"Topaz" getdi, qapaz gəldi

2 Sentyabr 2019 13:05 Köşə 1 914
"Topaz" getdi, qapaz gəldi

Darıxmışdıq, belə vur-çatlasın üçün. Çoxdandır, bizim "gülü burnunda olan" çempionatda belə mənzərə izləmirdik.

"Turan"ın avtomat gücünə çempion olmasından 25 il, Zaur Ramazanovun hakim Aydın Ələkbərova kəllə atmasından, Nail Əliyevin Tovuzda paltosunun cırılmasından 15 il, Kamran Abdullazadənin kubokun finalında şil-küt olunmasından 6 il, "Kələş" ləqəbli Elvin Əliyevin "Neftçi"nin "lələşləri" tərəfindən ölümünə döyülməsindən də təxminən bir o qədər vaxt keçir.

Az qala öyrəşmişdik dinc, sivil futbol həyatına. "Sağ olsun", "Neftçi" ilə "Sumqayıt" ki, bizi yenidən ötən günlərə qaytardılar.

Dünənki qarşılaşma sözün əsl mənasında sillə-qapazla keçdi. İlk olaraq 33-cü dəqiqədə "Neftçi"nin qapıçısı Səlahət Ağayev səlahiyyət həddini aşaraq sumqayıtlı Şəhriyar Əliyevin başına bir qapaz endirdi. Düzdür, kiməsə o toxunuş, sadəcə qardaşın qardaşa ərkyana şapalağı, hətta sığal çəkmək kimi də görünə bilər. Amma futbol qaydaları Səlahətə belə "səlahət" vermədiyi üçün hakim haqlı olaraq penalti nöqtəsini göstərdi.

Sakitləşmiş ehtiraslar bir də matçın sonlarında coşdu. Hər şey Monrozun son saniyələrdə vurduğu qolla başladı. Anton Krivotsyuk əcaib-qəraib görkəm alaraq "Sumqayıt"ın ehtiyat oyunçular skamyasına acıq verdi və aləm qarışdı. Söyüşün biri bir qəpik, vuran kim, tutan kim, qaçan kim...

O basabasda "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov elə kapitan sarğısını taxdığı əliylə Krivotsyukun təpəsinə bir qapaz endirdi ki, "öl, öldüyün yerdə də...". Futbolçular yalan oldu, məşqçilər gerçək. "Neftçi"nin qapıçı məşqçisi Etibar Tarverdiyev 15-20 il əvvəl "Şəmkir"dəki günlərini yadına salaraq "Sumqayıt"ın bəstəboy, amma məğrur və "qabağından yeməyən" baş məşqçisi Ayxan Abbasova şapalaq vurdu. Yaxşı ki, sonradan səhvini başa düşüb Ayxandan üzr istədi...

Beləcə, "Neftçi" - "Sumqayıt" matçı 3 qol, 3 qırmızı vərəqə və... 3 qapazla əlamətdar oldu. Əvvəl çempionatımız sponsorun adıyla "Topaz" Premyer Liqası adlanırdı. İndi "Topaz" yoxdur, qapaz var. Öz aramızdır, heç pis də səslənmir haa - Qapaz Premyer Liqası!!!

İlkin FİKRƏTOĞLU

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!