“Limitbaz”ları kim "gübrələyir"?

27 Avqust 2019 11:50 Köşə 1 025
“Limitbaz”ları kim "gübrələyir"?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov limitlə bağlı narazılığını bildirdikdən sonra PFL prezidenti Ramin Musayev də “limit ləğv olunmalıdır” dedi.

Qurban Qurbanov buna qədər limitlə bağlı fikirlərini diplomatik tərzdə bildirir, nə şişin, nə də kababın yanmasını istəmirdi. Amma son açıqlamasında diplomatik sərhədləri bir qədər keçib. Ramin Musayev isə həmişə limitin əleyhinə olub.

Deməli, limitin ləğv edilməsi üçün hansısa proses gedir. Azərbaycan futbolunda limitin əsas tərəfdarı sözsüz ki, AFFA-nın baş katibi Elxan Məmmədovdur. Limit, futboldan başı çıxmayan baş katib üçün biznesi inkişaf etdirən əsas amildir.

Elxan Məmmədovun futboldan anlayışı olmasa da, biznesdə pərgardır. Baş katib limitdən istifadə edərək xeyli yerli futbolçu “saxlayır”. Menecer-baş katib Almaniyada, Türkiyədə tapıb milliləşdirdiyi “yerlilər”i zaman-zaman klublara yerləşdirib.

Üstəlik, baş katibin komandasında olan digər menecer-alverçilər də azərbaycanlı futbolçuları “karusel üsulu” vasitəsilə bu klubdan o kluba köçürüblər. Təbii ki, limitin üstünlüklərindən yararlanaraq.

İndi Qurban Qurbanovla Ramin Musayevin limitdən narazılıq etməsindən sonra kimlərinsə kürkünə birə düşüb. Qaşınırlar. Özünün mütəxəssis hesab edən bir para məşqçilər yenə də köhnə hava çalırlar: limit ləğv olunsa, milli komandaların durumu necə olacaq?

Bunlara mənim də sualım var: uzun illərdir ki, Azərbaycan çempionatında limit tətbiq edirsiniz, milli komandanızın durumu nə yerdədir? Kərəni kürə edib bu müddətdə? Bircə yerli futbolçu göstərin ki, limitin verdiyi hökmlə daim meydanda olub və inkişaf edib.

Göstərə bilməzsiniz. Limit 8+3 olan zaman Araz Abadullayev adlı bir futbolçu vardı, ehtiyatda qalırdı. Amma öz üzərində daim çalışırdı, meydana çıxdığı vaxt hamımızı təəccübləndirirdi. Biz də Berti Foqtsdan tələb edirdik ki, onu yığmaya çağırsın. Sonra limit 6+5 oldu. Limitin hökmü ilə Araz Abdullayev daim meydana çıxdı. Nə oldu? Araz xeylax pul aldı, sonra maşın aldı, sonra da o maşınla süpürgəçinin canını aldı.

Amma Araz Abdullayev futbolçu ola bilmədi. Onu limit "öldürdü".

Limit onun rəqabət hissini "axtaladı". Adama bəyan oldu ki, inkişaf etməsə belə, meydana çıxacaq. Rəqabət olmayan yerdə inkişaf yoxdur, ay “mütəxəssislər”. İstəyirsiniz, Mahir Əmrəlini limitin hökmü ilə 40 il sərasər meydanda saxlayın, bundan artıq inkişaf edə bilməyəcək.

Milli komandanın inkişaf etməsi üçün mütləqdir ki, yerli futbolçular xaricdə çıxış etsinlər. Ancaq indiki halda, ağlı başında olan heç bir yerli futbolçu xaricə getmək istəməz. Çünki Azərbaycanda daha yüksək pul təklif edirlər.

Üstəlik, rəqabət olmadığı üçün yerli futbolçuların, oyun keyfiyyətindən asılı olmayaraq, daim meydanda olması da sığortalanıb. Bu sığortalanma isə məhz limitin hökmüdür.

Yadda saxlayın, 11 il əvvəl Zaqreb “Dinamo”su ilə Azərbaycana gələn Luka Modriç Xorvatiyada qalsaydı, heç vaxt “Qızıl top” alacaq səviyyəyə yüksəlməyəcəkdi. İstəyirsiniz, Azərbaycanlı futbolçuları illərlə meydanda saxlayın, inkişaf etməyəcəklər. İnkişaf rəqabət olan yerdədir.

Hə, Qurban Qurbanovla Ramin Musayevin limitlə bağlı narazılığından sonra kimlərinsə narahat olması bəzi mətləblərdən xəbər verir. Yəqin ki, baş katibin diktəsi ilə danışırlar. Çünki öz fikirləri, baxışları yoxdur. Öz fikirləri, baxışları olsaydı, görərdilər ki, limit, qonşu Türkiyə, Rusiya futboluna necə ziyan vurdu. O ölkələrdə də xeylax şarlatan var. O şarlatanlar da limit tərəfdarlarıdır. Ancaq o ölkələrdə sağlam düşüncəli insanlar, mütəxəssislər də çoxdur.

Bizdə isə sağlam düşüncəli mütəxəssislərin sayını müəyyənləşdirmək üçün bir əlimizin barmaqları kifayət edər.

Və bizim əsas problemimiz də məhz budur. Öz fikri, baxışı olmayanların “mütəxəssis” olması. Və bu “mütəxəssislər”in baş katibin çaldığı havaya oynaması. Hazırda AFFA-da “limit həyəcanı” yaşanır. Elə ona görə də "alaq-ulağa" "gübrə verirlər", dirçəldirlər, danışdırılar.

AFFA dəyişməlidir. Prezidenti də, baş katibi də. Amma yenilər belə mütəxəssislər”in kökünü kəsməlidirlər futbol sahəsindən. “Aqrotexniki təmizləmə” olmasa, "alaq-ulaq" tutacaq hər yeri. AFFA-ya gələcək yeni rəhbərlik, indidən “aqronom” sifariş edin.

Natiq Muxtarlı

Xəbər Lenti