"Qarabağ", artıq dəyişmək lazımdır!

26 Sentyabr 2019 10:41 Köşə 1 394
"Qarabağ", artıq dəyişmək lazımdır!

"Qarabağ"ın Avropa liqasında daha bir macərası başlandı. Lakin əvvəlki illərdən fərqli bu dəfə ümidlər də, tələblər də tam əsaslı şəkildə komandanın qrupdan çıxması üzərində qurulub. Əlbəttə, ilk matçda mütləq favoritlə üz-üzə gələn komandanın məğlubiyyətində gözlənilməz heç nə yoxdur. Ən əsası, qalanları kollektivin "dişinin altında olan iştaha" bab rəqiblərdir. Özü də birinin üzərində səfər qələbəsi var, digərinə də qalib gəlməmək üçün elə bir bəhanə də yoxdur. Sözy yox ki, bu rəqibləri asanlardan da asan hesab etmirik, sadəcə, onların yenilməsi reallığın elə özüdür. Amma meydan da, şeytan da göstərir ki, rəqiblərə yuxarıdan aşağı baxmaq olmaz. Ən azı, APOEL-in Bakııda parlaq qələbəsinin şahidi olmuşuq, Lüksemburq klubu isə elə Kiprdə qələbə qazanmaqla ötən ildən başlanan yüksəlişinin əsassız olmadığını bir daha əyani nümayiş etdirib. Lakin ehtiyatlı danışmağa da hər bir əsasımız var. Təkcə APOEL-ə Bakıdakı məğlubiyyət, yaxud "Düdelanj"ın qələbəsi deyil, "Sevilya"ya məğlubiyyətin tərzi-təhəri, oyunun ruhu və məğzi komandamıza fərqli gözlə baxmağa vadar edir. "Sevilya"ya münasibət, əvvəldən əyilən boyunun mənasını anlamaq çətindir. Bu gün meydanda mübarizə göstərməyən "nə tökərsən aşına" məsəlini də unutmamalıdır.

Çox maraqlıdır ki, "Sevilya" "Qarabağ"a diqqət edib, onu öyrəndiyinin damlası qədər Ağdam təmsilçisi rəqibinə sayğı göstərmədi, heç məlumat toplayana da oxşamadı. Yox, əgər belə deyilsə, bu qədər diqqətsizlik mümkündümü? Başqa sözlə, məşqçi korusundan oyunçusuna qədər tam yanlış bir taktiki-strateji plan üzərində oyun qurulmuşdu. Ya da belə çıxır ki, səhvən "Sevilya" əvəzinə "Atletiko" klubu barədə məlumat toplanılmışdı.

Bəlkə yenə əsas vəzifə – qrupa düşmək öhdəliyi yerinə yetirilib deyə, bundan sonra oynamaq fikrindən daşınıb kollektiv. Təbii ki, "Qarabağ"ın "Sevilya" barədə ümumi məlumatının olmaması absurddur. Heç olmasa və yəqin televiziya ilə oyunlarına baxıblar. Amma bir planlı işin əksini meydanda görməyəndə, başqa qiymət vermək olmur. Bəlkə komanda aqibəti ilə əvvəldən barışıb. Amma bu təslimçi ruhunda meydanda 90 dəqiqə var-gəl etməyə haqq vermir. Bu gün müöarizə göstərməyənin sabah qələbə qazanmağa haqqı olmamalıdır.

Əvəzində, "Sevilya"nın qalib gələcəyini əvvəldən də böyük gümanla müəyyən etdiyi "Qarabağ"ı dərindən mənimsəməsi, çözməsi, ona diqqətlə yanaşaraq, hər detalı öyrənməsi oyunun gedişində də aydın görünürdü və nəticədə, həzm prosesini sadələşdirdi. Elə bu səbəbdən ispanlar ikinci hissəyə tam eyni və aram ritmlə çıxıb, get-gedə istədiyini bənd-bənd icra etdi. Yəqin "Sevilya" çoxdandır, ən azı İspaniya çempionatı başlayandan bu yana, bu qədər ləzzətli qələbə qazanmamışdı.

"Nə üçün meydanda ləng, qorxaq, hətta ilk hissəsi, daha sonra tam bir saatı heç-heçə bitən qarşılaşmada hər şeyi rəqibin ixtiyarına vermişdi" deyə soruşsaq, əminəm ki, düz-əməlli bir cavab da tapmaq və almaq da mümkün olmayacaq. Baş məşqçinin dəyişikliklərinin mənası aydın idi. Lakin artıq həmin vaxta qədər tamam solmuş, sanki illərin yorğunluğundan çıxmış bir komandanı qəflət yuxusundan ayıltmaq mümkün deyildi. Belə bir qənaətə gəlmək olar ki, "Qarabağ" əsl praqmatizm nümayiş etdirərək özünü yormadan növbəti oyunlara hazırlaşır. Bəs elə isə bunu əvvəldən deyib, azarkeşləri yormamaq da lazım deyildimi? Əlbəttə, ritorikadır və meydanda baş verən "əzik-üzük oyun"un şərh əvəzi təsvir vasitəsidir.

Meydanda məğlubiyyətin hesabından asılı olmayaraq, döyüşən, ən azı taktiki cəhətdən nəyəsə cəhd göstərən bir komanda görməyəndə, ümidlər də əsaslı zərbə alır, tamaşa olmayanda isə azarkeş meydandan qaçır. Elə bu oyunda da tribunaların tam dolu olmaması günün nəbzidir. Halbuki "Sevilya" kimi bir rəqib Bakıya gəlibsə, bişmiş, yetkin, əsl peşəkar futbol görmək istəyən hər kəs m eydana axışardı. Çünki tək rəqib deyil, bu rəqibə qarşı Azərbaycan çempionunun hər addımda oyunu 90 dəqiqə ərzində futbolsevərə bir mövsümlük ləzzəti verə bilərdi.

Deməli, azarkeş də nə "Sevilya"nın ifasında peşəkarlığı qəbul etməsə də, "Qarabağ"ın layiqli rəqabət göstərməsinə güvənmədiyindən meydana axın etmədi və yanılmadı da. Özü də bu daha çox azarkeş tutumu olan Olimpiya stadionu da deyildi.

İndi isə ümid edək ki, «Qarabağ» qarşısındakı rəqibləri öyrənmək üün səy göstərəcək. Çünki APOEL-lə Nikosiya və Bakıdakı tamaşalardan sonra Kipr təmsilçisi xeyli dəyişib. Deməli, onu yenidən öyrənmək, təhlil etmək, çözmək vacibdir. Bir sözlə, artıq təfəkkürü-düşüncəni, baxışı-yanaşmanı dəyişmək, elə bu məsələdə, Avropalaşmaq zamanıdır.

Belə qrupda növbəti mərhələni ciddi düşünməmək cinayət olar və bunun üçün oynamaq, oyun göstərmək, güc nümayiş etdirmək lazımdır.

BATI YAR

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı