Qəhrəmanlar, turistlər və zurna çalanlar

14 Oktyabr 2019 13:01 Köşə 2 097
Qəhrəmanlar, turistlər və zurna çalanlar

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edən “Araz” keçirdiyi hər 3 qarşılaşmada biabırçı hesabla məğlub oldu. “Araz”ın baş məşqçisi bu biabırçılıqdan sonra deyib ki, futzaçılarım qəhrəmanlıq göstərdilər.

Nə imiş göstərdikləri qəhrəmanlıq? 4 gündə 3 oyun keçirmələri. Guya bunların məğlub olduqları komandalar 4 ayda 3 oyun keçiriblər. Braziliyalı düz deyir, 4 gündə 3 oyuna çıxmaq və hamısında biabırçı hesabla məğlub olmaq həqiqətən də “qəhrəmanlıq”dır. Belə “qəhrəmanlığı” hər komanda bacarmaz.

Ancaq Alesionun fikirlərini əsas götürüb “Araz”ın futzalçılarına “Milli qəhrəman” adı verə bilmərik. Təklif edirəm ki, onları “Rövnəq Abdullayev ordeni” ilə təltif edək. Hə, Futzal Federasiyasının prezidenti Zaur Axundova daha bir vəzifə mütləq verilməlidir. Rövnəq Abdullayev, bax gör, haranı xaraba qoymaq lazımdırsa, tapşır Axundova.
***

Azərbaycanın U-19 yığmasına Çexiya 4, U-21 yığmasına isə Fransa 5 qolla qalib gəldi. Qalib gəlmədilər ey, bizə dedilər ki, sizin futbolunuzun gələcəyi bunlardır. Yəni futbolunuzun gələcəyi yoxdur. Kül olub futbolunuzun başına. "Külü səpənlər" də bəlli. Vacibdir ki, bu xidmətlərinə görə, AFFA prezidenti Rövnəq Abdullayevə də daha bir vəzifə verilsin. Məsələn, Buzüstü Oyunlar Federasiyasının prezidenti Rövnəq Abdullayev üçün çox münasib vəzifədir. Buzun üstündə hərəkət edərkən o bacarıq tələb olunur ki, sürüşəsən, amma yıxılmayasan. Rövnəq Abdullayev tutduğu 4-5 vəzifənin hamısında sürüşə-sürüşə işləyir, amma yıxılmır ki, yıxılmır.
***

Bir qrup azərbaycanlı turist Rövnəq Abdullayevin sponsorluğu ilə Asiyadan vurub, Avropadan çıxıb. Bəhreyndə özlərini ev sahibi kimi hiss edib azərbaycanlı turistlər. İnsafən Avropada – Macarıstanda da turistlərimizə qarşı yüksək qonaqpərvərlik göstəriblər. Amma səfərin son anlarında bir hollandiyalı bizimkilərə yaxınlaşaraq ustufca deyib: “Əkilin burdan, Avropa sizin yeriniz deyil, gedin Asiyada gəzin”.
***
Oqtay Abdullayev tanınmış futbolçu olmayıb. Hətta Sovet dönəmində bir ara “Neftçi”nin sürücüsü də işləyib. Amma veteranlara rəhbərlik edir. Oqtay Abdullayev bunu necə bacarır? Yaxşı "zurna çalmağı" var Oqtay müəllimin. Yox, öz "zurnasını" çalmır. Rövnəq Abdullayevin "zurnasını" "çalır". Hansı havanı sifariş edirlər, mükəmməl ifa edir. "Dirijoru" da Elxan Məmmədovdur. Kimin "zurnasını" necə "çalmağı" əla mənimsəyib. Öz "zurnasını" da bekar saxlamayıb. Azərbaycanın bir qrup futbol veteranı da Oqtay Abdullayevin "zurnasını" çalır. Tfu!

Natiq Muxtarlı

Xəbər Lenti