Pulumuzu basıb yeyənin "günah keçiləri"

12 Oktyabr 2019 15:16 Köşə 1 108
Pulumuzu basıb yeyənin "günah keçiləri"

Fransa yığmasının bizə nəyisə və nələrisə sübut etməsinə lüzum yoxdur, olmayıb, olmayacaq da. Parisdə 5 qol vurub, Milan Obrodoviçin komandasını geriyə yolladılar. Oyunu izləyənlər, yəqin ki, səviyyə fərqindəki uçuruma heyrətlənməz. Meydan sahibləri top oyununun elə bir elementi olmadı ki, Azərbaycandan gələn yığmaya dərs keçməsin.

20-dən artıq qol epizodu yaratdılar, cəmi 5-ni vurdular. Təkcə Amin Seydiyev 3 dəfə topu boş qapıdan çıxardı. Oborodoviç qapıya yalnız Kamran İbrahimovu qoymaqla kifayətlənməyib, daha 2 nəfərə əlcək geyindirsəydi, bəlkə 1 top az buraxardıq, ya buraxmazdıq. Bu, yenə heç nəyi dəyişməyəcəkdi.

Dünən və bu gün – camiə susqundur. Dərin xəyalamı dalıb? Xeyr! Hər şey sanki belə də olmalıymış kimi bir sakit hava əsir. AFFA-sı da, məşqçiləri də, futbolçuları da, mütəxəssisi də, azarkeşi də. Hamı yəni. Bu mənzərə çox qorxuludur.

AFFA-nın səssizliyə qərq olmasını anlayıram. Mövcud durğunluq, hamının ağzının su alıb oturması onlara sərf edir. Soruşan olmasın ki, Obrodoviçin burada nə iti azıb, köhnə hamam, köhnə tas olacaqdısa, nəticələr daha da pisləşəcəkdisə, onun ilinə 350-400 min avro xərcələməyə nə gərək vardı? Kim deməlidir bunları? Yalnız mətbuat yox. Veteran da danışmalıdır, veteran olmayan da. Obradoviç elə bil, Şaxta Babadır. Hər oyundan sonra rəqiblərə "hədiyyə" verməkdən söz açır. Bu serbiyalı gəlib ki, Lixtenşteynə, Gürcüstana, Fransayə "hədiyyələr" bağışlayaq, sevindirək? Yaxşı, bizim özümüzü kim sevindirsin?

Rəşad Sadıqovun anası namaz üstəymiş. Bu gün o qalsaydı U-21-də, inanın ki, AFFA bir vay-şüvən qoparmışdı, özünə bir əl qatmışdı, gəl-görəsən! Öz yanlışlarını da Sadıqovun ayağına yazıb, onu "xalq düşməni" elan etmişdilər. Bunlar belədir. Obrodoviç hər mənada AFFA-ya sərf edən fiqurdur. "Bir daş altda, bir daş üstdə" prisipiylə baş-başa verib, "işləyirlər" və qazanırlar.

Futbol elementar oyundur, sadəliyi sevir. Bunun üçün baş məşqçinin özü də sadə olmalıdır, həqiqəti olduğu kimi deməlidir, daha "hədiyyə-mədiyyə" söhbətləri edib, futbolçuları günahkar çıxarmamalıdır. Obrodoviç onlara heç nə verməyib, heç nə öyrətməyib, amma ki, "günah keçiləri" hazırdır. Döyüşü heç vaxt əsgər uduzmur, uduzan komandirdir. O komandir ki, qabaqda getmir, döyüşdən yayınır, əsgərlərin arxasında gizlənir, zəif düşmənə də uduzacaq, güclü düşmənə də. İki belə faktımız var: biri Lixtenşteyn, digəri də Fransa ilə oyunlar.

Xəzər Hikmət

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"