Xaqani Məmmədovu tapaq, üzr istəyək

19 Sentyabr 2019 15:55 Köşə 6 983
Xaqani Məmmədovu tapaq, üzr istəyək

“Premyer Liqada hakim səhvi olmayan oyunu çıraqla axtarırıq”.

Dostum Vüsal Mahmudov “facebook”da edib bu etirafı. Sadəcə, etiraf. Amma kimisə asıb-kəsmirik, hədələmirik, təhqir etmirik. Yazıq Xaqani Məmmədov. Onun vaxtında ən adi hakim səhvini belə bağışlamırdıq. Bağırırdıq, nərə çəkirdik. Deyirdik ki, Azərbaycanın futbolunun bəlasıdır Xaqani Məmmədov. Deyirdik ki, Xaqani Məmmədov getsə, hakimliklə bağlı heç bir problem olmayacaq. Hələ “vurulan” hakimlər vardı ey... Bir dəstə. Bu saytdan o sayta, bu telekanaldan o telekanala keçirdilər. “Xaqani Məmmədovdur günahkar” deyirdilər.

Guya ədalət tələb edirdilər. Guya vicdan təcəssümü idilər. Səsləri də çıxmır. Nəinki səsləri çıxmır, heç gözləri də görmür. Gözləri görsəydi, hakim səhvlərini də görərdilər. Hakim səhvlərini görsəydilər, bəlkə, səsləri də çıxardı. O da ola bilər ki, onların səsini batıran, gözlərinin nurunu alan başqa səbəblər də var. Amma fakt odur ki, Azərbaycan çempionatında hakim səhvi olmayan oyunu çıraqla axtarırıq.

O vaxt da deyirdim, indi də deyirəm: Azərbaycan futbolunun problemi hakimlər, məşqçilər, futbolçular deyil. Azərbaycan futbolunun problemi idarəçilərdir. Azərbaycan futbolunun problemi Rövnəq Abdullayev, Elxan Məmmədovdur. Nə qədər ki, bu şəxslər futbol təsərrüfatına rəhbərlik edirlər, xeyli hakim, məşqçi, futbolçu qurban veriləcək.

Futbol təsərrüfatında baş verən hər bir səhv onların istəyinin, diqtəsinin nəticəsidir. Bu istək, bu diqtə, qurbanların sayını günü-gündən artırır. Futbol təsərrüfatında hamı günahkar olur, hamı cəzalanır. “Təmiz” qalan onlardır – Rövnəq Abdullayevlə, Elxan Məmmədov.

Haqlısan, Vüsal, Azərbaycan çempionatında hakim səhvi olmayan oyunu çıraqla axtarırıq. Bir çıraq da götürək, gedək Xaqani Məmmədovu axtarmağa. Tapaq, üzr istəyək ondan.

Natiq Muxtarlı

Xəbər Lenti