"Neftçi"nin üzərində qalan günah

24 Sentyabr 2019 11:56 Köşə 770
"Neftçi"nin üzərində qalan günah

Premyer Liqada mübarizə 5-ci turdan sonra da bir forma, şəkil almayıb. Təbii ki, belə halda məzmundan heç danışmırıq. Komandaların qeyri-sabit çıxışı davam edir və belə bir vəziyyətdə bu, təəccüblü deyil. Artıq gözlənilənlər olur. Cəmi bir neçə tur bəs etdi ki, məşqçi istefalarını da görək. "Qəbələ"də Sənan Qurbanov, "Sabah"da Elşad Əhmədov istefa verdi. Sumqayıt səfərində "Sabah"ı meydana Rövşən Babayev çıxardı. Yeni baş məşqçi təyin olunana qədər klub Müşahidə Şurasının üzvü İqor Ponomaryova tapşırılıb.
Bu il daha da güclənəcəyi gözlənilən komandanın bu qədər zəif çıxış etməsi, əslində, sürpriz olmadı. İlk turlar da əyani göstərdi ki, Elşad Əhmədov hələ nəinki sabit oyun, hətta normal heyət də qura bilməyib. Bu isə problemlərin dərinləşməsinə aparan ən qısa yoldur. Başqa klubdaxili səbəbləri aramaq belədə yersizdir.
Hər halda "Sabah" üçün yeni sabahlar çox ağır başlayacaq. İndi cəmi 8 komandanın arasında sonuncu pillədən qurtulmaq üçün qısa müddətdə ən optimal qərarlarla toparlanmaq lazımdır. Müşahidə Şurasının üzvü olsa belə, Ponomaryovun bunu bacarıb-bacarmayacağı da başqa söhbətin mövzusudur. Hər halda fikirlərimizi bölüşərək onun şansını kölgəyə salmayaq.
Əlbəttə, ötən dövrün ən vacib matçı da bu arada keçirilib. Çempionatın 4 oyundan ibarət prinispial çempionluq matçlar seriyasının birincisini "Qarabağ" elə də ciddi maneəyə, rəqabətə rast gəlmədən əldə etdi. Bununla çempion Avropa Liqasında püşkün hər kəsi ümidləndirdiyi yarışın fonunda rahat nəfəs almaq imkanı qazanıb. Ümumiyyətlə, çempionat yarışının solğun keçəcəyinə əsasları "Neftçi" verir və günah da onun üzərində olacaq. Avropa Liqasında "Arsenal"la görüşlərdən sonra tanınmaz simaya düşmüş kollektiv təzyiq altında turdan-tura "əriyir". Bu mənada nəinki "Qarabağ", hətta "Keşlə" ilə oyun da seriyanın davam etdiyini əyani göstərdi. Əsas azarkeş kütləsini küsdürən kollektiv indi sırası seyrəlmiş digər fanat qismini də ümidsiz qoymaqdadır.

BATI YAR

Xəbər Lenti