Nazim Süleymanovun "çörəyini yeyənlər"

7 Oktyabr 2019 10:42 Köşə 1 863
Nazim Süleymanovun "çörəyini yeyənlər"

2018-ci ilin mayında "Kəpəz"dən ayrılan Yunis Hüseynovun işsiz günləri, nəhayət, ötən həftə başa çatdı. 54 yaşlı mütəxəssis bundan sonra öz profili üzrə fəaliyyət göstərməyəcək.

Ona iş verən AFFA-dır. Bir vaxtlar "Karvan"ı, "Xəzər Lənkəran"ı çalışdırmış məşqçini indən belə funksioneri olaraq görəcəyik. Daha dəqiqi, qurumun texniki direktoru Bernard Lippertin köməkçisi kimi.

Bu, həmin Lippertdir ki, lap yaxınlaradək Hüseynovun tənqid hədəfində idi. O, israrla sual verirdi ki, AFFA-nın 2007-ci ildən bu yana almaniyalını Azərbaycanda saxlamaqda məqsədi nədir? Yəqin ki, Hüseynov bir yerdə işləməyə başladıqları bugünlərdə bu suala cavab tapacaq. Və bir də mövzuya toxunmayacaq.

Pul şirin şeydir və hər kəsə lazımdır. Həmçinin Yunis bəyin özünə. Bu zərurət illərlə AFFA-nı hədəf almış adamı da yolundan döndərmək məcburiyyətində buraxıbsa… Ta başqalarına nə demək olar?! Heç zad...

Olan olub, artıq. Bir ara AFFA-nın yeniyetmələrdən ibarət yığmada işləmək təklifini qəbul etməyən, I divizionda çalışmağı ağlının ucundan keçirməyən, ümumiyyətlə, özünü Premyer Liqanın iddialı klublarında görən Hüseynovun onlara əsl münasibətini AFFA-nın özündə yaxşı bilirlər.

Ondan ötrü gözləri atmır, ürəkləri getmir. Sadəcə, bu gun belə lazımdır. Lippert özü nə iş görür ki, Hüseynov da bir iş görsün? Gətiriblər ki, həm "üçdən-beşdən" verib susdursunlar, həm də "biz veteranlara, futbol adamlarına iş də veririk" görüntüsü yaratsınlar.

Bu, indi onlar üçün həyati önəm daşıyır. Həmkarlar İttifaqı yaradan Nazim Süleymanov federasiyada əyləşənlərin canına bir vəlvələ salıb ki, gəl görəsən! Ondan qorxurlar, çəkinirlər. Addımların, hara gedib, haradan gəlməsini anbaan izləyirlər. Kimlərlə görüşməsin, nə planlar qurmasını araşdırırlar. İçlərində bir həyəcan, bir narahatlıq var və bu, hər ötən gün bir qədər də artır, şiddətlənir.

Süleymanovun personası AFFA-da narahatlıq yaratmır. "Şüşəbənd əhli" veteran futbolçunun arxasında kimlərin, hansı qüvvələrin dayanmasını de-şifrə etməyə çalışır və deyəsən, hələ buna müvəffəq olmayıblar. Odur ki, Yunis Hüseynov kimi ictimaiyyət arasında az-çox hörməti olan şəxsləri öz yanlarına çəkmək, iş vermək məcburiyyətində qalıblar.

Yaxınlarda yeni nəsil veteranları "Neftçi"nin keçmiş bazasına yığmaq, otaq ayırmaq, içini mebellə doldurmaq, hərəsinə maaş kəsməkdə də məqsədləri budur elə. AFFA-nın butsılarını mıxdan asmışlara dünən deyil, məhz bu gün qucaq açması Süleymanova görədir.

Son 30 ilin ən güclü azərbaycanlı futbolçusu olan Nazim Süleymanova nifrətləri o qədərdir ki, sabah-birigün çöldə qalmış başqa futbol adamlarını, veteranları da "yada salmaqları" gözləniləndir. Bir tək Süleymanovun əhatəsində görünməsinlər, onun başına yığışmasınlar, dediyini deməsinlər.

Vəziyyət AFFA-dan "məcburi mütəffiqlər" tapmağı tələb edir. Müyyən bir müddətdə istifadə eləmək, özünü qorumaq, sonra da qapının arxasına göndərmək üçün.

Görüm, yolunu, səmtini dəyişənlərin biri ona "çörək" qazandırdığı üçün dönüb Süleymanova "çox sağ ol" deyəcəkmi? Heç inanmağım gəlmir.

Xəzər Hikmət

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!