Hamıya olar, "Sulya"ya yox?

13 Sentyabr 2019 16:02 Köşə 1 135
Hamıya olar, "Sulya"ya yox?

Nazim Süleymanov Azərbaycanın barmaq sayı qədər yaxşı futbolçularından biri olub. Rusiyaya - xüsusən Vladiqafqaza gedəndə onu az qala, təyyarənin trapında qarşılasınlar. Şimali Osetiyanın fəxri vətəndaşı adını almış Süleymanov 1991-1996-cı illərdə "Alaniya"da göstərdiyi çıxışla azarkeşlərin, yerli əhalinin böyük rəğbətini, sevgisini qazanıb.

Vladiqafqazda ona fəxri ad, ev veriblər. Bildiyim qədərilə, "Sulya" ikinci doğma şəhərinə hər il və ya 2 ildə bir gedib köhnə dostlarıyla görüşür, xatirələri bölüşürlər və həmişə də ən üst səviyyədə qarşılanır.

Bəs Azərbaycanda?..Nazim Süleymanov Azərbaycan futbolunda hələlik, yəni, azından Elxan Məmmədovun hegemonluğu dönəmində artıq AFFA-nın bir nömrəli "persona-non-qrata"sıdır, deyə bilərik.

3-4 ay əvvəl federasiyanın baş katibindən Həmkarlar İttifaqı yaratmaq "dobro"su alan veteran futbolçunun srağagünkü təsis konfransı niyə və nədənsə qara gəldi. Ertəsi gün AFFA-nın verdiyi bəyanatı izah eləməyə lüzum görmürəm, məsələ futbolumuzun azsaylı, ulduz saya biləcəyimiz simalarından Süleymanovun dəyərisizləşdirilməsindədir.

Rusiyada ayaq üstə qarşılanan "Sulya"ya bu gün, çox təəssüf, Azərbaycan futbolunda heç federasiyanın qapısında da yer yoxdur. Rəsmi və qeyri-rəsmi - AFFA-nın faktiki mövqeyi budur. O da gün kimi aydındır ki, Süleymanov lippertlər, obradoviçlər, ştuxliklər, yurçeviçlərlə "qaz vurub-qazan dolduran" rəhbərliyin "camına" tən gəlmir. Yaxşı və ya pis məşqçidir - bundan asılı olmayaraq, bu gün Azərbaycan futbolunda hörmət qoyulmalı, yer verilməli 2-3 şəxsdən birinin göydən yerə vurulması, görünür, birbaşa Elxan Məmmədovun göstərişidir. Dünənki bəyanatın baş katibin ürəyinə məlhəm kimi yayıldığını görmək üçün onun qəlbinin içinə girməyə gərək yoxdur.

Ümumən, biz millət olaraq hər zaman özümüzdən olmayanlara dəyər vermiş, hörmət eləmişik, başımızın üstünə qaldırmışıq. Hər zaman da elə yükün altında qalan biz özümüz olmuşuq. Ay balam, bu gün federasiyadan didərgin saldığınız Vidadi Rzayev, Yunis Hüseynov, Nazim Süleymanov, Samir Əliyev və digərlərinin hansı biri Milan Obradoviçdən zəifdir? Ömrü boyu uğuru demirəm, adicə milli komandada baş məşqçilik təcrübəsi olmayan Yurçeviçin onların birindən üstün olduğunu sübut edə biləcəyiniz fakt var, bəlkə?

1992-ci ildə AFFA yaranandan bu yana birinizin ağlına Həmkarlar İttifaqı yaratmaq gəlməmişdi, dünən ayıldız? İmkan verin, bunlar da bacarıqlarını göstərsinlər. Demirəm, 12 nəfərlik təşəbbüs qrupunun bütün üzvləri, yaxud gələcəkdə seçiləcək əlavə veteran təmsilçilər mütləq şəkildə futbolun içində və yaxud rəhbər səviyyədə olmalıdır. Hər halda, siz "şeytana çarıq tikənləri" yaxşı bilirsiz. Amma bir insafınız da olsun. Axı, sizin də kim olduğunuzu yaxşı bilirik.

P.S. Söz yox ki, Nazim Süleymanov, adlarını çəkdiyim və çəkmədiyim mütəxəssislərin məşqçi kimi Azərbaycan futbolunda uğuru olmayıb. Amma bu onların silinib atılmasına əsas vermir. Ən azından Azərbaycan futbolunda xidmətləri, sayılıb-seçilən azsaylı futbolçularımız olublar və havayı yerə külli miqdarda pul qazanan gəlmələrin heç birindən əskik deyillər.

P.P.S. O ki qaldı yeni yaradılan Həmkarlar İttifaqının tərkibinə, bəli, orada yer alan veteran futbolçu, hakim və digərlərini hamı yaxşı tanıyır, kim olduqlarını bilir. Kimin fırıldaqçı, "moşennik" olduğunu təkrar-təkrar xatırlatmaq mənasızdır. Bu yazıda əsas məqsəd də sırf azsaylı veteran futbolçularımızın heç bir uğuru olmayan gəlmələrdən geri qalmaması və onlara da azacıq imkan yaradılmasını vurğulamaqdır, vəkillik deyil. Zatən çox bekar veteranın, məşqçinin iş başına keçəndən sonra telefonlarımıza cavab vermədiyini də görmüşük. Amma bizim işimiz düzə düz olmaq, əyrini də düzəltməyə çalışmaqdan ibarətdir.

Elvin ƏHƏD

Xəbər Lenti