Bizə layiq olmayan “Qarabağ”

23 Sentyabr 2019 16:53 Köşə 1 671
Bizə layiq olmayan “Qarabağ”

İndi sakitləşibsiniz? Yazıb ürəyinizi boşaltdınız? Qurban Qurbanova məsləhət verdiniz? Klub rəhbərliyinə tapşırdınız ki, hansı ulduz futbolçuları almaq lazımdır? Bütün bunları etdinizsə, əsəbiniz soyudusa, indi də bu yazını oxuyun və kim olduğunuzu anladım sizlərə.

Bakıda “Qarabağ” - “Sevilya” qarşılaşmasının son dəqiqələridir. Elə Frankfurtda da “Ayntraxt” - Arsenal” oyunu başa çatmaq üzrədir. Hər iki qarşılaşmada hesab eynidir - 0:3. Frankfurtda arenanı bircə azarkeş də tərk etməyib. Bütün azarkeşlər bir ağızdan oxuyur, 0:3 hesabı ilə məğlub olan “Ayntraxt”a dəstək verirlər, təşəkkür edirlər. Ona görə dəstək verir, təşəkkür edirlər ki, alman azarkeşlər ədalətlidirlər, reallığı qəbul edirlər. Bilirlər ki, “Ayntraxt” “Arsenal” səviyyəsində deyil. Nə heyətinə, nə də büdcəsinə görə. Ona görə təşəkkür edirlər ki, sevimli komandaları Avropa Liqasının qrup həyəcanını yaşadır fanatlarına, “Arsenal” kimi nəhəngi gətirir Frankfurta. Almanlarda azarkeş mədəniyyəti ən yüksək səviyyədədir. Onlar ədalət hissinin nə olduğunu da bilirlər.

Bakıda isə stadion demək olar ki, boşalıb. “Qarabağ”ın fan-klubunun üzvlərini və bir neçə min azarkeş mədəniyyəti olanları çıxmaq şərtilə, qalanları qaçıblar. Hara qaçıblar? Sosial şəbəkələrdə status yazmağa, “Qarabağ”ı tənqid etməyə, "Sevilya”ya qalib gəlməyin yollarını göstərməyə, Qurban Qurbanovun taktiki səhvlərini deməyə.

Və əmin olun, onlar öz sahələrində ən pislərdəndirlər. Onlar həm də dünyanın ən pis azarkeşləridirlər. Dünyanın ən pis azarkeşləri “Qarabağ”dan dünyanın ən yaxşısı olmağı tələb edirlər. Azərbaycan futbolunun reallığını, futbol təsərrüfatında törədilən cinayətləri nəzərə almadan. Onlar o kəslərdirlər ki, “Azərbaycan futbolunu bu duruma salanların adlarını çək” desən, şalvarlarını isladacaqlar. Amma Qurban Qurbanovu elə rahatlıqla ittiham edirlər...

“Qarabağ” qrupdan çıxsa, nə olacaq? O olacaq ki, onlar 1/8 finala adlamağı tələb edəcəklər. Sonra da... Ən pislərin çox böyük istəkləri olur. Reallıqdan uzaq istəkləri. Özü də tələb edirlər ki, hu istəkləri başqaları gerçəkləşdirsin.

Onlar ancaq məsləhət verə, yol göstərə bilərlər. Başqa heç nə... Hələ bir baxın, görün, ““Real” “Sevilya”nı necə udmağın yolunu “Qarabağ”a göstərdi” yazmayıblar ki? Yazacaqlar, mütləq yazacaqlar.

Bu “Qarabağ” bizə layiq komanda deyil. Bizə layiq olan AFFA-dır, onun prezidentidir, baş katibidir. Vəssalam, indi bildiniz, kimsiniz?

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"