Bu nifaq "Neftçi"ni bitirəcək - NATAMAM, YARIMÇIQ "FLAQMAN"

27 Sentyabr 2019 10:12 Köşə 1 193
Bu nifaq "Neftçi"ni bitirəcək - NATAMAM, YARIMÇIQ

Dünən “Neftçi”nin Müşahidə Şurası bir araya gəlib. Klubun inzibati binasında keçirilən görüşdə şura üzvləri əvvəlcə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə edib, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıb.

Daha sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara komandanın son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub. Müşahidə Şurasının üzvləri görüşdə qeyd olunan nüansların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını veriblər.

Ümumi durum doğrudan da acınacaqlıdır. Premyer Liqada yeni mövsümün startından cəmi 5 həftə keçib və "Neftçi" eyni sayda xal toplayaraq, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Artıq hər itirilən xalla "ağ-qaralar" liderdən bir qədər də aralanır və vəziyyəti mürəkkəbləşdirir. Çünki bu çempionatda "Qarabağ"ın "Neftçi"dən savayı, kiməsə xal verməsi yalnız öz günahı, səhlənkarlığı üzündən baş verə bilər.

Ağdam təmsilçisi ən pis halda, oyunları xilas etmək üçün hər bir bazaya malikdir. Ən vacibi, ikinci heyəti belə bu yarışda istənilən komandaya qarşı uğurla çıxara bilər. Digər tərəfdən "Qarabağ"ın çempionat səviyyəsində taktiki siması digər rəqiblərlə müqayisədə daha formalaşmış vəziyyətdədir.

"Neftçi"nin natamamlıq kompleksinin səbəblərindən birincisi hər qarşılaşmada, ilk baxışdan da əyani göründüyü kimi, təzyiqlə bağlıdır. Klub bu maneəni, səddi aşa bilmir. Lakin "Qarabağ"la görüşdə üzə çıxan ikinci həqiqət heyətin hazırlığının da optimal səviyyədə olmaması ilə bağlıdır.

Baş məşqçi hətta yerli mütəxəssislərin də buraxmayacağı taktiki səhvlərlə yanaşı, komandanın fiziki kondisiyasını, tarazlığını da qoruya bilmir.

Funksional natamamlıqla bütün bunlar daha da dərinləşir. Bu səbəbdən "Keşlə" ilə oyunun yarım saatında azlıqda qalsa belə, ikinci hissədə yorğunluq həddinə gəlib çatmış çarəsizə çevrildi. Sadəcə, "Keşlə" bu fürsətdən istifadə edə bilmədi. Çünki bu komandanın da oyunu gücləndirmək üçün lazım olan əsas və ehtiyat potensialı məhduddur.

Komandaların ümumi hazırlığından danışarkən, təkcə nəticələrə baxmaq yetərlidir. "Keşlə"nin yenidən formalaşmasının hələ də davam etməsi, yay hazırlığının buna yetməməsinin obyektiv-subyektiv səbəblərini kölgədə qoyan başqa məsələ də var. Özü də tək "Keşlə" deyil, digər klubların hamısı bu mənada şükür ediləsidir.

"Neftçi"də daxili nizam və birlik pozulub. Müşahidə Şurası səlahiyyətsizdir və təsir rıçaqları yoxdur. İldə, ayda bir dəfə yığışırlar, ya yığışmırlar. Nəsə danışırlar, tövsiyyə edirlər, hamısı elə orada da qalır.

Klubun idarəçiliyi bir neçə qola bölünüb və indi hərəsi bir məqsədə xidmət edir. Bir hədəf uğrunda mübarizə aparmaq havasında deyillər. Vitse-prezident Elnur Eyvazovla mətbuat katibi Rüstəm Allahverdiyevdən savayı, demək olar heç kim öz işini layiqincə görmür və ya görə bilmir.

Rəhbərlik vəziyyətdən çıxış yolunu Bordini göndərməkdə görür. İtalyan da getməyə hazır və razıdır. Şərti var amma – kompensasiyamı verin, müqaviləni qarşılıqlı pozaq. Əmma da bundadır. SOCAR-da əyləşən təsisçilər Bordinə görə əlavə yarım milyon dollar xərcə düşmək istəmirlər.

Odur ki, baş məşqçi "iri sümük" kimi boğazlarında ilişib qalıb. İdarəçilərlə Bordin arasında fikir ayrılıqları o qədərdir ki, bunları zamanla həll etmək artıq qeyri-mümkündür. Axı zorla məhəbbət olmur. Onlar bir-birlərinə, sadəcə, nifrət edirlər. Bu nifaq "Neftçi"ni bitirəcək qədər amansız və dərindir.

Xəzər Hikmət

Xəbər Lenti