Çağdaş futbolumuzun "Leyli-Məcnun"u

30 Avqust 2019 12:49 Köşə 997
Çağdaş futbolumuzun "Leyli-Məcnun"u

Bu günü gözləyirdik. Qorxulu yuxu kimi gəldi keçdi hər şey.

Amma oldu, oldu...

"Qarabağ"ı ardıcıl 6-cı dəfə Avropa Liqasının qrupunda görmək də varmış nəsibimizdə…

Bu, möhtəşəm və inanılması zor uğurdur, əlbəttə! Azərbaycan futbolunun hal-hazırkı vəziyyətində, top oyununun oynanılmayıb, yerlə süründüyü bir dönəmdə "Qarabağ"ın qazandığı zəfərin qiyməti, misli yoxdur.

Bu bir cavabdır - Qurban Qurbanovdan, ona güvənən rəhbər insanlardan və onların ətrafında bir yerə cəm olan komandandan əleyhdarlarına.

Millidən uzaqlaşdırılandan sonra "tərki-dünya" olan, haqqının yeyilməsinə səbrlə yanaşan Qurbanov umduğunu dünən axşam yenə öz çevrəsindən, "Qarabağ"ın işığına yığışanlardan aldı.

Bu "Qarabağ" tarixin ən güclü "Qarabağ"ıdır, ya yox… İndi bu müzakirələrə girməyin, mübahisə etməyin yeri yoxdur. İki aylıq yolçuluğun axırı şad-xürrəmlikdisə, bu günün sevincini yaşamaq lazımdır.

Heç nə təsadüfən, elə-belə olmur. Hər işdə bir xeyir, hər işdə bir kəramət var. Baxarsız, Qurban Qurbanovun kölgəsinə sığınanlar, onun uğuru altında özünü gizlədənlər, şərik çıxanlar, özlərinin də bunda paylarının olduğunu iddia edən çox sayda "simpatizan" çıxacaq üzə. Yağışdan sonrakı göbələklərin sayı qədər!

Onları, elələrini az görməmişik. Nə vaxt belə olmayıb ki..? Həmişə.

Yenə də bircə "Qarabağ"… Dörd klubla avro-yola çıxan Azərbaycana avrokubokların həzin payız seyrini daddırmaq missiyası bu dəfə də Qurban Qurbanov və komandasının üzərinə düşdü.

Sanki bu, onun boynuna biçilib, bir qeyrisi yoxmuş… Ki, çıxıb futbolumuzun qeyrətini, təəssübünü çəksin. Hə, qismətində futbolun-həyatın hər üzünü görmək də var imiş… Bacardı, bacardılar!

Sevmək gözəl hissdi. Yaşayan bilər. İşini sevə-sevə görmək çox mübhəm bir duyğudur. Yaşadan bilər. Yaşayan "Qarabağ"dır, yaşadan Qurban Qurbanovdur.

Onlar Leyli-Məcnundur. Aralarına girən iylənib çıxar. "Linfild"in mərhələ adlamasını arzu edənləri "sapı özümüzdən olan baltalar" adlandırmazdım. "Neftçi"nin, "Qəbələ"nin, "Səbail"in mübarizəni erkən bitirməsinə "hayıl-mayıl" olanlar kimi, "Qarabağ"ın da qrupa qalmamasını gözləyənlərin, istəyənlərin sırası xeyli uzun idi.

Gözlərində qaldı.

Qurban Qurbanovla göz-göz gəlib də, gözünün içinə dik baxa bilməyənlərin yaşadıqları cəhənnəm əzabıdır.

Onları başa düşmürəm, çün mənim damarlarımda təmiz azərbaycanlı qanı axır.

İLKin VAQİFoğlu

Xəbər Lenti