“Qarabağ”ın qrupa düşməsini niyə istəmirdim?

2 Sentyabr 2019 20:18 Köşə 2 009
“Qarabağ”ın qrupa düşməsini niyə istəmirdim?

“Qarabağ” ardıcıl 6-cı dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandı. Növbəti – 6-cı dəfə də dalbadal Azərbaycan futbolunu rəzil duruma salanların dilini açmış oldu. Danışdılar. Futbolumuzun sabit inkişaf yolu tutduğundan danışdılar.

AFFA-nın bir vitse-prezidenti var. Deyilənlərə görə, həm də millət vəkilidir. Ancaq onu millət vəkili kimi danışan kimsə görməyib. “Linfild”lə oyundan sonra dərhal peyda oldu. İnkişafdan danışdı. Danışarkən İcraiyyə Komitəsində təmsil etdiyi AZAL-ın “ölümü” yadına düşmədi. Sabit inkişafın göstəricisidir bu “ölüm”.

AFFA prezidenti də danışdı. Daha doğrusu, adından yazıb AFFA-nın saytına yerləşdirdilər. Sabit inkişaf göstəricisini onun da adından qeyd etdilər. Amma qeyd etmədilər ki, belə sabit inkişaf göstəricisi yığma komandalarda niyə hiss olunmur.

Qurban Qurbanovun özü və “Qarabağ”ı Azərbaycan futbolunun düşmənlərini qorumaqla məşğuldur.


İki il əvvəl Qurbanov yığma komandanın baş məşqçisi olmağa razılıq verməklə bu adamları uçurumdan düşməkdən xilas etmişdi. İndi də “Qarabağ” Avropa Liqasının qrupuna vəsiqə qazandıqca, o adamlar bu uğuru öz fəaliyyətlərinin nəticəsi kimi qəbul edirlər. Və beləcə, özlərini qoruyurlar. Amma əslində reallıq tam başqadır. Azərbaycan futbolu bataqlıqdır. Bu bataqlığın ortasında isə çiçəyə oxşar nəsə bitib. Kimsənin bataqlığı yaradanlarla işi yox. Hamı o çiçəyə oxşar bitkidən yapışıb. Deyirlər ki, niyə basmırsan bataqlığı? Sənin günahındır bu bataqlıq. İndi 6-cı dəfədir ki, hamı “Qarabağ”dan qrupdan çıxmağı tələb edir. Qurban Qurbanovun komandası qrupdan çıxsa, sonra 1/8 finala adlamağı istəyəcəklər ondan. Sonra da...

Özü də Azərbaycan futbolunun reallığını – bataqlıqda olduğunu nəzərə almadan. Futbolun bütün yükünü Qurbanovdan, “Qarabağ”dan çəkməyi tələb edirlər. O bataqlığı yaradanlar üçün də fürsətdir belə durum. Kütlə onları yada salmır. Kütlə uğur qazananı diqqətdə saxlayır. Bütün problemlərin həllini də onlardan tələb edir. Beləcə, Qurban Qurbanov özü və komandası Azərbaycan futbolunun əsas bəlalarını qorumuş olur. Bax, elə ona görə də “Qarabağ”ın Avropa Liqasının qrupuna düşməsini istəmirdim.

“Qarabağ”ın qrupa düşməsi Azərbaycan futbolunu inkişaf etdirməyəcək. İnkişafın olması üçün bu bataqlığı yaradanlar getməlidirlər. Ölkədə AFFA olmalıdır. Bu AFFA-ya da sağlam düşüncəli, futbolu inkişaf etdirəcək şəxslər rəhbərlik etməlidir. AFFA dəyişməlidir. Bütünlüklə. Prezidentindən tutmuş mətbuat katibinə qədər. “Qarabağ”ın Avropa Liqasının qrupuna düşməsi uğur deyil, AFFA rəsmilərini qorumaqdır. İnciməyin, mən belə uğuru - onları qoruyan uğuru istəmirəm.

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"