Zaur Axundovla Karles Puyolun fərqi

30 Sentyabr 2019 16:03 Köşə 1 466
Zaur Axundovla Karles Puyolun fərqi

Karles Puyol “Barselona”nın təklifindən imtina edib. Ona klubda idman direktoru postu təklif olunurdu. Ancaq Puyol bildirib ki, hazırda digər işləri var və “Barselona”ya yetərli qədər vaxt ayıra bilməyəcəyini düşünərək, bu vəzifədən imtina edib. Puyol “Barselona”nın əfsanələrindən hesab olunur, bu komandanın kapitanı olub. Onun “Barselona”da çalışması halal haqqıdır. Amma “düşünərək” qərar verən bu düşüncəli adamın əsas marağı elə “Barselona”nın marağıdır. Bu adam kimi adam hesab edir ki, başqa iş görə-görə “Barselona”da vəzifə tutmaq klubun iş keyfiyyətinə təsir göstərə bilər. Ona görə də, imtina edir. Oralarda belə hərəkət adidən də adi qarşılanır. Yəni, peşəkar adamın verdiyi bir qərar, vəssalam.

İndi olaydı azərbaycanlı, məsələn, Zaur Axundov. Bu təklifdən imtina edərdi? A tövbə!!! Zaur Axundov kimilər üçün Puyol axmağın təkidir. Heç adam da belə “yağlı” vəzifədən imtina edər? Zaur Axundovun futbola yaxından-uzaqdan dəxli yoxdur. Nə gövdəsi, nə də peşəkarlığı ilə. Amma futbol təsərrüfatında qamarlamadığı vəzifə yoxdur.

Futzal Federasiyasının prezidentidir? Prezidentidir. AFFA İcraiyyə Komitəsinin üzvüdür? Üzvüdür. “Keşlə”nin Müşahidə Şurasının sədridir? Sədridir.

Hələ bir neçə ilə əvvələ qədər, futbolda “qazan doldurduğu” vaxtlarda məmur kimi də çalışırdı. Nərimanov rayon İcra Hakimiyyətində müavin idi. Siyasi ayağısürüşkənlik etdiyi üçün oradan qovuldu və özünü “həsr etdi" tamamilə futbola.

Axundov kimin kadrıdır? AFFA prezidenti Rövnəq Abdullayevin. Axundov vəzifələrdən doymamaq xasiyyətini məhz Abdullayevdən əxz edib. Abdullayevin özü də vəzifə sarıdan korluq çəkənlərdən deyil axı. Elə o da Puyolu axmaq hesab edər. Vaxt azlığı nə imiş? Adam da belə mənasız bəhanə gətirib “Barselona”nın təklifindən imtina edər? Məsələn, Rövnəq müəllim həm AFFA-nın, həm də Cüdo Federasiyasının prezidentidir (SOCAR prezidentliyi, deputatlıq hesaba alınmır). AFFA-ya ildə bir dəfə gəlir. Cüdo Federasiyasına isə heç ayaq da basmır. Hər iki idman növü də Azərbaycanda pis gündədir. Heç vecinə də deyil. Hələ bir qəfil soruşsan, hansı federasiyanın prezidenti olduğunu da xatırlamayacaq.

Zaur Axundov məhz Rövnəq Abdullayevin yetirməsidir, kadrıdır. Ona görə də nə qədər vəzifə olsa, “mənlikdir” deyəcək. Lap sabah “Barselona”nın idman direktoru postunu təklif edin, “yox” deməyəcək. Zaur Axundov Puyol deyil axı...

Natiq Muxtarlı

Xəbər Lenti