"Neftçi" rəhbərliyi millini düşünür, yoxsa öz marağını?

2 Oktyabr 2019 11:07 Köşə 1 236
"Neftçi" rəhbərliyi millini düşünür, yoxsa öz marağını?

Neçə ildir ki, Azərbaycanda sol cinah müdafiəçisi üzə çıxmırdı. Anton Krivotsyuk sayəsində bu problem çözülmək üzrə idi. Son vaxtlar davamlı olaraq milliyə dəvət alır, əsas heyətdə oynayır. Nikola Yurçeviç adıçəkilən gəncdə bir perspektiv görür və hesab edir ki, o, bu formanın haqqını verir.

Antonun şərəfini qoruduğu "Neftçi"də isə işləri bu aralar heç yaxşı getmir. "Sumqayıt"la qarşılaşmadakı məlum hərəkətləri sanki onu Roberto Bordinin gözündən salmış kimi görünür. Hər halda italyan mütəxəssis "Qəbələ" ilə son matçda Antonu sonadək ehtiyatda saxladı.

Və gümanımız budur ki, baş məşqçi milliləşdirilən ukraynalını yenidən "11-liy"ə qaytarsa, onu əvvəlki mövqeyində oynatmayacaq. Onu mərkəzdə oynatmağın nə adı var?! Bu vəziyyətdə Donald Gerye transferi nəyə lazım idi? "Qarabağ"ın "küçəyə atdığı" legionerə tamah salan "Neftçi" başbilənləri bununla əzəli rəqibinin qarşısında kiçildiyinin fərqində deyilmi? Gerye "Keşlə" ilə qarşılaşmada aldığı qırmızı vərəqəylə komandanı çox çətin duruma saldı, nəticədə 2 xal itirildi.

"Neftçi"nin problemi orta xətt və başqa mövqelərdə ola-ola, sol müdafiəçi alınır, milliyə də zərbə vurulur Antonun yerini ya dəyişməklə, ya da ki, ehtiyatda oturtmaqla! Əgər burada məqsəd yığmanı düşünməkdirsə, ok, o zaman Ceyhun Sultanov hər dəfə, hətta "Sumqayıt"da işləyəndən bəri, deməsin ki, milli ücün çalışırıq. Gənc və perspektivli oyunçunu ya ehtiyatda saxlamaqla, ya da ki, mövqeyini dəyişməklə millini fikirləşirsiz, hə? Ölkənin bir nömrəli komandasının ən yaralı yeridir sol cinah müdafiəsi. Antonun o mövqedə oyun praktikası olmayandan sonra milliyə heç bir faydası dəyməyəcək.

Yox, əgər məqsəd transfer xatrinə transfer etmək, SOCAR-ın ayırdığı pulları havaya sovurmaqdırsa, hə, bu başqa məsələ. O zaman "milliyə xidmət edirik" deyib, ictimaiyyəti aldatmayın. Gerye transferi "Neftçi"nin bu dönəmində heç bir məntiqə sığmır. İstər maddi cəhətdən, istərsə də taktiki-texniki cəhətdən. Bu cür perspektivli gənc sərəncamda olduğu halda, Gerye transferinin heç bir anlami yoxdu.

"Neftçi" rəhbərliyi, yəni ki, idman direktoru son zamanlar bir utanc verən "ənənə"yə sahib çıxıb. Paytaxt təmsilçisi həmişə xarici transfer bazarında yaxşı mənada başqalarına örnək göstərildiyi halda, son vaxtlar ancaq Azərbaycan klublarına lazım olmayan futbolçuları sıralarına qatır. Çox utancverici mənzərədi. İlboyu dünyanı gəz, sonra yerli bazardan oyunçu al – hörmətli Kamran Quliyevin seleksiya gözü "bağlı" olan Ceyhun Sultanovun ətəyindən ikiəlli yapışması təəssüf və sual doğurur.

Xəzər Hikmət

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!