Mətbuatın QARA günü

4 Oktyabr 2019 13:31 Köşə 1 109
Mətbuatın QARA günü

Çoxumuz "Qarabağ"ın Lüksemburq səfərinin rahat, sakit keçəcəyini gözləyirdik. Avropanın göbəyində yerləşən bu kiçik və sakit ölkənin axı bizimlə nə işi? Boş tribunalar, sakit oyun fonunda ilk dəqiqələrdə belə təəssürat yaranırdı ki, Azərbaycan çempionatının hansısa qarşılaşmasına baxırsan. Amma çox vaxt bu cür sakitlik aldadıcı olur, elə dünənki kimi.

Əslində "Arsenal"la səfər matçından sonra "Qarabağ" camiəsi və azarkeşlər hər oyunda təxribata hazır olmalı idilər. Dünən Ağdam klubu bu sınaqdan üzüağ çıxdı, deyə bilərik. Həm böyük hesablı qələbə, həm də meydanı tərk etməklə rəqibə, yerli publikaya nəyin baş verdiyini anlada bildilər. Axırda iş o yerə çatdı ki, Lüksemburqun İdman naziri stadionda üzr istəyəsi oldu.

Amma dünən Azərbaycan mətbuatının QARA günü idi. "Qarabağ" və ya AFFA-nın hesabına xarici səfərlərə getməyə öyrəşən media "yox" cavabı alanda çətin vəziyyətə düşür. Elə dünənki kimi. Kimsə mənə "Azərsun"un milyardlarından, bütün hipermarketlərdə bu şirkətin mallarının aşıb-daşmasından danışa bilər. Ancaq etiraf edək ki, "Qarabağ" jurnalistləri səfərə aparmağa borclu deyil. Bəli, ölkədə reklam bazarı hər kəsə məlumdur, idman saytları səhər duranda axşamı fikirləşir, görüm, nə tapıb yeyirəm. Lakin bütün bunlar da "Qarabağ" medianı səfərə aparmalıdır" cümləsini dilimizə almağa əsas vermir. Dünən mətbuat Lüksemburqda olmalı idi, isti-isti stadionda olanları oxucuları ilə bölüşməli idi. Təbii ki, öz hesabına. Nağıl danışıram? Razıyam. İndi bütün bunlar təəssüf ki, nağıl kimi görünür.

Dünən "CBC Sport"un şərhçisi Pərviz Musayevə ürəyim ağrıdı. 20 dəqiqə ümumi planda, hadisələrdən xəbərsiz, Bakıda oturan şərhçi axı nə danışa bilər? "Çevir tatı, vur tatı", başqa heç nə. Hənmin anda heç kim onun yerində olmaq istəməzdi. Yazılı medianı başa düşdük, onların vəziyyətindən hamının xəbəri var. Bəs TV-lər? Necə olur ki, eyni büdcədən maliyyələşən "CBC İnternational" kanalı iki əməkdaşını Lüksemburqa ezam edə bilir, "CBC Sport" yox? Axı gün kimi aydındır ki, şərhçi oyunu mütləq stadiondan şərh etməlidir. Xüsusən də Azərbaycan klubunun görüşlərini! Əgər 2019-cu ildə də Azərbaycan televiziyalarının buna imkanı çatmırsa, bu boyda kanal açmağın mənası nə idi? Hər hansı "sağdan atdım, soldan keçdim" saytı ilə TV-nin imkanlarını tərəzinin bir gözünə qoymaq olmaz axı.

Bir sözlə, dünən mətbuatın QARA günü idi. Hətta "Qarabağ"a peşəkar hücumçu almağı məsləhət görən media kapitanları da Bakıdan o tərəfə öz hesablarına addım atmaq istəmirlər. Yenə gözləyirlər, "Azərsun", Azərçay" onlara jest eləsin.

CAVID

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!