Nazim Süleymanov - "Aldanmış kəvakib"

13 Sentyabr 2019 21:45 Köşə 1 902
Nazim Süleymanov - "Aldanmış kəvakib"

20 yanvar faciəsindən 6 il sonra Azərbaycanda sanki ikinci faciə yaşanmışdı. Bütün ölkə əldən verilən o imkandan, “Alaniya”nın çempion ola bilməməsindən danışırdı. Nazim Süleymanov onda hər birimizin qürur mənbəyi idi. Bəstəboy, bığlı - əsl klassik Qafqaz kişisi obrazını özündə əks etdirən həmyerlimiz əla texnikası, qol duyumu, meydanı görmək bacarığı ilə Rusiya çempionatının ən yaxşı futbolçularından idi.

Vəli Qasımov milliyə min-bir bəhanə ilə gəlmək istəməyəndə Süleymanov can-başla istənilən şəraitdə yığmada oynayırdı. Biz o vaxt "Sulya"nı gözümüzdə idellaşdırmışdıq, sanki hər birimizin qəhrəmanı idi. Hətta karyerasını bitirəndən sonra da 10 “nömrə”ni Robin Qud kimi qəhrəman timsalında canlandırardıq. Bir gün gələcək, o, futbolumuzu bu durumdan çıxaracaqdı...Fərqi yoxdur, baş məşqçi, ya funksioner kimi. Amma sən saydığını say...

Süleymanov ilk dəfə ona doğma olan Soçidə - “Jemçujina”nın baş məşqçisi oldu. Sonralar Azərbaycanda “Xəzər Lənkəran”dan “Olimpik”ə, “Neftçi”dən milli komandamıza kimi müxtəlif yerlərdə işlədi. Amma heç yerdə özünü baş məşqçi kimi təsdiqləyə bilmədi. Süleymanovun “Sumqayıt”dan necə getməsi isə elə də uzaq keçmişin söhbəti deyil, hamınızın yadındadır.

Azərbaycan futbolunun əfsanəsi həmkarlar təşkilatı yaratmaq fikrinə düşəndə buna ən çox sevinənlərdən biri də mən oldum. Həqiqətən də futbolumuzun belə bir quruma ehtiyacı var. Süleymanov Masallı, Lənkəran, Gəncə... demək olar, əksər bölgələrimizdə oldu və futbol veteranları ilə görüşdü. Təbii ki, bütün bunlara müəyyən maddi vəsait, dəstək lazım idi. Aydın məsələdir ki, hazırda işsiz olan futbol veteranının bütün bunları reallaşdırmağa imkanı yoxdur. Deyə bilərsiniz ki, “nə çox dost, tanış”. Hə, elə Süleymanovu “aldanmış kəvakib” edən də həmin adam (lar) oldu. “AFFA söz verib, yer verəcəklər” deyən adama elə həmin federasiyadan elə cavab gəldi ki, hələ də "noqdaun"dan ayılmağa çalışır. Süleymanov ətrafına liderləri, öz çəkisi olan insanları yığa bilmədi. Futbolçu çəkisinə görə Nazim müəllimin bir ayağının tozundan belə qiymətli olmayan Rafiq Mirzəyev “bu cür addım veteranların adına ləkədir” dedi. Bu dəqiqə düşüb, Gənclikdən “Bakcell Arena”ya kimi sorğu keçirsən, 10 nəfər Mirzəyevi tanısa, onuna da istənilən yerdə qonaqlıq verməyə hazıram.

AFFA Həmkarlar İttifaqında təmsil olanların bir çoxu reputasiyasına görə birmənalı qəbul olunmur. Hakimlikdən nəyə görə uzaqlaşdırıldığı hamıya bəlli olan, oyun qutaran kimi çempion komandanın məşqçisini marçıltı ilə öpən Əfqan Həmzəyevin baş katib seçilməsi isə bir ayrı məzhəkədir. Məqsəd ciddidirsə, Elxan Məmmədov monopolyasına təsir göstərməkdirsə, axı bu kadrlarla nəinki AFFA-ya, heç MFL-ə yaxın getmək olmaz.

Bir sözlə, Süleymanovu növbəti dəfə aldatdılar, fərq etməz bu ona dağlar vəd edən mister X-dir, ya AFFA-nın baş katibi Elxan Məmmədov. Uşaqlığımızın ideallarının bu cür aldanması, gülünc mənzərəyə düşməsi hər dəfə bizə mənəvi travma yaşadır. İlk dəfə İsgəndər Cavadovun "mən AFFA prezidenti olacam" deyib, sonda Regional Federasiya ilə kifayətlənəndə belə şok yaşamışdım. Sonralar eşitdim ki, Hafiz Məmmədovun hədiyyələri bol olsun deyə, Cavadov hətta ildə iki dəfə doğum günü keçirirmiş.

Axı, biz sizi başqa cür – "Sulya" kimi sevirdik, “Aldanmış kəvakib” kimi yox.

CAVİD

Xəbər Lenti