"Neftçi"də Quliyev-Sultanov tandeminin qorxaq məntiqə söykənmiş transferləri

18 Sentyabr 2019 16:00 Köşə 5 814
"Neftçi"də Quliyev-Sultanov tandeminin qorxaq məntiqə söykənmiş transferləri

Premyer Liqada ilk 4 həftə arxada qalıb. Qızıl medal uğrunda mübarizə bu dəfə xeyli zəifləyib.

Maksimum xal toplayan "Qarabağ" zirvənin şəriksiz lideridir. "Neftçi" isə qısa zaman kəsiyində 2 məğlubiyyət alıb, 1 heç-heə edib və əzəli rəqibindən 8 xal geri düşüb.

Son Azərbaycan derbisində Ağdam klubuna 0:2 hesabıyla uduzan "ağ-qaralar" dərin tənəzzül yaşayır.

"Neftçi" hazırda hamının tənqid hədəfidir və çəkinmədən söyləmək lazımdır ki, bu tənqidlərin əksəriyyəti haqlıdır.

"Bney Yehuda"ya məğlubiyyətlə Avropa Liqasını üçüncü mərhələdə tərk edən paytaxt təmsilçist şəxsi maraqlara söykənən idarəçiliyin və transfer siyasətinin əziyyətini çəkir. Gəlin, bir neçə fakta ümraciət edək:

1. Soni Mustivar, Baqali Dabo, Slavko Braliç, Dario Federiko (2 dəfə), Qoran Paratski, Petru Raku, Evangelos Platellas, Canluka Sansone, Kvame Karikari, Mamadu Mbodj, Mamadu Kane, Stiven Monroz, Vojislav Stankovic, Donald Gerye: 2018-ci ilin qışından bəri, komanda Kamran Quliyev -Ceyhun Sultanov tandeminin nəzarətinə keçdikdən sonra "Neftçi" 14 legioner (Dario iki dəfə) transfer edib.

2. Bu 14 futbolçudan 5-i əvvələr Azərbaycanda "Kəpəz", "Qəbələ" və "Qarabağ"da forma geyinib.

3. Maraqlıdır ki, cəmi 1.5 il keçməsinə baxmayaraq, əvvəllər Azərbaycanda çıxış etməyən, yəni, sırf "Neftçi"nin "seleksiya məhsulu" olan 9 legionerdən 5-i komandadan göndərilib. Raku istisna olmaqla, digər dörd futbolçuya (Braliç, Kvame, Sansone, Paratski) kifayət qədər böyük məbləğdə kompensasiya ödənilib.

4. Bu müddətdə edilən transferlərdən ən uğurlusu Mustivar sayila bilər ki, müqaviləsi bitəndən sonra bir daha sözləşməsini uzatmağa müvəffəq olub. Haitili yarımmüdafiəçi kontraktını yeniləməklə yanaşı, əməkhaqqını 3 dəfə artıra bilib. Digər 3 futbolçudan ikisi - Platellasla Mbodj əsas heyətdə yerlərini itirib və yəqin ki, "Neftçi" qışda onları göndərməyə çalışacaq. Bunlarin fonunda baxışda bəyənilərək komandaya təsadüf nəticəsində düşən Kane az-çox yaxşı mənada fərqlənir. Qanalının maaşı digərlərindən qat-qat aşağı olsa da, onlardan daha "diri" görünür və meydanda "ürəyini qoyur".

5. Komandanın özəyini öncələr də Azərbaycanda oynamış Dabo, Stankoviç, Monroz, Gerye və Daro təşkil edir. Belədə ortaya məntiqli sual çıxır: - bu transferlərdən ötrü klubda idman direktoruna nə ehtiyac var? Məgər vaxtilə millimiz üçün Dağıstan üzrə skaut kimi işləyən Kamran Quliyev belə rahat transferləri özü edə bilmir? Olmaya, qazanc əldə etmək üçün dolayı yollara baş vurmaqla iz azdırır?

6. Ceyhun Sultanov ilyarımdır Avropanı gəzir-dolaniı ki, super transferlər edəcək. Amma sonda etdiyi transferlər nəinki "Uypeşt"lə "Bney Yehuda"ya, heç İran, Dağıstan, Rusiya və Almaniyanın küçələrində qalmış futbolçulardan qurulmuş "Sumqayıt"a da gücünü göstərə bilmir. Sultanovun xarici səfərləri üçün ayrılmış büdcəni bilmək çox maraqlı olardı…

7. Hələ ilk müsahibələrində "bundan sonra "Neftçi"yə hər futbolçu götürülməyəcək, butun kriteriyalara cavab verənlər, layiq olanlar, bu formanın qədrini bilənlər oynayacaq" deyən Sultanov indi transferlərə baxıb utanırmı?

"Neftçi" formasına, şəxsən idman direktorunun özünə tərəf tüpürən Darionu, cinsiyyət orqanını bütün Azərbaycana göstərən, gecə-gündüz barlardan, klublarından çıxmayan, "gecə həyatı kralı" sayılan Dabonu heyətdə görəndə, başını aşağı salırmı?

Yoxsa Kamran Quliyev-Ceyhun Sultanov tandemi sözlərini unudub və hər nə yolla olur-olsun, ucuz Azərbaycan çempionluğu qazanaraq, divident əldə etmək istəyirlər?

Ozünüz bilin, amma sizin strategiyanız onsuz da sıraları günbəgün seyrələn "Neftçi" azarkeşlərini də stadiondan uzaqlaşdırıb!

Uzatmayacam! Sonda bir müqayisə edəcəm: İndi əlcək atmağa çalışdığınız "Qarabağ"ın zəfər yürüşü Azərbaycan çempionluğundan deyil, Avropa Liqasında tarixi qələbələrlə başladı.

Yeri gəlmişkən, o vaxt "Rusenborq"u devirən "Qarabağ"ın heyətində 10 deyil, 1 və ya 2 legioner vardi, büdcəsi isə indiki "Neftçi"nin büdcəsindən bəlkə də 3-4 dəfə az idi.

Bax belə... Siz "cibinizin qayğısına qaldığınız" müddətdə "Neftçi" həmişə "Qarabağ"ın kölgəsində qalacaq, əriyib suya dönəcək.

Xəzər Hikmət

Xəbər Lenti