Süni böhran və ya "didişmə"

27 Sentyabr 2019 12:05 Köşə 1 376
Süni böhran və ya "didişmə"

İndi daha çox danışılacaq və futbolumuzun problemlərinin aynası olan klub avrokuboka gedəcəyi bəlli, heyəti də taraz olmalı "Səbail"dir.

Belədə digərlərindən çox söz açmağa da dəyməz. Doğrudur, "Səbail"in hələ də üzdə qalaraq uğurlar əldə etməsi, nəyəsə ümidlə yanaşması məhz həmin dövrün izləridir.

Düşündürən məqam isə başqadır: "Səbail"in qəfil, ya da gözlənilən problemləri, əslində, bütün klublarımızın idarə edilməsindəki nöqsanların köklü səbəblərini üzə çıxarır. Bu isə daha çox AFFA-nın özünə bir siqnaldır; illərdir davam edən klubların sayı ilə bağlı məsələdə artıq inaddan dönmək zamanıdır. Çünki onsuz da həvəskar statusdan çox uzağa gedə bilmir, peşəkarlıq yolunda da yanılırlar.

"Səbail"in əsl gerçəyi bir başqadır. Neft şirkətinə bağlı iri təşkilatlar bu klubun rəsmi tərəfdaşlarıdır. Maliyyə onlardan gəlir. İmkanları genişdir, sadəcə olaraq, süni böhran yaradılıb. Bunu edən sponsor qurumlar deyil, gedişatın onlara nə "isti-soyuğu"? Tapşırıblar ki, "Səbail"ə büdcə ayır, ayırıblar və ayırırlar.

"Səbail" "saraydaxili" qarşıdurma üzündən itirə-itirə gedir. Bir tərəfdə Tamerlan Abdullayev, bir tərəfdə də Ramin Həsənov. Hələlik ikincinin daxil olduğu çevrə daha üstün görünür – istəklərinin bir çoxuna çatıblar. Legionerlərin bir çoxu düşərgədən ayrılıb, komanda nəzərəçarpacaq səviyyədə zəifləyib.

Oturub səbirsizliklə gözləyirlər ki, nəticələr nə vaxt pisləşəcək. İndi Aftandil Hacıyevə toxuna bilmirlər, çünki futbolçuların dəstəyini alan baş məşqçi hələlik ona qarşı qurulan bütün məkrli planları pozur. "Səbail" qol vuranda, qələbə qazananda, VİP-lojada əyləşən şəxslər sevinmirsə, uğursuzluq seriyasının komandanı yaxalayacağı təqdirdə, Hacıyevin istefaya göndəriləcəyi şübhə doğurmur.

O, vəzifəsini tərk edəndən sonra Abdullayev də burda qalmayacaq. Bu iki şəxs "Səbail"i tərk etsin, bütün «problemlər» həllini tapacaq. Xülasə, klubu tamamilə ələ keçirmək "saraydaxili çevriliş"ə hazırlıq görənlərin bir nömrəli məramıdır.

Sportinfo.az yaxınlarda Eltun Yaqubluya aid bir video paylaşdı. Komandanın kapitanının avtomobili ilə etdiyi hərəkət qəbahət idi, buna yol verməli deyildi. Amma həmin videoya elə "don" geyindirildi ki…

Başqa vaxt saytımızın ən maraqlı, ən səs-küylü və diqqətçəkən xəbərlərini tirajlamağa, ona istinad etməyə "can çəkən" bəzi mətbu orqanlar Eltunun videosuna çox böyük "həvəs"lə, "iştah"la, pusquda dayanmışcasına hücum çəkdi.

Bu, Həsənovun bağlı olduğu dairənin sifarişi, əmri idi, yoxsa həmin material mediaməkana qətiyyən "ayaq aça" bilməzdi. Deməyim odur ki, mediada "Səbail"in "vurulması" bu klubun çörəyini yeyib, cibində 2 maaş kartı gəzdirənlərin "əməyidir".

İlkin Vaqifoğlu

Xəbər Lenti