Zaur Həşimovun "Zirə"dən "Zirə"yə yolu

9 Oktyabr 2019 20:03 Köşə 1 032
Zaur Həşimovun "Zirə"dən "Zirə"yə yolu

Səhv etmirəmsə, Elgiz Abbasovun toyu idi. Şadlıq evinin foyesində bir neçə həmkarımızla "Zirə"nin ovaxtkı baş məşqçisi Ayxan Abbasovla söhbət edirdik.

Abbasov yarızarafat, yarıciddi dedi ki, Qurban Qurbanov Zauru bizdən "oğurladı", bu, bir az işimizə çətinlik yaradacaq, ancaq olsun, milli xatirinə dözə bilərik...

Həşimovun "Zirə"dən gedişi belə olmuşdu. Ayxan Abbasovla birlikdə "Qarabağ"dan gəldiyi "Zirə"ni U-18 və Qurban Qurbanovun xatirinə tərk etmişdi...

Burda bir haşiyə çıxaraq qeyd edim ki, AFFA-nın "Aldanmış Kəvakib"dəki Yusif Sərracsayağı Qurbanovu miliyə gətirib oda atması təkcə "Qarabağ"ın yox, bir çox klubların da işlək mexanizminə çomaq soxmuşdu...

Hə, onu deyirdim axı, Həşimov qısa zaman sonra elə gəldiyi komanda ilə birlikdə milli ilə əməkdaşlığına son verdi. Bacarıqlı və çalışqan futbol adamı kimi tanınan, üstəlik, PRO kateqoriyasına sahib olan Həşimov Qurbanovun etimadını təsadüfən qazanmamışdı. Elə bu bacarığının sayəsində də çox işsiz qalmadı və "Qəbələ"yə yollandı...

Roman Qriqorçukun ayrılmasından sonra Sənan Qurbanovun korpusunda yer alan Həşimov rəsmi sənədlərdə baş məşqçi kimi qeyd olunurdu. Çünki Sənan Qurbanovdan fərqli olaraq, Həşimovun PRO kateqoriyası var idi...

Və həmin Həşimov, millinin xatirinə işini yarımçıq qoyub AFFA-nın təhlükəli yollarına atılan adam, bu gün yenidən "Zirə"yə qayıdıb. Həm də köməkçi məşqçi kimi tərk etdiyi kluba baş məşqçi olaraq dönüb.

Samir Abasovun istefaya yollanmasından sonra yazmışdım ki, "Zirə" bu qərarı tam zamanında verdi. Əgər Abasovun yerinə namizəd də varsa, demək olar ki, ziyanın yarısından dönüb xeyir eləyiblər. Çünki milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilədə yeni baş məşqçi komandanı tanıya, oyunçuların mövqelərini, oyun planını müəyyənləşdirə, bir sözlə, ortalığı toparlaya bilər.

Bundan sonra necə olacaq? - Onu zaman göstərəcək. Amma praktiki olaraq hər şey hələ ki, qaydasındadır. İşi alınmayan baş məşqçi göndərilib, yerinə gənc, perspektivli, rəhbərliyin tanıdığı, üstəlik PRO kateqoriyalı mütəxəssis gətirilib.

İşləri sahmana salmaq üçün də müəyyən qədər vaxtı var. Qalanı qalır, Həşimovun bacarığına.

Zaur Xudiyev

Xəbər Lenti