"Qarabağ"dan nə gözləyək?

2 Oktyabr 2019 11:50 Köşə 1 603
"Qarabağ"dan nə gözləyək?

Avropa Liqasının qrup mərhələsinin püşkü atılanda "Qarabağ"ın nisbətən asan qrupa düşdüyünü, ilk dəfə növbəti mərhələyə çıxmaq üçün şansının olduğunu düşünənlərdən biri də mən idim.

Hətta püşkdən sonra özlüyümdə dəyərləndirmə aparmışdım. Belə qənaətə gəlmişdim ki, "dördlüy"ün favoriti şübhəsiz ki, "Sevilya"dır. Növbəti mərhələyə vəsiqə verən ikinci yer üçün isə mübarizə "Qarabağ"la APOEL-in arasında gedəcək. Hətta ağdamlıların ÇL-nin pley-off mərhələsindəki ev məğlubiyyətinin əvəzini çıxmaq üçün əlinə yaxşı fürsət düşdüyünü də qeyd eləmişdim.

Maraqlıdır ki, bu yazıda qrupun digər sakini "Düdelanj" haqqında heç bəhs etməmişdim, ümumiyyətlə, Lüksemburq təmsilçisinin qrupda "asan yem" olacağı haqqında şüuraltımda bir fikir var idi.

Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır?

"Qarabağ" - "Sevilya" görüşündən sonra qonaqların baş məşqçisi Yulen (tərcüməçi dostumuz Elvar izah etdi ki, bu söz məhz belə yazılır) Lopoteqidən soruşdum ki, "Düdelanj" səfərdə APOEL-ə qalib gəldi, mənə maraqlıdır, püşk atılarkən qrup haqqında olan fikirlərinizlə ilk oyunlardan sonra düşüncələriniz eynidirmi?

Bask mütəxəssisin cavabı təcrübəsi və peşəkalığına yaraşan tərzdə idi: "Bütün komandalara, bütün oyunlara ciddi yanaşırıq. Meydana çıxmadan heç bir rəqibə hazır 3 xal gözü ilə baxmırıq. Bu səbəbdən qrupdakı istənilən nəticə məni təəccübləndirmir".

Doğrudur, Qurban Qurbanova eyni sualı vermədim, amma soyuq suyu belə üfürərək içəcək qədər ehtiyatlı adam olan və daim təvazökarlığı ilə fərqlənən hocadan da soruşsam, eyni cavabı alacağımdan əmin idim.

Amma gəlin, etiraf edək ki, qrupdakı sonuncu rəqibimizin "Düdelanj" olacağını bildikdə hamımızın, elə "Qarabağ"ın məşqçi heyətinin də ürəyində bir sevinc və ümid işartısı yaranmış olardı.

Və həmin komanda səfərdə APOEL-ə qalib gələrək heç də "asan loxma" olmayacağını göstərdi.

Bəs bundan sonra necə olacaq? Qrupun taleyi necə həll olunacaq?
Sabahkı qarşılaşma öncəsi ehtimallar üzərindən nəzər salaq.

Şübhəsiz ki, Ağdam klubu Lüksemburqdan qələbə ilə qayıtsa, evdəki APOEL-lə oyun öncəsi həm xal ehtiyatı, həm də yaxşı əhval-ruhiyyə qazanacaq. Üstəlik, kiprlilərin bütün komandalardan bir baş üstün olan "Sevilya" ilə matçda xal(lar) itirmək ehtimalı yüksəkdirsə.

Amma səfərdən qələbə ilə qayıtmaq o qədər asandırmı?

Ölkə birinciliyində faktiki rəqibi olmayan Ağdam klubu son iki oyununda sanki bu qarşılaşmanın məşqini edirdi.

Ancaq heyətdə zədəlilərin olması bizi bir az ehtiyatlı danışmağa məcbur edir. Üstəlik, "Qarabağ"ın şablon oyun planı var və bu plan rəqiblər tərəfindən demək olar ki, deşifrə edilib.

Səfərdə APOEL-ə qalib gələn komandanın evdə "Qarabağ"a asanlıqla təslim olacağını düşünmək də sadəlövhlük olar.

Ancaq ağdamlıların da qələbədən başqa şansı yoxdur. Hətta bərabərlik nəticəsində belə, növbəti mərhələ ehtimalları təhlükə altına düşə bilər.

Bizi çətin, vacib və maraqlı bir qarşılaşmanın gözlədiyi məlum məsələdir.

Ümid edək ki, yekunda hər şey Azərbaycan futbolu naminə "Qarabağ"ın xeyrinə olacaq.

Zaur Xudiyev

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"