"Qarabağ"ın ən təhlükəli rəqibi

7 Oktyabr 2019 11:55 Köşə 1 428
"Qarabağ"ın ən təhlükəli rəqibi

Azərbaycan Premyer Liqasında ilk dövrə geridə qaldı.

Ümumilikdə 28 tur və dörd dövrədən ibarət olacaq marafonun ilk dayanacağına "Qarabağ" hamıdan öndə çatıb. Həm də 7 oyunda 7 qələbə, 21 xal, vurulan 17 qol və buraxılan cəmi bir qolla.

O qolu da "Zirə"nin futbolçusu Xulio Sezar Rodrigez cərimə zərbəsindən vurmuşdu.

Yəni, bu 7 oyunda heç bir komanda normal oyun epizodunda "Qarabağ"ın qapısına yaxın düşə bilməyib.

Çox dəhşətli statistikadı. Bu qədər zəif çempionat, belə rəqabətsiz mühit bundan əvvəl olmuşdumu bilmirəm, amma olubsa da, mən xatırlamıram.

Görünən budur ki, "Qarabağ"a ölkədə heç bir klub rəqib deyil, heç biri onunla ayaqlaşa bilmir.

Ən təhlükəli mərhələ isə bundan sonra başlayacaq. Ağdamlılar öz-özlərinə rəqib olacaq. Bu, rəqabətlərin içində ən qorxulusudur. İnsanın, şəxsin, komandanın başqa rəqibi qalmayıb, özü ilə yarışması yekunda çox ciddi fəsadlar yarada bilər. Arxayınlıqdan, eyforiyadan tutmuş, formadan düşməyə, zəifləməyə qədər.

Qurban Qurbanov və məşqçilər komandasının əsas işi bundan sonra başlayır. Gəl, indi bu qədər rahatlamış komandanı oyuna motivasiya et, hazırlaşdır, ciddiyyət tələb et.

Görünən odur ki, çempionatın (hərçənd buna çempionat demək üçün 7 şahid lazımdı, daha düzgün ifadə Bakı birinciliyi olar) ikinci dövrəsi daha çox ağdamlıların özləri ilə mübarizəsi şəklində keçəcək.

Doğrudur, bəzi həmkarlarımız artıq mübarizənin bitdiyini, "Qarabağ"ın erkən çempionluğunu proqnozlaşdırırlar, ancaq niyəsə mən bu fikirdə deyiləm. Hələ gözləyək, görək komanda bu imtahandan - özü ilə mübarizədən necə çıxacaq?

Amma məsələ təkcə "Qarabağ"ın özü ilə mübarizəsi deyil. Bir də Azərbaycanın birinciliyinin yazılmayan qanunları var axı.

Məsələn, bir də baxdın kimsə zəng vurdu Qurbanova və dedi ki, "bajoğlu" vəziyyət yaxşı deyil, belə getsə, intriqa öləcək, gəl, sən 2-3 oyundan bir arada görüm-baxım elə, onsuz da heç nə itirməyəcəksən.

Görmədiyimiz, bilmədiyimiz şey deyil, onsuz da. Alışmışıq.

Və biz də bu komandadan avrokuboklarda qələbə, növbəti mərhələ gözləyirik. Bəs adama deməzlərmi, nəynən, Alış?

Hansı çempionatla, hansı mübarizə, hansı rəqabətlə?

Çətindi, Qurbanovun işi bundan sonra lap çox çətindi.

Zaur XUDİYEV

Xəbər Lenti