"Neftçi"ni idarə edən baş

16 Sentyabr 2019 11:47 Köşə 2 537
"Neftçi"ni idarə edən baş

Artıq, hamı yanıldığını başa düşüb. Azərbaycan Premyer Liqasının startı ərəfəsində hər kəs düşünürdü ki, çempionluq uğrunda “Qarabağ”la “Neftçi” mübarizə aparacaq.

Cəmisi 4 turdan sonra məlum olub ki, hamı yanılıb. “Neftçi”yə güvənib iddia irəli sürürsənsə, yanılmağın da normalıdır. Cəmisi 4 turdan sonra bəlli olur ki, “Neftçi” autsayderlər qrupunda olacaq.

Artıq bu faktı hər kəs qəbul edir. Təkcə “Neftçi”nin baş məşqçisi Roberto Bordindən savayı. Hələ də deyir ki, hədəfimiz çempionluqdur. Adamın komandası heç çempionatın ortabab klubu səviyyəsində oynamır, iştahası isə...

Onu qınamıram, belə bərbad işə görə o qədər məvacib alsam, mənim də iştaham elə olar, yəqin ki. “Neftçi”nin prezidenti baş məşqçini istefaya göndərə bilməz.

Nöşün ki, “Neftçi”nin prezidentinin də başı öz əlində deyil. Başı öz əlində olsaydı, elə özü çıxıb gedərdi. Üzüsulu. Amma Kamran Quliyevin başı başqa bir başdır. İdarə olunan başdır.

Onun nə öz fikri, nə düşüncəsi, nə də iradəsi var. Elə ona görə də, Bordini istefaya göndərə bilmir. Çünki Bordini “Neftçi”yə o gətirməyib. Ona göstəriş verən baş gətirib.

O baş deməsə, Bordin yerindən tərpədilə bilməz. Heç Kamran Quliyev özü də tərpənə bilməz. Yalnız o başın diqtəsi ilə hərəkət edə bilər “Neftçi”nin prezidenti.

Məsələn, gecənin bir aləmində zəng gələr və deyər ki, sən, qayıt “Sumqayı”ta, Riad da getsin “Neftçi”yə.

“Neftçi”nin öz başı olan yalnız bir zümrəsi var. Nə illah edirlərsə, onları idarə edə bilmirlər. O da “Neftçi”nin azarkeşlərdir.

Amma “Neftçi” azarkeşlərinin Roberto Bordinin, Kamran Quliyevin istefasını tələb etmələrini də istəmirəm. Nöşün ki, doludur kamranlar, bordinlər. Öz başı ilə düşünə bilməyənlər, iradəsi olmayanlar nə qədər istəsən.

Olmasın bu Bordin, olsun o biri Bordin. Olmasın bu Kamran, olsun o biri Kamran. Gəlib o postda oturub o başın göstərişini yerinə yetirmək istəyənlərin sayı yox, hesabı yox.

“Neftçi”nin azarkeşləri o başın istefasını istəməlidirlər. Deməlidirlər ki, a baş, caynağını çək “Neftçi”dən. Bəs kimdir o baş? “Kimdir “Neftçi”ni idarə edən, belə idarəetmə ilə idarəsizliyə salan?

“Neftçi”ni Müşahidə Şurasını yazıçı sədri bilməz bunu. Baxmayaraq ki, detektiv janrda yazır. Ancaq onun belə detektiv əməliyyatlardan anlayışı olmaz. Onunku “Neftçi” qələbə qazanandan-qazanana gülümsəyərək açıqlama verməkdir.

Amma “Neftçi”nin azarkeşləri bilirlər kimdir o baş. Elə ona görə də azarkeşlərin boykot qərarını yanlış hesab edirəm. O başın qorxduğu bircə qüvvə varsa, o da azarkeşlərdir. İdarə edə bilmir, iradəsini sındıra bilmir onların.

Onların stadionda olmamağı o başın işinə yarayır. Başı sakit qalır, istefa şüarı eşitmir. “Neftçi” azarkeşləri stadiona qayıdın, o başa hər şeyi başa salın. “Neftçi”nin nicatı bundadır.

Natiq Muxtarlı

Xəbər Lenti