Liderə rahatlıq, qalanlarına toparlanmaq üçün gərək olan nəfəslik

8 Oktyabr 2019 22:25 Köşə 896
Liderə rahatlıq, qalanlarına toparlanmaq üçün gərək olan nəfəslik

Milli futbol çempionatının Premyer liqasında daha bir qısamüddətli fasilə yetişdi. Yığma komandanın rəsmi və yoxlama oyunları ilə əlaqədar yaranmış bu fasilə qış transferlərinə qədər komandalara özünə gəlmək üçün daha bir şans, bir nəfəslikdir.

Ötən turlar da elita təmsilçilərinin qeyri-sabitliyinə, cüzi olsa belə, aydınlıq gətirmədi. Hətta mövsümün gedişində bərkə-boşa düşən kollektivlər bundan yetərincə yararlana bilmədilər.

Konkret nümunə üçün son iki tura nəzər salsaq, bu dəfə "Zirə"nin eniş zolağına düşdüyünü görərik. Məşqçi istefasından sonra böyük ruhla inamlı qələbə qazanan «Sabah» isə əksinə, "Səbail"ə qalib gəldikdən sonra, hətta obyektiv olaraq çempiona uduzduğu matçda da pis təsir bağışlamadı. «Sumqayıt» isə bu təbirlə gəgələcəkdə də xalları təsadüfi olaraq toplayacaq.

Daha doğrusu, komandanın səfərdə qələbəsini, yaxud evdə istənilən rəqibə məğlubiyyətini normal qarşılamaq lazımdır. Komandanın normal bir planının olmaması hətta «Keşlə» ilə rəqabətdəki dueldə də aşkar görünürdü. Bu qarşılaşmanı «Qarabağ»la bir tur əvvəlki görüşlə müqayisə etsək, sumqayıtlıların problemlərinin əsaslarını bir daha bariz müşahidə etmək mümkündür.

Ümumən bütün klublar arasında «Qəbələ»nin var-gəli normal qəbul olunsa da, Sumqayıt sülhü «Keşlə»nin nisbi normallaşan oyun ritmində problemlərin xeyli qisminin hələ qaldığını göstərdi və əsasən, köklü səbəblərdən törədiyi aydındır. Hərçənd komandanın liderlər cərgəsində olması elə mövsümün aynası hesab oluna bilər.

Əslində, bu mənzərənin əsas səbəbi, «Qarabağ» istisna olmaqla, çempionatın bütün klublarına şamil olunmasına bağlıdır. Az-çox sabit heyətə malik «Neftçi»nin çətinlikləri psixoloji sədləri aşa bilməməsindədir.

Hətta psixoloji libaslı olsa da, kollektivin sirlərə bürünmüş sindromla ilk üçlüyə daxil olması qarşıdakı qısa fasilədə çox faydalı ola bilər. Sabitliyin bərpası isə daha çox klubdaxili qeyri-müəyyənliyin aradan qaldırılmasından asılı olacaq. Əks təqdirdə kollektivə hətta silsilə uğurlu oyunlar seriyası da yetməyəcək.

Kiçik fasiləyə 7-ci qələbəsini də qazanaraq gedən «Qarabağ» üçün belə turların verdiyi yeganə xeyir oyun praktikası ilə bağlıdır. Ən yaxın rəqiblərindən 10 xal irəlidə olmaqla, Ağdam klubunun qış fasiləsinə qədər rahat nəfəs alaraq diqqəti Avropa arenasına yönəltməyə şərait yaranıb.
Ümumən, rahat nəfəs «Qarabağ»a buna görə lazımdırsa, digərlərinə özünü toparlamaq üçün daha bir şansdır.

BATI YAR

Xəbər Lenti