxslərin məsləhəti ilə heyət qurub. Birini də dilinə gətirməz.

Qoy, gətirməsin. Dünən İsveçrə gəncləri Obradoviçin demədiklərini nizamlı və səliqəli oyunu ilə əyani surətdə nümayiş elətdirdi.

Xəzər Hikmət

Xəbər Lenti