"Neftçi" rəhbərliyi klubun rüsvay olmasını ona görə istəyir ki…

23 Sentyabr 2019 16:12 Köşə 890
"Neftçi" rəhbərliyi klubun rüsvay olmasını ona görə istəyir ki…

"Neftçi" böyük ehtimalla, bu mövsüm də çempion olmayacaq. Düzdür, çempionatın startından cəmi 5 tur keçib və irəlidə çox sular axa, vəziyyət dəyişə bilər. Lakin "Neftçi"nin yarışmanın əvvəlində bu qədər xal itirməsi heç də xoş perspektiv vəd etmir. "Qarabağ" bu axşam Zirədə qalib gəlsə, əzəli və əbədi rəqiblər arasında "uçurum" 10 xala kimi dərinləşəcək.
Roberto Bordin artıq burada qalmaq istəmir. İtalyanın fikri getməkdir. Qovulsa, buna ikiqat sevinəcək. Axı kompensasiya alacaq. Yoxsa elə-belə, öz xoşuyla ayrılmayacaq. Müqavilə üzrə ona çatacaq pulu son qəpiyinə kimi əlinə almayanadək klub rəhbərliyi ilə mübarizə aparacaq.
İki tərəfin də bir-birindən zəhləsi gedir. Bordin dünən "Keşlə" önündə meydana çıxardığı "11-lik"lə "məni qovun" mesajı verdi. Kril Petrov, Baqali Dabo və Ömər Buludovu ehtiyat skamyaya çəkən baş məşqçi artıq ruh olaraq "ağ-qara düşərgə"ni tərk edib. O, bütün ixtiyarını itirib. Az bir hissəsi özünün istəyi, çox hissəsi təzyiq nəticəsində. Yəni, məcburi sürətdə.
Yuxarı nə tapşırır, dinməz-söyləməz yerinə yetirir. Bilə-bilə edir hər şeyi. Ki, vəziyyət daha da pisləşsin, azarkeşlər klubun üstünə bir az da gəlsin, rəhbərlər məcbur qalıb onu "qurban" versin. Çünki "Neftçi"də heç bir perspektiv görmür və başa düşür ki, bu münasibətlə uzaq getməyəcək.
"Qarabağ"ın bu mövsümü də birinci bitirəcəyi gedişatı ilə artıq klubun başındakılar da barışıb. Bu adamların dərdi "Qarabağ", onlara çatmaq, klubun azarkeşlərinin çempionluq intizarına son vermək deyil indi. Bu kəslərin məqsədi Bordini bezdirmək, bunu bacardıqca tez etməkdir. Gec də olsa, anlayıblar ki, uzun yol çıxacaqları adam Bordin deyil, onunla "bir daş altda, bir daş üstdə" iş görmək olmaz. Bordinin "hulqum"unun yoxluğu, fürsət yaranan kimi şikayət dəftərini vərəqləməsi, getdiyi hər yerdə "ağzını Allah yoluna" qoyması rəhbərlikdəkiləri çox ciddi narahat edir və elə şərait yaratmaq istəyirlər ki, o, canını götürüb klubdan qaçsın.
"Neftçi"nin heyəti normaldır. Yerli və əcnəbi futbolçuları çempionluq mücadiləsi verəcək səviyyədədir. Sadəcə, kollektivdaxili münasibətlər o dərəcədə korlanıb ki, kimsə kimsənin "kitab"ını oxumur, bir-birlərini görməyə gözü yoxdur, gündəlik həyat əzabvericidir.

İlkin Vaqifoğlu

Xəbər Lenti