AVRO-2020 iki oyundan sonra bizim üçün başa çatır. Hazırda 1 xalımız var, onu da Bakıda Xorvatiyadan almışıq. Niderlandlı Denis Hiqler ədalətli olsaydı, Budapeştdə xalımızın üstünə 1 xal da gəlmişdi. Bəhlul Mustafazadənin təmiz qoluna "əl qoyan" baş hakimin ünvanına bugünlərdə deyilməyən söz qalmadı. Hər halda gördüklərim, eşitdiklərim, oxuduqlarım bundan ibarətdir.
Bunlar məni düşündürməyə bilməz. Seçmə mərhələnin ən zəif iştirakçılarından biriyik. Qrupda hamıdan az qol vurub, hamıdan çox top buraxan komandayıq. Qrup sonuncusuyuq və son 2 turu qələbəylə bitirsək belə, qaldığımız yerdən tərpənmək şansımız yoxdur.
Hiqlerin səhvi böyükdür və çətin ki, Budapeştdə olanları uzun müddət unuda, yaddan çıxara bilək. Hər dəfə bu oyunu xatırlayanda, son saniyələrdə verdiyi yanlış qərar səbəbindən niderlandlı referinin ünvanına lənətlər yağdıranlarımız çox olacaq.
Mənə elə gəlir ki, bu hadisənin kölgəsində gizlənməyə çalışanların sayı kifayət qədərdir. Bəzən həmin epizod haqda elə yanıqlı, elə dərin təəssüf hissiylə danışırıq ki, reallıq keçir arxa plana.
Sanki millimizin 4 oyunu Bakıda keçiriləcək AÇ-nın final mərhələsinə vəsiqə qazanmaq şansı vardı, əldən çıxdı. Sanki Budapeştdə gözəl oynamışıq, hakimin bir kobud xətasıyla hər şeyi itirmişik.
Bəli, Hiqler qolumuzu saymadı, millimizə qarşı haqsızlıq etdi. Ancaq obyektivliyə qalanda 1 xal haqqımız deyildi. Macarlar 90 dəqiqə ərzində komandamızı topla "döydü", cərimə meydançamızın həndəvərində lövbər saldı, "sağımızdan vurub, solumuzdan çıxdı", fiziki və taktiki cəhətdən üstünlüyünü təmin etdi.
Son saniyələrdəki standart vəziyyəti saymasaq, oyunboyu rəqib qapıçısını narahat etmədik. Cansıxıcı və qorxaq təsir bağışladıq. Emil Balayev və onun ən yaxın "dostları" - qapı tiri ilə dirəklər sağ olsun, dəfələrlə imdadımıza yetişdi. 1:1 futbolun özünə qarşı haqsızlıq olardı.
Miskin və xaotik görüntülü komandamızın qarışısna qoyulan ümumi məqsədlərdən çox-çox uzaq düşməsi qalıb bir kənarda, kimsə bunu dilə gətirmir, düşmüşük baş hakimin üstünə. Yenə deyirəm, Hiqler böyük qəbahətə yol verdi, amma ki, ondan da ciddi qəbahəti olanlar var.
Nikola Yurçeviçi gətirənlərı, arxasında dayananları, bu adamın üzərindən öz "oyunlar"ını oynayanları nəzərdə tuturam. Biz 1 xalın davasını edirik, ermənilər isə öz qrupunda ikinci pilləyə ayaq qoymağa hazırlaşır.
Dövlətimizin futbola diqqət və qayğısı fonunda, millini bugünə salanların indi niderlandlı baş hakimin bir səhvindən yapışması gözdən pərdə asmaqdır, süni şoudur, iç üzlərini gizlətmək istəyidir. Maskası əslində yırtılmalı olan onlardır - AFFA-nın binasını zəbt edib bu idman növünü şəxsi çıxarlarına tabe elətdirən, özləri şahənşah həyatı yaşayıb millini topla "döyüləcək" hala salan, təsadüfi qol, yaxud 1 xal məzhəkəsi qurub çulunu sudan quru çıxarmaq siyasəti yürüdən bir qrup dəllal.
İlkin Vaqifoğlu