Bu adamın danışmağa haqqı yoxdu!

1 Sentyabr 2019 11:52 Köşə 1 384
Bu adamın danışmağa haqqı yoxdu!

“İnter”in (hazırkı “Keşlə”) prezidenti olmuş Georgi Nikolov “Neftçi”nin prezidenti Kamran Quliyevi tənqid edib.
Bolqarıstanlı feysbuk sosial şəbəkəsində “Neftçi” ilə bağlı müzakirələ qoşulub. O, yazdığı şərhdə bunları qeyd edib:

“Neftçi” ilə həmişə rəqib olmuşuq. Lakin yalnız meydanda. Klub həmişə üzdədir. Bütün ölkə onlara azarkelik edir. Ona görə də uğursuzluq çoxlarını məyus edir. Kamran “Sumqayıt”da işinin öhdəsindən yaxşı gəlirdi. “Neftçi” isə onun dişinə görə deyil...”.

Bu sözləri söyləyən şəxsin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə girişinə qadağa qoyulub. Səbəb isə son il yarım ərzində Bakıda qanunsuz yaşamasıdır. Adı Azərbaycan Beynəlxalq Bankı ilə bağlı maliyyə maxinasiyalarında hallanan Nikolovun indi durub-durub "Neftçi" haqda fikir söyləməsi… iyrəncdir!

Ona elə gəlir ki, buralarda yaxşı ad və iz qoyub gedib, bu gün də danışmağa, kimisə, kimlərisə tənqid etməyə haqqı, əsası var. Hamını demirəm, amma mənə elə gəlir ki, Nikolovu bir çox həmkarımdan yaxşı tanıyıram.
Səhv etmirəmsə, 2006-ci ilin dekabrı idi. Mən onda "Futbol+Qol" qəzetində çalışırdım. "İnter"dən araşdırma yazı hazırlamışdıq, qəzetdə işıq üzü görəndən sonra klub rəsmiləri dəfələrlə redaksiya ilə əlaqə saxlayıb, Nikolovun bizimlə görüşmək istədiyini bildirdilər.

Dəvəti qəbul edib, Şahin Oğuzla birgə indiki "ASK Arena"ya yollandıq. Klub binasının girişində üst-başımızı yoxlamaq istədilər, bunun yeni prezidentin tapşırığı olduğunu dedilər, razılaşmadım. 5-10 dəqiqə sonra Nikolovla kabinetində görüşdük. Söhbətimiz 3 saat çəkdi. Vaxtın necə gəlib keçməsini bilmədim. Nikolovun Şahin Oğuza öncə saymazyana yanaşdığını, sonra çox sərt dillə danışdığını görüb, səbrim tükəndi. Başladım, nə başladım! "Səsinin tonunu aşağı sal, nə olsun ki, prezidentsən, adam kimi danış" deyib, əlimi stola çırpınca,Nikolov və hardansa tapıb gətirdiyi hüqüqşünas yerindən dik atıldı. Bir neçə dəqiqə susdu, sonra eynəyini gözündən çıxarıb dəsmalla sildi. Ortalığa dərin bir sükut çökmüşdü. Birdən Nikolov ayağa qalxıb, otaqda o tərəf-bu tərəfə getməyə başladı və daha bir neçə dəqiqə keçəndən sonra Şahin Oğuzun başının üstündə dayanıb dedi: "Mən bura öz xoşumla gəlməmişəm. Cahangir Hacıyevin dostları dönə-dönə xahiş etdi, mən də həm işimi, həm ailəmi düşünərək bu təklifə müsbət cavab verdim. Neçə il bu klubun prezidenti olacağımı bilmirəm. Bircə onu dəqiq bilirəm ki, heç bir azərbaycanlı futbol adamı gedib Bolqarıstanda klub prezidenti ola bilməz".

Nikolov gərgin keçən söhbətin gedişində daha iki-üç dəfə bu sözü təkraladı, bolqar klublarının "xaçlı" loqolarına diqqət çəkdi. Açıq dedi ki, Cahangir Hacıyev "İnier"ə maliyyə ayırdığı müddətdə onun kimi əcnəbilərə iş verəcək, yerli kadrları irəli çəkməyəcək, çünki onlara bel bağlamır.

Nikolovun o zaman qımışa-qımışa söylədikləri, danışarkən otağa göz gəzdirməsi heç vaxt yadımdan çıxmaz. Sanki bunlar dünən olub. Ancaq o, bu gün elə sifət alır, elə huri-mələk kimi ortalıqda süzür ki, sanki "İnter"də maxinasiyalara yol verən, saxta kredit sənədlərini imzalayan bir başqası olub. Vaxtilə 8 "mirzə"yə aybaay "paket" verdirən Nikolov, görünür, hələ də o günlərin ləzzətini unuda bilmir, hamam suyuna dost tutduğu həmin insanların vasitəsilə kirli keçmişinin yaddaşlardan silmək istəyir. Azərbaycandan çıxışına "stop" qoyulduğu 1 il ərzində etdiyi etiraflar hələ müvafiq instansiyaların arxivinin qovluqlarında saxlanılır. Belə birisinin nəinki Kamran Quliyev, ümumiyyətlə, Azərbaycan futbolu barədə fikir bildirməyə mənəvi haqqı çatmır. Yox, "Neftçi" sənin dişinə görədir, Nikolov! "Diş"ini "İnter"ə necə batırdısa, klub 30 milyon manatlıq borcla bir yerdə yox oldu. Öz gözündə tiri görməyənin başqasının gözündə çöp axtarması əbləhlikdir.

İLKin VAQİFOĞLU

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı