Qalibi mühakimə etməzlər?

30 Avqust 2019 14:29 Köşə 1 409
Qalibi mühakimə etməzlər?

Gözlənilən oldu, həm də yox. İndi əsl futbol azarkeşi bilmir "Qarabağ"ın qrupa düşməsinə sevinsin, yoxsa qrupda necə oynayacağının dərdini çəkib gözündən yaş axıtsın. Həm sevincdir, həm də kədər. Elə Qarabağın özü kimi. Özü kədərdir, adı sevincdir. Qarabağ 30 ilə yaxındı bizi ağladır, "Qarabağ" isə həm güldürür, həm də...

Köhnələrdən bir deyim var, qalibi mühakimə etməzlər. Çox absurd bir ifadədir. Gözünün önünü görməyənlər üçün bayraqdır bu. Necə yəni, qalibi mühakimə eləmək olmaz?

O "qalibi mühakimə etməzlər" deyəni tapıb otuzdurasan monitorun qarşısında, "Qarabağ"ın APOEL-lə cavab, "Linfild"lə hər iki oyununu 90 dəqiqə izlədəsən. Görüm, onda da sözünü təkrar edəcək, ya yox.

Təbii, ardıcıl 6-cı dəfə avrokuboklarda qruplara (1 dəfə ÇL) düşmək futbol ölkəsi olmayan Azərbaycan üçün böyük deməzdim, fantastik nəticədir. Buna görə təşəkkürlər! Digər tərəfdən, olmayan futbolumuza ayrılan milyardları göz önünə gətirəndə adam düşünür ki, bu uğur normaldır(!). Amma başqa bir tərəfdən baxanda isə öz-özünə sual verməli olursan ki, məgər özəl, qeyri və şəxsi şirkətlərdən, dolayısı ilə dövlətdən ayırılan bu milyardların qarşılığını məgər təkcə "Qarabağ" verməlidir?

Çox paradoksal mənzərədir. Həm ağlamalı, həm də gülməli. İndi adam bilmir, qrupa düşdüyümüzə görə sevinsin, ya yox. Tərəddüdüm səbəbsiz və əsassız da deyil. Ağdam klubunun əldə etdiyi bu nailiyyətlərdən ən çox qazanan "Qarabağ" olmur, özünə qızıldan kürk hazılatdıran bilirsiz kimlərdir?

AFFA-nın əlahəzrət başbilənləri dünən gecə saatlarında hardasa sevinclərindən göyə atılıb-düşüblər ki, "ura, ura, "yuxarılar"a hesabat verəndə bu boyda "kozr"ımız olacaq". Yəqin ki, Rövnəq Abdullayev, yaxud baş katib Elxan Məmmədov yüksək dairələrə futbolda gördükləri işlərlə bağlı məruzə etməli olsa, təxminən belə danışacaq: "Premyer Liqada 8 klub, ümumilikdə isə Azərbaycan zəif futbol ölkəsi olsa da, biz dövlətimizi dünyada layiqincə təmsil edirik, hər il avrokuboklarda qruplara vəsiqə qazanırıq" və.s.və ilaxır.

Yoxsa, AÇ-2020-nin seçmə mərhələsinə əvvəlkindən bərbad başlayıb, Xorvatiya heç, doğma azarkeşlər önündə Slovakiya, Macarıstan kimi futbolu "top" səviyyədə olmayan ölkələrə rüsvayçı məğlubiyyətlərə necə izah verəcəklər? Ona görə yatıb-durub "Qarabağ"a dua eləsinlər və etdiklərinə şübhəm də yoxdur. Bu vəziyyətdə "Qarabağ"ın Avroliqanın qrupuna düşməsi onlara "çullarını sudan çıxarmaq" üçün ideal yoldur.

O ki qaldı qalibin mühakimə olunmaması məsələsinə, fikrimdə qalıram: boş və mənasız söhbətdir. "Azərsun Holdinq" hər halda pulu yerdən yığmır, Qurban Qurbanova yalnız qrupa düşməklə kifayətlənmək tapşırığı da verməyiblər. Çoxdan kim imtina edər ki? Lakin pərdəni çəkib diqqətlə baxsalar, bu komandanın bu heyətlə qrupdan çıxması...Həyatda mümkünsüz şey yoxdur, deyəcəksiz, amma reallıq deyilən nəmənə var.

"Qarabağ" Avroliqada qrupdan çıxmaq istəyirsə, ilk öncə Qurban Qurbanov rəqiblərə nəzərən bir qədər fərqli taktikaya, fərqli gedişlərə əl atmalıdır. Həmişə eyni baxış bucağından boylanmaq olmaz. İkincisi, Abdulla Zubir satılmayacaqsa, onunla konkret-ciddi söhbət edilməlidir ki, "ulduz xəstəliyi"ndən tez qurtulsun. Üçüncüsü, Miçeli sanatoriyaya-filan göndərsinlər ki, aqressiyanı yığışdırsın, bu yaşda "canlı bomba"ya çevrilən adamdan komandaya xeyir gəlməz. Dördüncüsü, beşincisi, altıncısı...Səbəb çoxdur, problem ondan da çox.

Komandanın qrupdan çıxmağını hamımız arzulayırıq, təbii. Amma APOEL-i demirəm, "Linfild"lə 2 oyun çox şeyi göstərdi. Görmək və nəticə çıxarmaq istəyənlər üçün. Yəqin, Qurban Qurbanov da bir şeylər fikirləşəcək.

Elvin ƏHƏD

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"