Qurban hoca, "ayılmaq" vaxtı deyilmi?

23 Avqust 2019 13:25 Köşə 1 956
Qurban hoca, "ayılmaq" vaxtı deyilmi?

Bu "Qarabağ" uzaq getməyəcək. Nahaq yerə ona belə böyük ümidlər bəsləyirik. Hətta "Linfild" üzərində Bakıda qələbə qazanıb, Avropa Liqasının qrup mərhələsinə düşmək də bu komandanı mənim gözümdə əvvəlki yerinə qaytarmayacaq.

"Qarabağ" dərin böhran yaşayır. Qurban Qurbanov yersiz inadkarlığından əl çəkmədiyi müddətdə çöküşün qarşısı alınmayacaq, daha da dərinləşəcək. Nə edək, bunu baş məşqçinin özü istəyir. Qurbanovu və futbolçularının bir çoxunu şəxsən tanımasaydım, oyunu "qumar"a qoyduqlarını çəkinmədən yazardım. Yəni, "Qarabağ" bu qədər geriləyib.

Komanda "hoca" adlandırdığı Qurban bəyin tərsliyinə təslim olub. Əməllicə hiss etdirirlər ki, onlar Mahir Emrəli ilə çiyin-çiyinə oynamaq istəmirlər. Lakin məcburdular meydanı onunla bölüşməyə. Ondan ötrü ki, Qurbanov belə istəyir. Bəndənizə qalsa, Mahirə 11 qoyun tapşırmaz. Səhər naxıra yola salsam, axşamadək 10 qoyunu dağda-daşda itirib qayıdar üstümə. Əmbə baş məşqçi "Qarabağ"ın çəkisi dağdan ağır 11 nömrəli formasını zorla Mahirə geyindirir, deyir, iki dünya bir olsa da, onu əynindən çıxartmaram.

Paho, nə matah hücumçu imiş!!! Həə, çıxacaq və qol vuracaqmış! Ay vurdu, ha! Qol vurmaq çox təəssüf ki, onun işi deyil. Mahir belə bacarığının, qol hissiyatının olmadığını illərdi məmləkətə sübut edir. Hamı bir yana, o bir yana – Qurbanov bu cür fikirləşir və hələ nə qədər bu cür fikirləşəcəyi bir özünə məlumdur, bir də fələyə.

Mən Abdulla Zubir, Miçel və Abbas Hüseynovu ilk fürsətdə "Qarabağ"dan göndərərdim. Zubir Fransaya dönməyin həsrətini çəkir. Çempionlar Liqasından sonra Avroliqa mərakeşli yarımmüdafiəçiyə tamamilə maraqsızdır. Liqa-2 üçün darıxdığını bir Şimali İrlandiya əhli qalmışdı, dünən onlar da bildi. Zubir qaçmır, yeriyir. Zubir pas vermir, yalnız özü üçün oynayır. Zubir texnikasından komandanın xeyri üçün istifadə etməməyə sanki and içib: iki nəfəri, üç nəfəri rahat keçir, qapıya zərbə endirir və… toru silkələmir. Onda son vuruşlar çox zəifdi, başını qaldırıb qapıya və qapıçıya baxmır.

Miçel ağırdı, bu azmış kimi, əsəbidir. Hirsi təpəsindədir. Oyunu bir az alınmayan kimi özündən çıxır, ötürmələrində səhvlər "şahə qalxır". Abbasda isə mövqe seçməklə bağlı ciddi problem var. Topu ram etməyin yolunu hələ də öyrənməyib. Odey,"Linfild"in vurduğu üçüncü qol… Heç nədən fürsət yaxaladılar və dəyərəndirdilər. Qurbanovu qəflət yuxusundan oyatsa, Abbasın o "gözəl hədiyyəsi" oyadacaq. Gümanım başqa yerə getmir. Əlində olanlardan daha yaxşılarını tapmaq ümidi ilə günü günə satır. "Hər gözəlin bir eybi olur" deyiminə əsaslansaq, seleksiya fəaliyyəti ilə bağlı təzadlı yanaşmasını Qurbanova keçmək olardı, lakin… "Linfild" Bakıya 3:2 hesablı qələbəylə gəlir artıq. Təhlükə qapıdadır.

MUSA

Xəbər Lenti